Bu yaxınlarda “bir maşın, iki ruh” şüarı altında elan edilən AGTZ Twin Tail adlı avtomobil müxtəlif fərziyyələrin yaranmasına səbəb olub. İki kil? İki antiqanad? Lakin reallıq daha həyəcanverici olub, çünki yeni kupenin çıxarıla bilən əlavə arxa hissəsi var! Yəni sözün əsl mənasında kupe iki fərqli quyruğa malikdir.
İtaliyanın Zagato atelyesi bu layihə üzərində bahalı və ekzotik avtomobillərin satışı ilə məşğul olan La Squadra şirkəti (Polşa) ilə əməkdaşlıq edib. Layihənin ilham mənbəyi isə, 1968-ci il Alpine A220 yarış avtomobili olub.
O, ilkin olaraq “Le Manın 24 saatı” marafonu üçün inşa edilmişdi, lakin avtomobil bu yarışda uğur qazana bilmədi. Pilot heyəti heç bir əhəmiyyətli nailiyyəti əldə edə bilmədi, bundan sonra Alpine avtomobili radikal şəkildə dəyişdirməyə qərar verdi.
Mütəxəssislər A220 kupesinin 1731 nömrəli şassisinin arxa hissəsini 30 santimetr kəsərək, onu dəbdəbəli aerodinamik quyruğundan məhrum etdilər. Bu, Le Manda uğur qazanmayan avtomobilin təpəyə dırmanma yarışında iştirakı üçün edilmişdi. Belə yarışlarda, izafi uzunluq sıx döngələr və dəyişən yüksəkliklərdə yalnız maneçilik törədir.
Ən təəccüblüsü odur ki, asfalt üçün yaradılmış avtomobil dırmanma yarışlarında dözümlülük yarışından daha yaxşı çıxış etdi və hətta bir neçə podium qazandı! Ancaq bu nailiyyətlər onun idman karyerasını uztmağa kömək etmədi və Alpine A220 layihəsinə son verildi.
İlham mənbəyini nəzərə alsaq, yeni AGTZ Twin Tail modelinin əsasını müasir fransız Alpine A110 sportkarının təşkil etməsində təəccüblü heç nə yoxdur. Əlbəttə ki, əsas xarici dəyişiklik yüngül və sərt karbondan hazırlanmış çıxarılan əlavə arxa hissədir.
Lakin Zaqato atelyesinin əsəri adi arxa hissə ilə hazırlansaydı belə, istənilən halda donoru tanımaq çox çətin olacaqdı: çünki bütün xarici kuzov panelləri tamamilə yenidir, hətta dam xətti və şüşələr də dəyişdirilib. Nəticədə, kupenin ümumi görünüşü altmışıncı illərin yarış avtomobilini kifayət qədər uğurla təqlid edir.
Texniki təkmilləşdirmələr haqqında heç nə deyilmir. Arxa ötürməli Alpine A110 kupesi 1,8-litrlik turbomühərrik və Getrag şirkətinin yeddi pilləli “robotu” ilə təchiz edilir.
Güc qurğusunun hasilatı versiyadan asılı olaraq, 252 at qüvvəsi (320 Nm) ilə 300 at qüvvəsi (340 Nm) arasında dəyişir, lakin Zagato hətta hansı versiyanın layihənin əsası kimi götürüldüyünü belə dəqiqləşdirməyib.
Eyni zamanda, atelyenin rəhbəri Andrea Zaqato açıq şəkildə AGTZ Twin Tail modelinin yarış trekində istifadə üçün yaradılmığını bildirib.
Onun sözlərinə görə, şirkət həmişə GT avtomobilləri üçün kuzovlar istehsal edib və əlbəttə ki, onlar yarışlarda iştirak edə bilərlər, lakin belə avtomobillər adi yollarda və ya çəmənliklərində keçirilən Zəriflik müsabiqələrində daha yaxşı görünürlər. Bəlkə də klassik yarış avtomobilinin karması yeni kupenin yaradıcılarının ambisiyalarının qarşısını alıb.
İstənilən halda AGTZ Twin Tail idman avtomobili cəmi 19 nüsxədə buraxılanacaq. Hər bir avtomobilin qiyməti 650 min avrodan başlayır. Bununla belə, belə avtomobili sifariş etməyə gecikənlər üçün tamölçülü avtomobilin əsas xüsusiyyətini - çıxarılan quyruğunu saxlayan miqyaslı model təklif olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.