Milanda yerləşən Zaqato atelyesi Villa d'Este Concours d’Elegance müsabiqəsinə iki yeni avtomobillə gəlib. Bovensiepen Zagato kupesi kiçik seriya ilə buraxılacaqsa, Alfa Romeo 8C DoppiaCoda Zagato superkarı adı açıqlanmayan italyan kolleksiyaçısı üçün xüsusi sifarişlə yaradılmış və yeganə nüsxədə inşa edilmiş avtomobildir. Bu avtomobil Alfa Romeo və Zagato arasında uzunmüddətli əməkdaşlığı vurğulayaraq, zamanlar arasındakı əlaqəni göstərmək üçün nəzərdə tutulub.

1931-1939-cu illərdə Alfa Romeo 8C ailəsinin 229 yüksək sürətli avtomobili istehsal edilib ki, onlardan 195 nüsxəsi Zagato kuzov evi tərəfindən hazırlanmış kuzovlara sahib idi. Bununla belə, müasir Alfa Romeo 8C Competizione modelinin dizaynı brendin öz dizayn studiyasında hazırlanıb, Zagato studiyası isə, bu müddət ərzində öz kuzovu ilə bir ədəd olsun belə sifarişli avtomobil hazırlamayıb. Bu nöqsan alnız indi, 8C Competizione istehsalının bitməsindən on altı il sonra aradan qaldırılıb. Bunun üçün istehsal edilən 500 zavod kupesindən birini qurban vermək lazım gəlib.

Alfa Romeo 8C DoppiaCoda Zagato modeli Zagato atelyesinin baş dizayneri Norihiko Haradanın müəllifi olduğu yeni orijinal kuzova malikdir və bu atelyenin iki xüsusi cəhətini özündə birləşdirir. Birincisi, Coda Tronca “kəsilmiş quyruğu” (həmçinin Kamm-Tail), ikincisi isə, arxa tərəfə inteqrasiya olunmuş yuvarlaq profilli antiqanaddır. Buna görə də avtomobilin adında “qoşa quyruq” (DoppiaCoda) sözü əksini tapıb. Damda iki firma çıxıntısı var. Bütün kuzov panelləri yenidən yaradılıb və yalnız ön optika orijinal zavod avtomobilindən xəbər verir.
Yaradıcılar texniki təkmilləşdirmələr haqqında heç nə deməyiblər. Görünən odur ki, texniki hissəyə müdaxilə edilməyib. Alfa Romeo 8C Competizione kupesi atmosfer tipli 4,7-litrlik V8 mühərrikinə (450 at qüvvəsi), bir muftalı altı pilləli “robota” və məhdud sürtünməli differensialı olan arxa ötürməyə malikdir. Concours d’Elegance müsabiqəsindəki premyeradan sonra unikal avtomobil sifarişçiyə təhvil veriləcək. Layihənin qiyməti açıqlanmır, əlbəttə ki, onun tirajlanmasından söhbət gedə bilməz.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.