Bu gün Zandvort avtodromunda keçirilən son yarışda damalı bayrağı ilk görən pilot Marko Vittmann (BMW) olub. Alman pilot startda poulun sahibi olan komanda yoldaşı Auqusto Farfusu keçərək yarışa başçılıq edib.
Artıq məlum olduğu kimi, bu gün keçirilən təsnifat mərhələsində Timo Qlok (BMW) ilə Edoardo Mortara arasında baş verənlər stüardların diqqətindən yayınmayıb. Sürətli dövrə zamanı Mortaranın ona mane olmasından əsəbləşən Qlok yavaşlayaraq əvvəlcə Mortaranın önün kəsib, sonra isə italyan pilotu radioda söyüb. Stüardlar Qloku qeyri-etik hərəkətinə və Mortaranın önünü kəsdiyinə görə diskvalifikasiya ediblər.
Mortara da bu hadisədən nəsibini alıb - o beş yer cəzası və yarışda vaxtına 5 saniyə əlavə edilməklə cəzalandırılıb.

Mayk Rokenfeller (Audi RS5 DTM)
Zandvortdakı ikinci yarış elə isitmə dövrəsində insidentlə başlayıb.
Tom Blomkvist (BMW) avtomobilini reklam panelinə çırmaraq zədələyib. Startda isə, üçüncü yerdən yarışı başlayan Maksim Martenin avtomobili yerindən tərpənməyib. Nətucədə Ceymi Qrin (Audi) üçüncülüyə yükəsib. Lakin, Qrinin sevinci uzun çəkməyib - Maro Engellə (Mercedes-Benz) mübarizə aparan britaniyalı səhvə yol verib və yerində fırlanıb. Auer (Mercedes), Farfus və Spengler (hər ikisi BMW) ilk dövrədə pitə yollanıblar.
Bir dövrə sonra Qrin və Qlok, iki dövrə sonra isə Paffett (Mercedes) və Marten pit-stop etməyə üstünmlük veriblər.

Loik Dyüval (Audi RS5 DTM)
Lakin, erkən pit-stop heç də bu pilotların işinə yaramayıb. Ciddi hadisələrsiz ötüşən yarışda təhlükəsizlik avtomobilinin çıxmasına ehtiyac olmayıb. Yarışın taleyi 12-ci dövrədə Vittmanın və 13-dövrədə Rokenfellerin pit-stopa yollanmasından sonra həll edilib. Qalan vaxtda Mayk həmyerlisinə təzyiqlər göstərsə də, onu keçməyə müvəffəq ola bilməyib. Eyni zamanda, yaxşı seçilmiş pit-stop strategiyası sayəsində Loik Dyüval (Audi) podiumun sonuncu pilləsinə qalxıb.
Mattias Ekstrem (Audi) yarışı dördüncü olaraq bitirib. İsveç pilot yarışın sonuna yaxın problem yaşasa da, onun komanda yoldaşı Niko Müller Qəri Paffettə keçiş imkanı verməyərək Mattiası britaniyalı pilotdan müdafiə edib.
Finişdə, yeddincidən başlayaraq doqquzuncuya kimi yerləri BMW pilotları Martin, Qlok, Farfus və Spenqler tutublar. Onluğu tamamlayan pilot Ceymi Qrin olub.
Beləliklə, Zandvortda keçirilən ikinci yarışdan sonra Ekstrem yenidən pilotlar çempionatında liderliyə yüksəlib. İkinci pilləyə bu günün qalibi Marco Vittmann yüksəlib. Üçüncü yerdə isə Rene Rast qərarlaşıb. Markalar çempionatında vəziyyət dəyişməz qalır: Audi birinci, BMW - ikinci, Mercedes-Benz isə autsayderdir.
Komandalar çempionatına əvvəlki kimi Audi Sport Team Rosberg liderlik edir. Audi Sport Team Abt Sportsline komandası ikinciliyə yüksələrək BW Team RBM komandasını üçüncülüyə gerilədib. DTM çempionatının növbəti mərhələsi 8-10 sentyabr tarixlərində Almaniyanın Nübruqrinq avtodromunda keçiriləcəkdir.




