Bu gün Zandvortda keçirilmiş ikinci sərbəst yürüşlərdə Audi pilotları üstünlüyə malik olsa da, təsnifat mərhələsinə BMW pilotları dominantlıq ediblər.
Təsnifat mərhələsi quru hava şəraitində başlasa da. sessiyanın sonuna yaxın yağış yağmağa başlayıb.
Təsnifat sessiyasının bitməsindən sonra sıralama cədvəlidə ilk dörd yeri Bavariya təmsilçisinin pilotları tutub. Timo Qlok, Auqusto Farfus, Marko Vittmann və Maksim Marten ilk iki sıranı zəbt ediblər. Ən yaxşı zamanı - 1.27,823, - Timo Qlok qeydə alaraq bu günki yarışı pouldan başlamaq hüququnu əldə edib.
Bavariyalı pilotların uğurunu heç də yağmurlu hava şəraiti ilə izah etmək düzgün olmazdı. Onlar ən yaxşı zamanları quru hava şəraitində göstəriblər.
Beşinci nəticəni Audi pilotu Rene Rast göstərib - alman pilot Audi RS5 DTM avtomobilində çıxış edən ən sürətli pilot olub. Bu gün onunla birlikdə yarışı üçüncü sıradan başlayan pilot Loik Dyüval (Audi) olacaqdır. Qeyd etmək lazımdır ki, Dyüval son yarışlarda o qədər də parlaq çıxış nümayiş etdirməyib.
Yarışı dördüncü cərgədən Tom Blomkvist (BMW) və Qəri Paffett (Mercedes-Benz) başlayacaqdırlar.
Nəhayət, ilk onluğu tamamlayan pilotlar Audi təmsilçiləri Mayk Rokenfeller və Mattias Eksrtem olublar.
