Bu gün Zandvort avtodromunda keçirilmiş üçüncü sərbəst yürüşlərdə ən sürətli zamanı göstərən pilot Audi komandasının pilotu Loik Dyüval olub.
1.28,326 zamana imza atan fransız pilot BMW komandasının braziliyalı pilotu Auqusto Farfusu 0,023 saniyə üstələyib. Mercedes komandasının debütantı Maro Engel sərbəst yürüşlərin üçüncüsu olub. O, liderdən 0,169 saniyə geridə qalıb. Qeyd etmək lazımdır ki, Dyüval sərbəst yürüşlərin ilk dəqiqələrindən sürətli zamanlara imza ataraq uzun müddət liderliyi əlində saxlayıb.
Audi pilotları Ceymi Qrin və Mayk Rokenfeller, müvafiq olaraq, dördüncü və beşinci nəticəni göstəriblər. Sərbəst yürüşləri altıncı tamamlayan pilot Mattias Ekstrem (Audi) olub. Onu BMW pilotu Maksim Marten təqib edib. Qüvvədə olan dünya çempionu Marko Vittmann səkkizinci nəticəni göstərib. İlk onluğu dünənki yarışın qalibi Timo Qlok və Bruno Spenqler (hər ikisi BMW) tamamlayıblar.
