Geely şirkətinə məxsus olan Zeekr brendin öz krossover xəttindəki ən son yeniliyi - 8X hibrid krossoverini tam şəkildə təqdim edib. Zeekr 8X krossoverinin rəsmi şəkilləri ilk dəfə bu ilin əvvəlində yayımlanıb, indi isə, onun tamölçülü premyerası baş tutub və əvvəlcədən sifarişlərin qəbuluna başlanıb.

Zahiri cəhətdən yenilik flaqman Zeekr 9X krossoverinə bənzəyir. Ön tərəfdə şaquli zolaqları olan böyük xrom barmaqlığı və mötərizə formalı gündüz hərəkət işıqları olan ön faralar var, damda isə, lidar quraşdırılıb. Yan tərəfə baxdıqda ənənəvi qapı tutacaqları diqqət çəkir. Arxa tərəfdə zolaqla birləşdirilmiş işıqlar, mərkəzi loqotip, damdakı spoyler və gümüşü haşiyəsi olan diffuzor var. Beş kuzov rəngi mövcuddur: ağ, qara, iki boz və qırmızı.

Ən yüksək səviyyəli üçmühərrikli Zeekr 8X Dawn versiyası karbon dekora və altı porşenli Brembo əyləclərinə malikdir. Krossoverin uzunluğu 5100 millimetr, eni - 1998 millimetr, hündürlüyü isə, 1780 millimetrdir. Avtomobilin təkər bazası 3069 millimetr təşkil edir. Təkər disklərinin diametri 20 ilə 22 düym arasında dəyişir.

Zeekr 8X krossoverinin salonunda iki cərgə və beş oturacaq var. Ön və arxa oturacaqlar qızdırılma, havalandırma və masaj funksiyalarına malikdirlər, sürücü oturacağı isə, aktiv yan dəstək funksiyası ilə təchiz edilib. Arxa oturacaqlar “sıfır cazibə” funksiyasına malikdirlər, bundan başqa, arxa sərnişinlər sensorlu ekran, tavandakı monitor, masalar, ayaqaltılar, qızdırılma funksiyası olan soyuducu və elektrik ötürməsi ilə tənzimlənən günəş pərdələrindən istifadə edə bilərlər. Salonda 50 saxlanc bölməsi, baqajda isə, 1133 litrlik yük (oturacaqlar qatlandıqda 2200 litr) bölməsi var.

Zeekr 8X hibridi 900 voltluq elektrik sistemi olan SEA-S platformasında inşa olunub. Plagin hibrid sistemə 2,0-litrlik turbomühərrik (279 at qüvvəsi) daxildir, ən yüksək səviyyəli versiyanın üç elektrik mühərriki isə, ən bahalı flaqman Zeekr 9X krossoverindəki kimi 1401 at qüvvəsinə malikdir. Üçmühərrikli tam ötürmə sistem krossoverə 100 km/saat həddini 2,96 saniyəyə toplamağa imkan verir, maksimal sürət isə, 230 km/saat təşkil edir. İkimühərrikli versiyanın güc aqreqatı 898 at qüvvəsinə malikdir və 0-dan 100 km/saata 3,7 saniyəyə sürətlənir. Maksimal sürət 220 km/saatdır.

6C sürətli şarj standartını dəstəkləyən batareyanın tutumu 55,1 və ya 70 kilovatt/saat ola bilər. Daha kiçik batareya ilə Zeekr 8X  elektrik dartması ilə 320 kilometrə, daha böyük batareya ilə isə, 410 kilometrə qədər məsafə qət edir. Son halda, tam dolu batareya və yanacaq çəni ilə ümumi qət edilən məsafə 1416 kilometrə çatır. Sürətli doldurma terminalı istifadə etdikdə, batareyanın 20%-dən 80%-ə qədər doldurulmasına doqquz dəqiqə vaxt gərəkdir. Krossover həmçinin yeni nəsil G-ASD elektron yardımçıları dəsti və SEA AI ağıllı şassi idarəetmə sistemi ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Seriya avtomobillərinin Çin dilerlərinə çatdırılmalarına bu ilin ikinci rübündə başlanılmalıdır, lakin əvvəlcədən sifarişlər artıq qəbul olunur. Zeekr 8X krossoverinin baza versiyasının qiyməti 377.000 yuandan (54.400 dollar) başlayır. Üçmühərrikli top versiya üçün isə, 517.000 yuan (74.600 dollar)  tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.