Əfsanəvi Formula 1 pilotu Kimi Rəykkönenin Çinin Zeekr markasının avtomobillərinin tənzimlənməsi ilə məşğul olacağı barədə yazmışdıq. Artıq bu xəbər rəsmi təsdiqini tapıb. Geely şirkətinə məxsus olan brend dünya çempionu Kimi Rəykkönenlə əməkdaşlıq edəcəyini rəsmən təsdiqləyib - finlandiyalı pilot “məhsuldarlıq üzrə məsləhətçi” təyin edilib.
O, “bərkgedən” Zeekr 001 FR modelinin idarəetmə xüsusiyyətləri üzərində işləyəcək. Hətta elektromobilin güc qurğusunun xüsusi iş rejimi də fin pilotun şərəfinə adlandırılacaq. Rəykkönen isə, öz növbəsində Çin modelini “birinci dərəcəli tənzimləmələrlə” təmin edəcəyinə söz verib.
Şirkət nümayəndələrinin sözlərinə görə, Zeekr mühəndisləri məşhur yarış pilotunun rəhbərliyi altında “tənzimləmə sənəti” ilə məşğul olacaqlar. Əməkdaşlığın bu yaxınlarda başlamasına baxmayaraq, Kimi Rəykkönenin 001 FR modelinə öz töhfəsini verdiyi bildirilir.
Çinlilər fin pilotun modeli birinci dərəcəli idarəetmə xüsusiyyətləri ilə təmin etdiyini və nəticədə avtomobilin vəd olunandan daha yaxşı idarələndiyini söyləyirlər.
Çinlilər həmçinin fin pilotla əməkdaşlıq sayəsində Zeekr 001 FR modelinin dördmühərrikli güc qurğusunun hasilatının 1265-dən 1300 at qüvvəsinə qədər artırıldığını bildiriblər. Nəticədə, avtomobil 100 km/saata cəmi 2,02 saniyəyə sürətlənir.
Bunun kifayət qədər olmadığını hesab edənlər üçün isə, mühəndislər Raykkonen rejimini yaradıblar - fin pilot ilə birlikdə elektromobil üçün tənzimləmələrin xüsusi variantları hazırlanıb. Bu tənzimləmələr Zeekr 001 FR modelinin potensialını sona qədər açmağa imkan verəcək. İstehsalçı söhbətin ən təcrübəli sürücülər üçün ən ekstremal tənizmləmələrdən getdiyini bildirib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.