Finlandiyanın “Helsingin Sanomat” nəşri Rəykkönenin elektromobillər istehsal edən və Geely şirkətinə məxsus olan Zeekr şirkətində işə düzəldiyini xəbər verir. Formula 1 üzrə dünya çempionunun vəzifəsinin "məhsuldarlıq üzrə məsləhətçi” olduğu bildirilir, lakin onun Zeekr şirkətində dəqiq nə edəcəyi hələlik məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, pilot flaqman Zeekr 001 FR modelinin işlənib başa çatdırılması ilə məşğul olacaq.

44 yaşlı Kimi Rəykkönen iki il əvvəl pilot karyerasını başa çatdırdığını elan etmişdi. Bundan əvvəl fin pilot Formula 1 çempionatında yarışıb: o, 2007-ci ildə çempion titulunu qazanıb, iki dəfə, 2003 və 2005-ci illərdə ikinci, 2008, 2012 və 2018-ci illərdə üç dəfə üçüncü olub.

Bir neçə gün əvvəl, keçmiş pilotun 8 yaşlı oğlu Robin Ays Mathias Raykonnenin karyerasını inkişaf etdirmək üçün yaşadığı İsveçrədən İtaliyaya köçməyi planlaşdırdığı məlum olub. İtaliya mətbuatı Rəykkönenin Komoda dəbdəbəli malikanə və fermer evi aldığını yazıb.

İndi isə, yeni məlumat ortaya çıxıb.  Finlandiyanın “Helsingin Sanomat” nəşri Raikonnenin Çinin Zeekr şirkəti tərəfindən işə götürüldüyünü iddia edir. Qeyd etmək gərəkdir ki, Zeekr brendi artıq rəsmi olaraq bizim bazarda təmsil olunur – bir neçə gün əvvəl Azərbaycanın Əfəndilər Qrupu Çin şirkəti ilə əməkdaşlıq barədə müqavilə imzalayıb.

Çox güman ki, keçmiş Formula 1 pilotunun vəzifəsi FR prefiksli “bərkgedən” 001 modelinin idarəetmə xüsusiyyətlərinin dəqiq tənzimlənməsidir. Xatırladaq ki, Zeekr 001 FR modeli ümumilikdə 1265 at qüvvəsi hasil edən dörd elektrik mühərrikinə malikdir.

Zeekr şirkəti 001 FR modelinin 100 km/saat həddinə 2,37 saniyəyə sürətləndiyini iddia edir. Təkərlərin ilkin yerində fırlanması ilə (naməlum üsuldan istifadə etməklə) isə, eyni sürətlənmənin 2,07 saniyə çəkdiyi bildirilir. Zeekr 001 FR modelinin maksimal sürəti elektronika tərəfindən 180 km/saat həddində məhdudlaşdırılıb. Modelə sifarişlərin qəbul edilməsinə başlandığı ilk 15 saniyə ərzində müştərilər Zeekr 001 FR modelinin 99 nüsxəsini behləyiblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.