«Bərkgedən» sportkar istehsalçısı olan Zenvo firması 87-ci Beynəlxalq Cenevrə avtomobil sərgisində TS1 superkarının xüsusi «yubiley» modifikasiyasını nümayiş etdirmək niyyətindədir. «Autocar» dərgisinin əldə etdiyi məlumata əsasən Zenvo TS1 GT superkarı firmanın 10 illik yubileyinə həsr edilmişdir.

Qeyd etmək gərəkdir ki, TS1 modeli əvvəllər buraxılan ST1 superkarını əvəz etmişdi. Zenvo TS1 sələfindən cüzi olaraq fərqlənirdi. Superkar yeni qabaq splitter, təkmilləşdirilmiş arxa diffuzor və yenilənmiş antiqanadla təchiz edilmişdi. Superkar həmçinin, yeni arxa bamper, səsboğucu sistem, Michelin Pilot Super Sport və yaxud Michelin Pilot Sport Cup 2 şinləri geyindirilmiş öndə 19, arxada isə 20 düymlük döymə alüminium təkər diskləri ilə təchiz edilirdi. Zenvo TS1 modeli karbon-saxsı əyləc mexanizmləri, özüqapanan arxa differensialı və tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru ilə təchiz edilir. Avtomobil həmçinin, hidravlik qaldırma mexanizmi olan təkmilləşdirilmiş KW asqıları ilə də təchiz edilmişdir. 

Zenvo TS1 GT superkarı 1150 at qüvvəsi gücü olan 5.9 litrlik iki turbokompressorlu mühərriklər təchiz ediləcəkdir. İstehsalçı avtomobilin dinamik xarakteristikalarını açıqlamaqdan imtina etsə də, güc aqreqatının avtomobili 402 km/saat həddinə kimi sürətləndirəcəyini bildirmişdir. 

Müqayisə üçün, Zenvo TS1 modelinin maksimal sürət həddi 375 km/saat təşkil edir. «Yubiley» modelinin qiyməti 1160000 avro təşkil ediləcəkdir. AVtomobilin buraxılacağı tiraj haqqında heç bir məlumat verilməmişdir. Xatırladaq ki, Zenvo TS1 modelinin tirajı15 ədədlə məhdudlaşdırılmışdır.