GAC konserninin tərkibinə daxil olan Zhongxing şirkəti öz avtomobillərini ZX ticarət markası ilə satır. Baodində fəaliyyət göstərən marka əsasən pikapların istehsalı üzrə ixtisaslaşıb. 1999-cu ildən başlayaraq Baodində fəaliyyət göstərən şirkət minik avtomobilləri ilə təcrübə aparsa da, uğursuzluğa düçar olub. İndi Çin istehsalçısının model xətti yalnız müxtəlif ölçülü pikaplardan ibarətdir. Son beş ildə ZX markasının bayraqdarı Terralord modeli olub, lakin şirkət artıq daha iri və bahalı modeli hazırlayıb.

Yeni ZX Weishi 1949 pikapı, rəsmi versiyaya görə, Zhonxing Auto şirkətinin bünövrəsi qoyulmuş Baodindəki avtoemalatxanın şərəfinə adlandırılıb. Lakin üçtəkərli yük avtomobillərinin istehsalına 1949-cu ildə deyil, 1958-ci ildə başlanılıb. Ən maraqlısı odur ki, istehsalçı yeni pikapını Çinin ilk tam ölçülü pikapı adlandırır. Lakin  yumşaq şəkildə desək, bu həqiqəti əks etdirmir.

ZX Weishi 1949 modeli Terralord pikapının qurğu və aqreqatlarından istifadə edilməklə yaradılıb, lakin pikapın rama və kuzovu özünəməxsusdur. Görünən odur ki, dizaynerlər yeni pikapı yaradarkən Ram markasının pikaplarından ilham alıblar. Kabin yalnız ikicərgəli ola bilər, lakin ölçülərinə görə Çin pikapı amerikan traklarından ciddi şəkildə geri qalır.

Baza versiyanın uzunluğu 5392 millimetrdir ki, bu da Toyota HiLux modelində olduğundan bir neçə millimetr çoxdur. Misal üçün, ikicərgəli kabini olan Ram 1500 modelinin uzunluğu 5916 millimetrdir.

Eninə görə də, Çin pikapı amerikalı həmkarına uduzur: 2085 millimetrə qarşı 2045 millimetr. Lakin bu orta ölçülü Toyota HiLux (1855 millimetr) və Isuzu D-Max (1880 millimetr) olduğundan nəzərəçarpacaq dərəcədə çoxdur. Baza versiyanın hündürlüyü 1965 millimetrdir. Belə ZX Weishi 1949 modeli tamamilə yaylı asqıya malikdir: öndə ikiqollu asqı, arxada isə klassik bütöv körpü quraşdırılır.

Uzunluğu 5692 millimetr olan uzadılmış variantda təklif edilir. Uzadılmış versiyanın yük bölməsinin uzunluğu 1530-dan 1810 millimetrə qədər artırılıb. Belə pikap arxa ressorlu dözümlü asqı ilə təchiz edilir ki, buna görə də pikapın hündürlüyü 1911 millimetrə qədər azalıb.

Çin pikapının mühərrik çeşidinə gəldikdə isə, amerikan pikaplarının təchiz edildiyi səkkiz və hətta altı silindrli mühərriklər barədə söhbət belə gedə bilməz. ZX Weishi 1949 yalnız dördsilindrli aqreqatlar ilə təklif edilir.

Baza mühərriki 163 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,3-litrlik turbodizeldir. Renault-Nissan alyası tərəfindən təqdim edilmiş mühərrik, misal üçün, Nissan Navara pikaplarında quraşdırılır. Turbodizel 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Belə pikapın maksimal sürəti 150 km/saatdır.

Alternativ kimi, 8-pilləli “avtomat” ilə tandemdə çalışan 197 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 2,0-litrlik TGDI benzin turbomühərriki təklif edilir. Sonradan bu mühərrikin mexaniki ötürmələr qutusu ilə də təchiz edilməsi nəzərdə tutulub. Benzin pikapının maksimal sürəti 170 km/saatdır. Baza versiyaları arxa ötürməlidir, əlavə ödəniş qarşılığında sərt şəkildə qoşulan demultiplikatorlu tam ötürmə sistemini sifariş etmək olar.

Pikapın salonu tam şəkildə göstərilməyib, lakin təqdimat zamanı çinli jurnalistlər pəncərədən də olsa interyerib şəklini çəkməyə müvəffəq olublar.Pikap analoq cihazlar panelinə, multimedia sisteminin böyük ekranına, zəngin tərtibata, kruiz-kontrola, əl əyləcinin elektrik ötürməsinə və elektron yardımçılar dəstinə malik olacaqdır. Ətraflı məlumat yaxın zamanlarda veriləcəkdir. Pikapın satışları bu ayın sonun qədər başlanmalıdır.

Çin bazarında ZX Weishi 1949 pikapı 24.500 – 33.000 dollar arasında qiymətlərlə satılacaqdır. Bu hətta yerli pikap qiymətlərinə görə baha sayıla bilər. Lakin yaxın zamanda ZX pikapının birbaşa rəqibi işıq üzü görməlidir: özünün tam ölçülü pikapını Great Wall  şirkəti hazırlayır. Bu ilin yazında  “Böyük Sədd”  yeni modelini X Cannon konsepti şəklində nümayiş etdirmişdi. V6 mühərriki ilə hərəkətə gələcək seriya pikapı isə 2022-ci ildə bazara çıxmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.