Amerika Birləşmiş Ştatlarında yerləşən Vanderhall şirkəti özünün üç təkərli avtomobilini nümayiş etdirmişdir. Laguna adlanan avtomobil Morgan 3-Wheeler avtomobilinin rəqibi kimi təqdim olunur. Lakin, britaniyalı rəqibindən fərqli olaraq, amerikalı avtomobil motosikl mühərrikilə deyil, əsl avtomobil mühərriki ilə hərəkətə gəlir.
Vanderhall Laguna 200 at qüvvəli 1,4-litrlik turbomühərriklə təchiz edilir. Sürətləri sükanaltı dəstəklər vasitəsilə ötürməyə imkan verən altı pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan güc aqreqatı avtomobili 100 km/saat həddinə 4,5 saniyəyə çatdırır. Laguna modelinin maksimal sürəti elektronika ilə 220 km/saat həddində məhdudlaşdırılmışdır.
Vanderhall Laguna modelinin tam çəkisi 703 kiloqram təşkil edir ki, bu da Morgan şirkətinin modeli ilə müqayisədə 178 kiloqram artıqdır. Laguna modelinin əsasını carbonplastik panellərlə örtülmüş alüminiumdan hazırlanmış rama təşkil edir. Bundan əlavə, avtomobil üçün alın şüşəsinin dayağı və sərnişinlərin arxasındakı müdafiə qövsü arasında quraşdırılan günlük də təklif edlir.
Avtomobil öndən 235/35 ölçülü şinlər geyindirilmiş 19-düymlük disklərlə, arxada isə 315/30 ölçülü təkər geyindirilmiş 20-düymlük disklə təchiz edilir. Avtomobil Toyo firmasının istehsal etdiyi şinlərlə və Brembo əyləc mexanizmləri ilə komplektləşdirilir.
Vaderhall Laguna modelinin təchizatına kondisioner və qızdırılan oturacaqlar daxildir. Bununla yanaşı, əlavə ödənişlə Bluetooth’u dəstəkləyən 600-vattlıq audiosistem də sifariş etmək olar. Avtomobilin satış qiyməti 77 min dollar təşkil edir.Vanderhall Laguna avtomobilini istehsalçının rəsmi internet saytında sifariş etmək olar.
Vanderhall şirkətindən başqa, digər bir amerakan firması üç təkərli avtomobil istehsal etmək niyyətində olğuğunu bildirmişdir. Elio Motors tərəfindən istehsal edilən Elio P5 avtomobilin dəyəri cəmi 6800 dollar təşkil edir. Avtomobil 900 kub santimetr iş həcmi olan üç silindirli mühərriklə təchiz edilir. Şirkətin rəhbəri Paul Elionun bildirdiyinə görə, avtomobil 100 kilometrə 2,8 litr yanacaq tükədir və 100 km/saat həddini 9,6 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti 160 km/ssat təşkil edir.