Aston Martin şirkəti Valkyrie hiperkarının ictimai yollardakı sınaqlarına başlayıb. Bu günə qədər hiperkarın seriyaöncəsi prototipləri yalnız bağlı treklərdə testlərdən keçirilib

Xatırladaq ki, hiperkarın unikal 6,5-litrlik V12 mühərriki məşhur Cosworth firması tərəfindən inşa edilib. Mühərrik 11100 dövr/dəqiqəyə kimi fırlanır və 1014 at qüvvəsi hasil edir. Aqreqatın fırlanma anı isə, 7000 dövr/dəqiqədə 740 Nm təşkil edir. Avtomobilin mühərriki və ötürmələr qutusu onun güc strukturuna inteqrə edilib. Misal üçün, arxa asqı ötürmələr qutusunun karterinə birləşdirlir. Bu həll avtomobilin çəkisini azaltmağa və kuzovun sərtliyini artırmağa imkan verir. 

Hibrid qurğunun elektrik hissəsini Integral Powertrain Ltd şirkəti hazırlayıb. Bu firmanı da 1998-ci ildə Cosworth firmasında işləmiş mütəxəssislər yaradıb. Elektromotor 162 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. dartma batareyasını və kinetik enerjinin rekuperasiyası ERS (Energy Recovery System) sistemini britaniyalılar Rimac şirkəti ilə birlikdə hazırlayıblar.

Ümumilikdə, Valkyrie hiperkarının güc qurğusu 1176 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Elektromotor təkcə sürətlənmə və ya keçid rejimində daxili yanacaq mühərrikinə yardım etməyəcəkdir. Valkyrie hiperkarı elektrik ötürməsini arxaya hərəkət üçün istifadə edəcəkdir, çünki hiperkar ənənəvi arxa ötürmə pilləsindən məhrumdur.

Aston Martin şirkəti Valkyrie hiperkarını 150 nüsxəlik məhdud saylı tirajla buraxmağı planlaşdırır. Bu avtomobillərdən 25 nüsxəsi AMR Pro trek versiyasında buraxılacaq və ictimai yollara çıxmaq hüququndan məhrum olacaqdırlar.