Avstriyada keçən MotoGP yarışı Mark Markes və Andrea Dovitsiozonun gərgin mübarizəsi ilə yadda qalıb. İki pilot arasında fərq onda bir saniyəni üstələməyib. Lakin, sonunda Dovitsiozo bu mübarizədən qalib çıxıb.

Pouldan start alan Mark Markes (Honda) yarışın ilk dövrəsində səhvə yol verərək beşinciliyə qədər geriləyib. Onun əsas rəqibi olan Ducati pilotu Andrea Dovitsiozo isə liderliyi Fabio Kuartararoya verib. Lakin, altı dövrədən sonra çempionatın liderləri irəli çıxaraq, öz aralarında mübarizə aparmağa başlayıblar.

Yarışın bitməsinə iki dövrə qalmış Markes liderliyi ələ keçirib, amma Andreadan uzaqlaşmağa imkan tapmayıb. Pilotlar finişə qədər gərgin mübarizə aparıblar və Dovitsiozo son döngədə irəli çıxmağı bacarıb. Fabio Kuartararo finiş xəttini üçüncü olaraq keçib. Onun ardınca Yamaha zavod komandasının pilotları Valentino Rossi və Maverik Vinyales finiş xəttini keçiblər.

Yarışın əvvəlində podium uğrunda mübaricədə Ducati markasının müştəri komandasının pilotu Cek Miller də iştirak edib. Lakin, Markesin onu ötməsindən sonra avtsraliyalı səhv buraxaqraq yıxılıb və Rossinin dördüncülüyə yüksəlməsinə şərait yaradıb.

Bu qələbə Anderanın bu mövsümdə əldə etdiyi ikinci qələbədir. O, Markesdən başqa bu mövsümdə birdən artıq qələbə əldə edən ikinci pilotdur. Avstriyadakı qələbə sayəsində Dovitsiozo liderlə olan xal fərqini beş xal azaldıb. Buna baxmayaraq, çempionatın bitməsinə 8 yarış qalmış Andrea Markdan 58 xal geriyə qalır.