Keçən yay Daimler konserni elektromobillərə keçid planını açıqlayıb. Yeni plana əsasən, 2025-ci ildən sonra alman konserni yalnız elektrik platformalarını yaradacadır. Daxili yanma mühərriklərinin tamamilə imtina edilməsi hələlk müzakirə edilmir, lakin bu məsələyə aydınlıq gətirilib. Münhendə keçirilən IAA Mobility avtosalonunda, Daimler AG konserninin tədqiqatlar və inkişaf bölməsinin rəhbəri Markus Şafer yeni hibrid sistemlərin yaradılmasının dayandırıldığını bildirib. Şirkət hibridləri “müvəqqəti həll” hesab edir və onlar üçün heç bir perspektiv görmür. Buna görə də, əsas diqqəti sırf elektromobillərə yönəltməyə üstünlük verilir.

Bu, hibrid qurğulu Mercedes-Benz avtomobillərinin dərhal model çeşidindən çıxarılacağı anlamına gəlmir. Onların yaradılmasına və istehsalına böyük miqdarda vəsait qoyulub, hibridlərin satış həcmi elektrokarlara olan tələbatı xeyli üstələyir. Bu yaxınlarda, AMG E Performance güc qurğusuna sahib olan ilk avtomobil - Mercedes-AMG GT 63 S E Performance modeli təqdim edilib. Tərkibinə benzin mühərriki və arxa oxda yerləşdirilmiş elektrik modulu daxil olan bu sistem sonradan digər AMG modellərində də quraşdırılacaqdır. Beləliklə, hibrid güc qurğuları olan avtomobillər hələ uzun müddət alman istehsalçısının model xəttində qalacaqdırlar.

Eyni zamanda, Markus Şafer sedan və universalların da yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib. İş ondadır ki, sedan və universallara olan tələbat getdikcə azalır, çünki alıcıların əksəriyyəti daha çox krossoverlərə üstünlük verirlər və bu tendensiya artmaqdadır. Bundan başqa, elektrikləşmə də öz şərtlərini diqtə edir: mühəndis və dizaynerlər artıq klassik nisbətlərə malik olan avtomobilləri yaratmaq məcburiyyətində deyillər.

Elektromobillərin quruluşu konstruktorlara daha çox sərbəstlik və əsas  diqqətii aerodinamikaya yönəltmək imkanı verir. Məsələn, bu səbəbdən də Mercedes-Benz EQS və EQE elektrik liftbekləri belə qeyri-adi görünüşə malikdirlər. Şaferin bildirdiyinə görə, Mercedes-Benz şirkəti elektromobillərin yaradılmasına milyardlarla avro sərmayə qoyur və kommersiya nöqteyi-nəzərindən gələcək perspektivləri olmayan avtomobillərə pul xərcləmək fikrində deyil. Buna görə də, klassik sedan və universallar yox olmağa məhkumdurlar.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.