Lotus Emira kupesinin alıcıları iki mühərrikdən birini seçə bilərlər - bunlar kompressorla təchiz edilmiş Toyota V6 mühərriki və AMG bölməsinin 2,0-litrlik dördsilindrli tubomühərrikdir. Bununla belə, Lotus markasının qısa fasilədən sonra qayıtdığı GT4 seriyasında çıxış edəcək Emira GT4 yarış avtomobili üçün yalnız bir mühərrik təklif edilir. Yarış kupeləri alternativsiz olaraq sınaqdan çıxarılmış Toyota mühərrikləri ilə təchiz ediləcəklər.

Bununla belə, yarış Lotus Emira GT4 kupesi yol versiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Lotus yarış sportkarını RML Group mühəndislik firması ilə birlikdə hazırlayıb. Avtomobil zahirən seriya Emira modelinə bənzəyən yüngül kompozit kuzovu alıb. Şassi orijinal ikiqollu asqıya və tənzimlənən Öhlins TTx amortizatorlarına, ABS sistemi isə, bir neçə iş rejiminə malikdir.

3,5-litrlik Toyota 2GR-FE mühərriki ciddi şəkildə təkmilləşdirilib: yağlama sistemi quru karterlidir, Motec idarəetmə bloku quraşdırılıb və hətta yol avtomobillərində quraşdırılan ötürməli Edelbrock kompressoru Harrop TVS 1900 variantı ilə əvəzlənib.

Güc aqreqatı seriya kupesi ilə eyni - 406 at qüvvəsinə malikdir. GT4 versiyasında Xtrac sekvental ötürmələr qutusu və məhdud sürtünməli differensial da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lotus Emira GT4 modeli FIA tərəfindən homoloqasiya edilmiş təhlükəsizlik karkası, sürücü oturacağı və 96-litrlik yanacaq çəni ilə təchiz edilir. Avadanlıq siyahısına avtomatik yanğınsöndürmə sistemi də daxil edilib. Kupenin boş çəkisi 1300 kiloqramdır.

Lotus artıq Emira GT4 avtomobillərini komandalara və fərdi şəxslərə satmağa başlayıb. Artıq bir illik sifarişlər qəbul edilib. Qiymətlər 165.000 funt sterlinqdən (vergilərsiz) başlayır. Müqayisə üçün, V6 mühərrikli adi Lotus Emira modelinin qiyməti 65.000 funt sterlinqdən başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.