Çinin Geely konserninə məxsus Lynk & Co markası 06 krossoverinin yenilənmiş variantını təqdim edib. Brendin model cərgəsindəki ən ucuz və yığcam model olan 06 krossoverinin yenilənmiş versiyası Remix indeksini alıb. Yüngül feysliftdən keçmiş krossover münasib qiymətə də sahib olub: onun Çindəki satış qiyməti 118.600 yuandan (29.100 manat) başlayır.

Lynk & Co 06 Remix modelinin təchizatına rəqəmsal cihazlar paneli və brendin firma xidmətlərinə qoşulmuş multimedia sisteminin 12,3-düymlük displey-planşeti, həmçinin əvvəlcədən quraşdırılmış Çin WeChat və TikTok tətbiqləri daxildir.

Salonda güclü yan dəstəkləri olan oturacaqlar və çoxfunksiyalı sükan çarxı var, ötürmələr isə, kiçik coystik vasitəsilə həyata keçirilir. Bundan əlavə, krossoverin avadanlıq siyahısında məsafədən parkinq funksiyası  və geriyə hərəkət zamanı yardım edən sistem də daxil olmaqla, 21 ədəd elektron köməkçi var.

06 Remix iki versiyada təklif olunur. Başlanğıc versiyası 181 at  qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,5-litrlik daxili yanma mühərriki və iki muftalı yeddi pilləli “robot” ilə təchiz olunur. Eyni 1,5-litrlik mühərrikə əsaslanan plagin hibrid versiyası da var. Plagin hibridin ümumi gücü 260 at qüvvəsidir, 15,5 kilovat-saatlıq litium batareyası isə, enerji yüklləmədən 84 kilometr məsafə qət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

06 Remix modeli Geely Coolray krossoverindən tanış olan BMA (B-segment Modular Architecture) platformasına əsaslanır. Lynk & Co 06 Remix ölçülərinə görə Coolray modelindən bir qədər böyükdür: onun uzunluğu 4340 millimetr (+10), eni - 1820 millimetr (+20), hündürlüyü is 1625 millimetrə (+16) çatır. Təkər bazasının ölçüsü 2640 millimetr (+40) təşkil edir.

Geely markası Azərbaycanda təmsil olunsa da, Lynk & Co markasından olan avtomobillər bizim bazarda təklif edilmirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.