Mercedes-Benz şirkəti 2022-ci ilin aprelində öz prototipinin Almaniyadan Fransanın cənub sahillərinə - Kassisə qədər olan məsafəni 11 saat 32 dəqiqəyə qət edib. Bu müddət ərzində bir-birini dəyişən iki sürücü, Alp dağlarını aşmaqla, ümumilikdə 1008 kilometr məsafə qət ediblər.

Səyahət zamanı konsept, batareyanı qıdlandıran damdakı günəş panellərindən istifadə edib, habelə regenerativ əyləcləmədən yararlanıb. Bununla belə, Qudvudda keçirilən Sürət Festivalına yollanan Vision EQXX öz rekordunu yeniləyib.

Selsi üzrə 3 ilə 18 dərəcə arasında olan temperaturda baş tutmuş ilk səfər zamanı elektromobil 100 kilometrə 8,7 kilovat-saat enerji sərfiyyatını qeydə alıb və finiş xəttinə çatdıqdan sonra, təxminən əlavə 140 kilometr məsafə qət edib.

Ştutqartdan və İngiltərənin cənub-şərqinə qədər olan yeni səyahət zamanı isə, konsept avtomobili intensiv trafik və müsbət 30 dərəcə olan hava temperaturu ilə üzləşib.

Bu dəfə Vision EQXX hərəkətə Ştutqartdan başlayıb, ilkin marşrutundan bir neçə planlaşdırılmamış sapmalardan sonra, Strasburq yaxınlığındakı Fransa sərhədini keçib. O, Fransanın şimalına yollanaraq Kaleyə gedib və oradan qatarla La-Manş boğazının altından Avrotuneli keçərək Böyük Britaniyaya daxil olub.

Böyük Britaniyada elektromobil Londonun ətrafındakı M25 avtomagistralında hərəkət edərək, Mercedes-AMG Petronas Formula 1 Team komandasının Breklidəki bazasında dayanıb.

Marşrutun son nöqtəsi Silverstoun avtodromu olub ki, burada Mercedes-EQ Formula E zavod komandasının hollandiyalı pilotu və Formula E seriyasının hazırkı çempionu Nik de Vris 11 dövrə vuraraq, batareyada qalmış enerji ehtiyatını sona qədər sərf edib.

1202 kilometrlik məsafənin qət edilməsi 14 saat 30 dəqiqə çəkib, nəqliyyatın intensivliyi və isti yay şəraitində marşrut üzrə orta enerji sərfiyyatı 100 kilometrə 8,3 kilovat-saat təşkil edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz mütəxəssisləri enerji sərfiyyatını hesablayarkən, elektromobilin qatarla tunellə təxminən 51 kilometr yol getdiyi və prototipin Silverstounda maksimal 140 km/saata qədər sürətləndirildiyi nəzərə alıblar. Səyahət boyu kondisioner səkkiz saat işlək vəziyyətdə olub.

Mercedes-Benz mühəndisləri Vision EQXX prototipini alman brendin tarixindəki ən yüksək enerji səmərələliyi olan avtomobili adlandırıblar və konsept-kardakı bir çox texniki həllərin seriya modellərinə köçürələcəyini vəd ediblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.