Mercedes-Benz şirkəti EQ xəttindən olan modellərin sayını getdikcə artırmaq niyyətidədir. Bu günlərdə fotocəsuslar EQS sedanının yüngül kamuflyaja bürünmüş prototipini ümumi yollarda sınaqları zamanı cəkməyə müvəffəq olublar.

Doğrudur, kamuflyaj örtüyü rəvan kuzov xətləri ilə birlikdə avtomobilin kuzov növü barədə mülahizə yürütməyi çətinləşdirir. Böyük ehtimalla, Mercedes-Benz EQS liftbek olacaqdır: elektromobil Mercedes-Benz CLS və Mercedes-AMG GT 4-Door Coupe modellərindən də dinamik siluetə malik olduğu nəzərə çarpır. Elektromobil ölçülərinə görə indiki Mercedes-Benz S-Class modelinə daha yaxındır. Mercedes-Benz EQS modelinin elektromobillər üçün nəzərdə tutulmuş platformada hazırlandığını nəzərə alsaq, onun S-Class sedanından daha geniş salon təklif edəcəyini gözləmək olar.

Mercedes-Benz CLS sedanının üslubunda üçbucaqlı işıq texnikasına malik olan eksteryeri nəzərə alsaq, avtomobilin dizaynına inqilabi yeniliyin olmayacağını söyləmək gərəkdir. Digər tərəfdən, ilk seriya EQ modeli olan EQC krossoverində tətbiq edilmiş işıq həllərindən burada da istifadə ediləcəyi istisna olunmur. 

Texniki xüsusiyyətlərə gəldikdə isə, çox güman ki, Mercedes EQS 400-550 km arasında məsafəı qət etməyə imkan verən batareyalar ilə təklif ediləcəkdir. Elektromobilin dinamik xüsusiyyətləri də yaxşı olmalıdır. Birinci variant ən dinamik model olacaqdır: belə elektromobil 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdir. «Uzaqgedən» variant isə, daha yavaş olmalıdır: belə model 100 km/saat həddinə altı saniyəyə sürətlənəcəkdir. Böyük ehtimalla, EQS batareyanın ehtiyatını yeyin bərpa etməyə imkan verən 800 voltluq yükləməni dəstəkləyəcəkdir.

Bayraqdar elektromobilin 2020-ci ilin sonunda debüt edəcəyi gözlənilir. Mercedes-Benz EQS satışa 2021-ci ilin əvvəlində çıxmalıdır. Yeri gəlmişkən, bu, W 223 seriyasından olan yeni nəsil Mercedes-Benz S-Class sedanının debütü ilə üst-üstə düşür.