Britaniyanın Car Magazine dərgisi növbəti nəsil “bərkgedən” Ford Focus modeli barədə məlumatı dərc edib. “Qaynar” hetçbek elektrikləşəcəkdir: “yumşaq” hibrid modulu ilə yananşı, Focus modeli arxa oxda quraşdırılan əlahiddə elektrik mühərrikinə malik olacaqdır.

Car Magazine nəşrinin icmalçıları elektrik mühərriki və ikipilləli transmissiyadan ibarət olan eTwinster blokunun yeni Ford Focus modelində tətbiq ediləcəyini bildiriblər. Bu blok elektrik ötürməsi sayəsində tam çəkiş sisteminin fəaliyyətini təmin edəcəkdir. Bundan başqa, sistem arxa təkərlərə ötürülən fırlanma anını ayrılıqda tənizmləyəcəkdir. Bu isə darta vektoruna nəzarətin təmin edilməsi deməkdir. Elektromotorun imkanlarının tamölçülü drift rejiminin həyata keçirilməsinə kifayət etməlidir.

Britaniya KİV-ləri 2,3-litrlik Ford EcoBoost mühərrikinin gücünün 400 at qüvvəsinə çatacağını bildiriblər. Xatırladaq ki, yeni nəsil VW Golf modeli də eyni gücə malik olacaqdır. Böyük ehtimalla, “qaynar” hetçbeki 6-pilləli mexaniki və ya 7-diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə sifariş etmək mümkün olacaqdır.

Yeni nəsil Ford Focus RS modelinin təqdimatı 2020-ci ilin sonunda baş tutmalıdır. “Qaynar” hetçbeklər üçün əsas istiqamət Mercedes-AMG A45 hetçbekidir.