Bir müddət bundan öncə, Land Rover şirkəti yeni altısilindrli mühərrik ilə təchiz edilmiş Range Rover Sport HST modelini təqdim etmişdi. Bu günlərdə bu mühərrik bayraqdar modeli olan Range Rover modelinin də mühərrik çeşidinə daxil edilib.

Yeni sıralı altı silindrli mühərrik Ingenium ailəsindən olan dörd silindrli mühərriklər ilə unifikasiya edilib. Bu mühərrik ikiaxınlı turbokompressordan başqa turboçala effektini aradan qaldıracaq elektrik kompressoruna da sahib olubdur. 48-voltluq elektrik şəbəkəsindən qidalanan elektromotor yarım saniyə ərzində kompressorun qanadcığını dəqiqədə maksimal 120 min dövrəyə qədər fırladır. Yeni mühərrikin başqa maraqlı xüsusiyyətləri klapanların qalxışının rəvan dəyişməsi sistemi, girişdə və çıxışda fazafırladanlar, diyircəkli podşipnikləri olan paylaşdırıcı vallar, dəyişən məhsuldarlığa malik olan yağ və su nasoslarıdır.

Yeni mühərrik 400 at qüvvəsi və 550 Nm fırlanma anına malikdir. Eyni zamanda, yeni mühərrikin gücü 360 qüvvəsinə qədər azaldılmış variantı da təklif ediləcəkdir. Bununla belə, istənilən konfiqurasiyada  mühərrik “yumşaq hibridin” tərkibində çalışacaqdır. Startyor-generator rolunda çıxış edən elektomotor sürətlənmə zamanı əsas mühərrikə yardım edəcəkdir.

Range Rover P400 modifikasiyası 100 km/saat həddinə 6,3 saniyəyə sürətlənir. Ofrouderin maksimal sürət həddi 225 km/saatdır. Yeni mühərriklə təchiz edilmiş ofrouderin yanacaq sərfiyyatı qarışıq rejimdə 100 kilometrə 9,3 litr təşkil edir.

Yeni mühərrik ilə yanaşı,Range Rover üçün yeni 22-düymlük təkər diskləri və kuzovun iki yeni rəngi təklif edilir. Bunlar Portofino Blue və Eiger Grey rəngləridir. Cari nəsil Range Rover modeli 2012-ci ildə debüt edib. Ofrouder 2017-ci ildə yenilənib. Yeni Modular Longitudinal Architecture platformasında inşa edilmiş yeni nəsil Range Rover modelinin 2020-ci ildə debüt edəcəyi gözlənilir.