Bentley markası yarandığı ilk gündən avtomobil idmanı ilə bilavasitə bağlı olmuşdur. Bu markanın keçən əsrin əvvələrində Le Man yarışlarındakı əldə etdiyi qələbələr bunun bariz nümuməsidir. Əlbəttə, Bentley markası və avtomobil idmanı barədə danışdıqda “Bentley Boys” komandasını (tərcümədə “Bentley oğlanları”) da unutmamaq gərəkdir. İlk dəfə olaraq Con Daff markanın banisi Uolter Bentliyə 24 saatlıq yarışlarda iştirak etməyi təklif edəndə, Uolter ona bir köməkçi və iki mexaniki qoşaraq uğurlar diləmişdi. Bentley markasının avtomobil idmanındakı uğurları elə həmin gündən başlamışdır.

“Bentley Boys” komandasının əsasını qoyan Vulf Barnato isə, Le Manda keçirilən yarışlarda üç dəfə qalib gəlməyə müvəffəq olmuşdur. “Bentley oğlanları” haqqında danışanda Tim Birkini xatırlamamaq mümkün deyildir. İndiki pilotlarla müqayisə etsək, Tim Birkin Sebastyan Löb ilə Ken Blokun qarışığı kimi xarakterizə etmək olar. Hamı onu avtoidman yarışlarının fanatı, hətta pit-stop zamanı belə damağında tüstülənən siqarı ilə və BRDC adlı Britaniya avtoidman yarışçıları klubunun banisi kimi xatırlayır. 

Müasir zamana gəldikdə isə, 2001-ci ildə Le Man yarışlarına qayıdan Bentley Motorsport komandası, 2003-cü ildə bu yarışların çoxsaylı qalibi Audi Motorsport komandasının nəhayət ki “kürəyini yerə vura bildi”.

Bentley şirkəti bu günlərdə də avtomobil idmanında olan ənənələrini davam etdirir. Buna misal olaraq, Britaniya markasının Blancpain GT Series çempionatındakı iştirakını göstərmək olar.

Blancpain GT Series yarışları məşhur İsveçrə saat istehsalçısı olan Blancpain şirkətinin və SRO Motorsports qrupunun birgə yaratdığı çempionatdır. Bu çempionat iki seriyadan - Blancpain GT Sprint Series və Blancpain GT Endurance Series seriyalarından ibarətdir. Hər bir seriyada beş yarış vardır ki, bu ümumilikdə on yarış edir. Seriyanın təqviminə diqqət yetirsək ilk yarışın Misano (İtaliya) avtodromunda bir saatlıq Sprint yarışının olduğunu görərik. Növbəti mərhələ  artıq Monzada (İtaliya) keçirilən üç saatlıq Endurance (dözümlülük) yarışlarıdır. Endurance seriyasında yeganə 24 saatlıq marafon Belçikanın Spa-Frankorşamps trekində keçirilən yarışdır. Əlbəttə ki, hər çempionatda olduğu kimi Blancpain GT Endurance Series çempionatında da pilotlar və komandalar kuboku vardır. Burada həmçinin yarı professional və həvəskar komandalar da mövcuddur. 

Bir avtoidman həvəskarı olaraq Bentley tərəfindən Nurburqrinqdə keçirilən Endurance Series çempionatının sonuncu mərhələsinə dəvət almağım məni çox sevindirdi. Damarlarında qan əvəzinə benzin axan hər bir şəxs üçün yarış avtomobillərinin möhtəşəm səsini eşitmək, onları yarışarkən canlı seyr etmək, pit-stopları komandanın boksundan izləmək və ən əsası pilotlarla ünsiyyət qurmaq ən çox arzu olunan hadisələrdən biridir.

İş elə gətirdi ki, biz Nürburqrinq avtodromuna bazar günü gəldik. Nürburqrinqdə hava sentyabr ayı üçün bir qədər soyuq və dumanlı idi. Elə şənbə günü də dumanlı hava  üzündən təsnifat mərhələsinə bir saat gec başlanılmışdır. Biz avtomobillərimizi Bentley şirkətinin qonaqları üçün nəzərdə tutulmuş dayanacaqda saxlayıb, akkreditasiya kartlarını almaq üçün məlumat mərkəzinə yollandıq. Bentley dayanacağında olan avtomobillərin nömrələri Nürburqrinqə təşrif buyurmuş Bentley sahiblərinin Avropanın müxtəlif ölkələrindən olduğundan xəbər verirdi.

Heç də təəccüblü deyil ki, qonaqlar arasında çoxluğu Britaniyadan olanlar təşkil edirdi. Burada istənilən Bentley modelini görmək mümkün idi - yeni Mulsanne sedanından tutumuş unikal Bentley Continental GT3-R modelinə kimi

Bazar günü Blancpain GT Endurance Series yarışları ilə yanaşı Lamborghini və Seat markalarının da monokubok yarışları keçirilirdi. Biz akkreditasiya kartlarını aldıqdan sonra Bentley Lounge’a yollanmalıydıq. Lakin, mən fürsətdən istifadə edərək paddokla tanış olmaq qərarına gəldim. Burada çempionatda iştirak edək komandaların çadırları və motorhoumları qurulmuşdu. Hər tərəfdə bayram abu-havası hiss olunurdu. Qeyd etmək lazımdır ki, bu çempionatda Bentley ilə yanaşı Aston Martin. Audi, BMW, Chevrolet, Ferrari, Jaguar, Lamborghini, McLaren, Mercedes-Benz, Nissan və Porsche kimi məşhur avtomobil istehsalçıları GT3 modelləri ilə təmsil olunmuşdurlar.  

Yarış başlanmazdan əvvəl dəvət edilmiş qonaqlara Bentley avtomobilləri ilə Nürburqrinq trekində dövrə vurmaq təklifi gəldi. Bir qədər sevinsəm də, sonradan avtomobilləri bizim yox Bentley əməkdaşlarının idarə edəcəyi xəbəri məni, açığını desək, bir qədər məyus etdi. Yəqin ki, bir çoxları məni anlayarlar. Sonradan bu barədə iradımı şirkətin marketinq xidmətinə də bildirdim.

Bundan sonra, bizi ənənivi start düzlüyündə gəzinti gözləyirdi. Start düzlüyündə düzülmüş “döyüş” avtomobillərini seyr edərək pilotlar və komanda mexanikləri ilə ünsiyyət qurmaq imkanı əldə etdik. Yarışın başlamasına 10 dəqiqə qalmış qonaqlardan start düzlüyünü tərk etmək tələb olundu.  Biz isə, Bentley Lounge’a geri döndük. Bentley Lounge’da bizi Bentley Team M-Sport komandasını pilotları və rəhbərliyi ilə görüş gözləyirdi. Burada quraşdırılmış iri monitorlar vasitəsi ilə yarışların gedişatını və pilotların trekdəki mövqelərini, həmçinin göstərdikləri zamanı müşahidə etmək olardı. Zaman-zaman  komandanın mətbuat nümayəndəsi dəvət olunmuş qonaqlara Bentley pilotlarının vəziyyəti barədə məlumat verirdi.

Bizim proqramımızda Bentley Team M-Sport komandasını rəhbəri Rolf Frexlə və komandanın pilotları ilə görüş nəzərdə tutlmuşdu. Əlbəttə ki, belə bir fürsəti əldən qaçırmaq olmazdı. Cənab Frex bizə komanda barədə ətraflı məlumat verərək, son hadisələrdən danışdı. Sən demə, Bentley boldidlərindən biri sərbəst yürüşlərdə ciddi qəza keçirdiyindən komandanın mexanikləri onu yarışlara hazırlamaq üçün gecə-gündüz ciddi çalışmışdı.

Sərbəst yürüşlərdə iştirak etməyən yarış avtomobilində lazımi tənzimləmələr etmək bir qədər çətin işdir. Lakin sonrakı hadisələr, komandanın bu işi uğurla həyata keçirdiyini göstərdi.

Bentley Team M-Sport komandası bu yarışlarda iki avtomobillə təmsil olunmuşdur: 7 və 8 nömrəli avtomobillərin heyəti Vinsan Abril, Stiv Keyn, Qay Smit (7 nömrəli avtomobilin heyəti), Volfqanq Rayp, Əndi Souçek, Maksim Suledən (8 nömrəli avtomobilin heyəti)  ibarətdir. Yarışdan öncə biz komandanın pilotlarının məlumatlarını dinlədik.  

8 nömrəli avtomobilin heyəti sıralama turlarında 12-ci nəticə göstərmiş, ikinci heyət isə, 23-cü yerdən yarışa başlamalı idi. Bundan əlavə, həvəskarlar çempionatında çıxış edən Team Parker Racing komandasının avtomobili 44-cü yerdən start alacaqdı.

Üç saatlıq yarışın gedişatında bir çox hadisələr yaşandı - qəzalar, təhlükəsizlik avtomobilinın trekə çıxaraq peletona başçılıq etdiyi anlar da oldu.

Bentley komandasının bokslarında komanda mexaniklərinin qəhrəmanlıqlarının da şahidi olduq.

Endurance seriyasının sonuncu yarışı Bentley komandası üçün o qədər də uğurlu olmasa da, yarış boyu komanda üzvlərinin və azarkeşlərinin həyəcanına və emosiyalarını da izləmiş olduq. Əlbəttə, bu abu-hava bizə də siraət etmişdi, və mən də hər kəs kimi yarışı həyəcanla izləyirdim. Sonunda Stiv Keyn, Vinsan Abril və Qay Smitin üzvü olduğu heyət yarışı 23-cü yerdən başlamasına baxmayaraq, böyük sırayış edərək finişdə doqquzuncu olmağı bacardı. Bunun əksinə, yarışı daha yaxşı mövqedən başlamış Əndi Souçek, Volfqanq Rayp və Maksim Sule isə yalnız 20-ci ola bildilər. 

Beləliklə, son mərhələdən sonra Əndi Souçek, Volfqanq Rayp və Vensan Abril üçlüsü GT Endurance Series çempionatını üçüncü bitirməyə müvəffəq oldular. Bentley Team M-Sport komandası da çempionatda üçüncü yerdə başa vurdu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt