Elə avtomobillər mövcuddur ki, onları sürücü kreslosunda deyil arxa oturacaqda sınamaq istəyirsən. Belə avtomobillərdən biri də Bentley Mulsanne sedanıdır. Mulsanne sedanı dəbdəbəli avtomobillər istehsalçısı olan Bentley şirkətinin bayraqdar modeli olmaqla yanaşı, vaxtı ilə bu markaya dəbdəbəli avtomobillər seqmentində itirilmiş mövqelərini qaytarmağa yardım etmiş modeldir.

Keçən əsrin sonlarında satışların düşməsi (əsasən də ən vacib bazarlarda biri olan ABŞ-da) ilə üzləşən Bentley markası, xilas yolunu yeni modelin hazırlanmasında gördü və 1980-ci ildə brendin yeni bayraqdar sedanı təqdim edildi. Şirkətin rəhbərliyi yeni sedanı məşhur Fransanın Le Man şəhərinin yaxınlığında yerləşən Sarte yarış trekindəki Mulsanne düzlüyünün şərəfinə adlandırmağı qərara aldı. Doğrudur, bu bir qədər reklam fəndi kimi görünsə də, modelin sonrakı uğuru qərarın düzgünlüyün təsdiq etmiş oldu.

Beləliklə, ilk Mulsanne sedanı 1992-ci ilə kimi istehsal edildi. Bu zaman keçidində sedan Mulsanne Turbo və Mulsanne S modifikasiyalarını da əldə etmiş oldu.

Kral çini qablar manufakturası

Bentley şirkəti ikinci dəfə bu ada 2010-cu ildə yenidən müraciət etmiş oldu. Eyni zamanda, yeni nəsil Mulsanne sedanı 80 il müddətində Bentley şirkətinin müstəqil olaraq hazırladığı platformada yaradılmış ilk avtomobil olmuşdur. Bentley Mulsanne modeli britaniyalı istehsalçının Arnage modelini əvəzləmiş oldu. Bentley Arnage faktiki olaraq Rolls-Royce Silver Seraph sedanın Bentley brendi altında buraxılan variantı idi. 

Qeyd etmək istərdim ki, testlərinə dəvət aldığımız Bentley Mulsanne sedanı bu modelin yeni nəslidir. Mulsanne modelinin yeni nəsli artıq üç modifikasiyada - Signature, Speed və Extended Wheelbase modifikasiyalarında təklif edilir. Sedanın ilk nəsli ilə dərgimizin baş redaktoru Şotlandiyada tanış olmuş və bu barədə ətraflı hesabat da vermişdi. Mən isə avtomobili Almaniyada sınaqdan keçirməliydim. 

Naxışların vurulması prosesi

Testlərimizin başlanğıc nöqtəsi olaraq Almaniyanın paytaxtı olan Berlin şəhəri, son nöqtəsi olaraq Baltik dənizinin sahilində yerləşən Heiligendamm kurort şəhərciyi təyin edilmişdi.

Artıq Berlinin hava limanının dayanacağında bizi Bentley Mulsanne ailəsindən olan hər üç avtomobil gözləyirdi. Testlərin proqramı çox maraqlı tərtib edilmişdi. Biz ilk növbədə Berlində yerləşən KPM (Königliche Porzellan-Manufaktur) çini qablar manufakturasını ziyarət edib bu qədim manufakturanın fəaliyyəti ilə tanış olmalıydıq. Bu manufakturanın əsası 1763-cü ildə çini məhsulların böyük pərəstişkarı olan  Prussiya kralı Böyük Fridrix tərəfindən qoyulmuşdur.

Vaxtilə kral bu manufakturanın yaradılmasına və inkişafına 225 min imperiya taleri qədər sərmayə qoymuşdur. Elə bu səbəbdən də müəssisə Kral Farfor Manufakturası adlandırılır.

B hərfini hətta ön bamperin hava girişlərində də görmək mümkündür

Manufaktura ilə ilk tanışlığımız burada təşkil edilmiş kiçik muzeydən başlanıldı və sonradan biz istehsal sexlərini də gəzmiş olduq. Qəlib hazırlanması sexindən tutmuş, hazır məhsulların naxışlarla bəzədilməsinə kimi olan proseslərlə tanış olmaq imkanımız da oldu. Nə qədər qəribə görünsə də, məndə bizi manufaktura tanış edən bələdçi xanımın türk əsilli olduğu hissi yarandı və qeyd etməliyəm ki, hisslərim məni yanıltmamışdı. Sən demə bizim bələdçimiz bizim həmyerlimizmiş. Atalar əbəs yerə «qan qanı çəkir» deməmişlər.Mənim «Heç almana bənzəmirsiniz, siz əslən hardansınız?» sualına xanımın cavabı qısa oldu - «Bakıdanam».

Xanımın adı Lalə idi, və mənim də Bakıdan olduğumu eşidəndə təəccübünü gizlədə bilmədi, çünki ona Rusiyadan olan jurnalist qrupuna bələdçilik edəcəyi söylənilmişdir.

Arxa fənərlər də B şəklində tərtib edilmişdir

Manufaktura ilə tanışlığı başa vurduqdan sonra Bentley şirkətinin nümayəndəsi Hans Holzgartner yeni nəsil Mulsanne modeli haqqında ətraflı məlumat verdi və avtomobilin hansı dəyişikliklərə məruz qaldığı barədə danışdı. İlk növbədə avtomobilin eksteryerində baş vermiş dəyişiklərə nəzər salaq.Yeni Bentley Mulsanne modelinə baxdıqda paslanmayan poladdan hazırlanmış şaquli elementlərdən ibarət və eni 80 millimetr artırılmış radiator barmaqlığını görmək olar. Şaquli elementlər 8 Litre (1930-cu il), Embricios və R-Type Continental modellərinə ithaf edilmişdir.

Bu elementlərin arxasında Bentley avtomobillərinə xas olan «hörmə» barmaqlıq yerləşdirilmişdir. Eyni zamanda barmaqlığın hündürlüyü də azaldılmışdır. Lakin, yeniliklər təkcə radiator toru ilə məhdudlaşmır - avtomobil sələfindən tamamilə yeni ön kapot, qanadlar, işıq diodlarından hazırlanmış ön fənərlər, qabaq və arxa bamperlərlə fərqlənir. Arxa işıq texnikası da maraqlı tərtibata malikdir. Diqqətlə baxsanız fənərlərin B hərfi formasında tərtib edilidiyini görərsiniz. Yeri gəlmişkən B hərfini ön bamperdəki havalandırma girişlərində də müşahidə edə bilərsiniz.

512 at qüvvəli mühərrik möhtəşəm görünüşə malikdir

Avtomobilin iç məkanı da müəyyən dəyişikliklərə məruz qalmışdır. Bunlar yeni formaya malik olan oturacaqlar, qapıların haşiyələri və dirsəkaltı dəstəkləri, həmçinin şüşədən hazırlanan açarlardır. Yeni flaqmanın interyerinin tərtibatı üçün 24 çalara malik olan yüksək kefiyyətli dəridən,13 növ şpondan, cilalanmış poladdan, şüşədən və uzun xovlu xalılardan istifadə edilir. Bundan başqa, yeni Bentley Mulsanne ən müasir texnologiyalarla da təchiz edilmişdir. İlk növbədə, 8-düymlük sensorlu ekrana, 60 Gb-lıq sərt diskə və yeni naviqasiya texnologiyalarına malik olan multimedia sistemini qeyd etmək lazımdır. Eyni zamanda, My Bentley əlavəsi smartfon və ya planşetlərin avtomobilin sistemləri ilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. Misal üçün, bu əlavə sayəsində smartfondakı kontaktlardan istifadə edərək naviqatora marşrut yaratmaq tapşırığı vermək olar. Digər maraqlı bir əlavə Smart Remote sistemidir.

Bu sistem arxa oturacaqların sərnişinlərinə smartfon və planşetlər vasitəsi ilə multimedia sistemini idarə etmək imkanı yaradır. 

Sürücü də dəbdəbə ilə əhatə edilmişdir

Arxa oturacaqların sərnişinləri üçün 10,2-düymlük planşet kompyüterləri nəzərdə tutulmuşdur. Android ƏS ilə çalışan planşetlər qabaq oturacaqların söykənəcəklərində quraşdırılmış xüsusi yuvalarda yerləşdirilmiş ki, düyməyə bir toxunuşla bu planşetləri üzə çıxaran mexanizmləri işə salmaq olur.

4G İnternetlə, Wi-Fi və Bluetooth modulları ilə təchiz edilmiş planşetlər Skype, Google Play və Spotify kimi əlavələrdən istifadə etmək imkanı yaradır. Bu planştlərdən nəinki avtomobildə, həmçinin ofis və evdə də istifadə etmək olar. İnternetə, internet-radio və axın videosuna qoşulmaq avtomobildə quraşdırılmış Wi-Fi və 4G modulu sayəsində mümkündür. Avtomobilin avadanlıq siyahısına üç rejmə - Town (şəhər), Country (şəhərkənarı) və Motorway (avtomagistral) rejiminə malik olan uzaq işıqlandırma köməkçisi, kor zonalara nəzarət sistemi, toqquşmaların qarşısını alan avtomatik stabilləşdirmə sistemi daxil edilmişdir.

Bentley Mulsanne modelinin təchizatına 18 dinamikli və 19 kanallı, 2200 vatt gücü olan Naim for Bentley Premium Audio yüksək kefiyyətli səs sistemi daxildir.

Mulsanne sedanında yalnız burada səyahət etmək gərəkdir

Bentley Mulsanne 512 at qüvvəsi və 1020 Nm fırlanma anı olan 6¾-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqati 8-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə sedanı 5,3 saniyəyə 100 km/saat həddinə kimi sürətləndirir. Avtomobilin maksimal sürəti 296 km/saat təşkil edir. Təbii haldır ki, Kryudan olan mütəxəssislər avtomobilin şassisi üzərində ciddi şəkildə çalışmışdırlar. Mühəndislər mühərrikin aktiv dayaqlarını və asqının bir sıra elementlərini yeniləmiş, eyni zamanda avtomobili Mulsanne modeli üçün xüsusi hazırlanmış şinlərlə təhciz etmişdirlər. Avtomobil Bentley, Sport, Comfort və Custom rejimlərinə malik pnevmatik asqı sistemi və 20-düymlük təkər distləri ilə standart olaraq təchiz edilir.

Yeri gəlmişkən, pnevmatik asma sisteminin proqram təminatı da yenilənmişdir ki, bunun sayəsində avtomobil daha rəvan gedişə malik olmuşdur.

Arxa sərnişinlərin əyləncəsi üçün hər bir şərait yaradılmışdır

Mənim sürücü kimi sınadığım ilk Mulsanne modeli Signature modifikasiyası oldu. Sükan arxasına oturan ilk andan avtomobilin iri qabaritlərə malik olduğunu hiss edirsən - uzun kapota nəzər yetirməniz kifayətdir.

Güclü mühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu güclü və rəvan sürətlənməni təmin edir - mühərrikin möhtəşəm dinamik göstəriciləri sayəsində heç idman rejimini seçməyə də ehtiyac belə duymursan. Sükan sistemi iri sedanı şəhərdə rahatlıqla yönləndirməyə imkan verir.

Açığını desəm, mənə Mulsanne Signature modelində hansı oturacaqda səfər etməyə üstünlük verdiyimi soruşsanız, bir mənalı olaraq arxa oturacağı seçərdim - bu avtomobildə hər şey arxa sərnişinlərin rahatlığına köklənmişdir. Avtomobili idarə etmək isə, işə qəbul edəcəyiniz sürücünün vəzifəsidir. 

Mulsanne sedanın arxa oturacağında özünü tamamilə ətraf mühitdən təcrid olunmuş hiss edirsən. Bunun üçün arxa şüşələri örtən avtomatik pərdələri bağlayaraq rahatlıqla gündəlik işlərinizlə məşğul olmaq imkanı vardır. İnternet şəbəkəsinə çıxış nöqtəsi və arxa sərnişinin sərəncamına verilmiş planşetlər vasitəsilə poçtunuzu yoxlaya, zəngləri həyata keçirə, gündəlik xəbərlərlə tanış ola bilərsiniz. Əlbəttə ki, axın videosu sayəsində filmləri, televiziya kanallarındakı xəbəri də izləyə bilərsiniz. Əgər dincəlmək istəsəniz, arxa kleslonun elektrik tənzimlənməsi və asma sisteminin rəvan gedişi bunu asanlıqla həyata keçirmək imkanı verəcəkdir.  

Ardı var....

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt