BMW şirkəti M4 Competition Coupe x Kith eksklüziv versiyasını təqdim edib. Yeni modifikasiya Nyu-Yorkdan olan Kith geyim markası ilə əməkdaşlıqda yaradılıb. Bavariya konserni xüsusi seriyadan olan kupeni 150 nüsxəlik məhdud saylı tirajla buraxacaqdır.

BMW M4 Competition Coupe x Kith üç tutqun rəngə boyamağı təklif edir: qara Frozen Black, tünd-gümüşü Frozen Dark Silver və ağ FrozenBrilliant White. Kupe üzərində Kith loqosu yazılmış karbondan dam və BMW M bölməsinin firma zolaqları ilə təchiz olunur. Bavariya markasının kapot, baqaj qapağındakı və sükandakı emblemləri amerikan geyim markasının loqosu ilə əvəz edilib. Əlavə olaraq, kupe müxtəlif ölçülü qara təkər diskləri və qırmızı əyləc supportları ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kupenin salonunda karbon karkası, M loqotipləri olan və Merino dərisi ilə örtülmüş (bu, BMW şirkətinin təklif etdiyi ən bahalı və keyfiyyətli dəri versiyasıdır) üçrəngli idman oturacaqları quraşdırılıb. M4 Competition Coupe x Kith kapotunun altında 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbo mühərriki yerləşir. Güc qurğusu səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Kupe 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saatdır.

Artıq qeyd etdiyimiz kimi, BMW M4 Competition x Kith kupesinin ümumi tirajı 150 nüsxədən ibarət olacaqdır. Avtomobil üçün əvvəlcədən sifarişlərin qəbuluna 23 oktyabr tarixində başlanıb. Xüsusi seriyadan olan kupenin qiyməti 109.250 dollardan başlayır. Məhdud seriyadan olan ilk M4 kupesinin tədarükünə 2021-ci ilin yayında başlanacaqdır.