Lada Vesta avtomobilinin uzunmüddətli testləri davam edir. Test avtomobilimizin odometrində yürüş 2000 km-ə yaxınlaşır. Soruşa bilərsiz ki, bir ay ərzində elə bu qədər sürmüsüz?! Amma qınamayın, karantin və məhdudiyyətlər şəraitində necə deyərlər, buna da şükürlər olsun. İnşallah, zaman gələr, Azərbaycanın ən ucqar rayonlarına səfərlər edərik, avtomobili enişi-yoxuşlu yol şəraitində sınayarıq, yerlərdə avtomobil həvəskarlarına yeni Lada Vesta-nın nə aləm olduğunu göstərərik.

Hələlik isə onu şəhər şəraitində sınayırıq ki, görək yerindən sürətlənmə, sükana və pedallara həssaslıq, manevrlənmə necədir, qızmar yay istisində tıxaclarda özünü necə hiss edir, nə qədər yanacaq sərf edir, dar parkinqlərdə assistentlər yardımçı olurmu, salonun rahatlığı, baqajın funksionallığı necədir, klimat kontrol necə, salonu sərin saxlayırmı?

Tezliklə ilk yağdəyişmə və texniki baxış xidməti üçün rəsmi idxalçı «Xəzər-Lada»nın texniki mərkəzinə müraciət edəcəyik. Oradan da maraqlı reportaj hazırlamağı planlaşdırırıq. Bu gün isə küçədə, dayanacaqda, yanacaqdoldurma stansiyalarında, sosial şəbəkələrdə ən çox eşitdiyim suallara cavab vermək istəyirəm: «Qaqa, bu avtomatdır, ya robotdur?», «Əşi, Lada hara, avtomat hara?», «Doğrudan yaxşı işləyir, yoxsa reklam eləyirsən?»… Sonuncu suala dərhal cavab vermək istərdim: «Doğrudan yaxşı işləyir, reklam eləyirəm. Əcəb eləyirəm, çünki avtomobil buna layiqdir»… İndi isə keçək sürət qutusuna.

Bəli, həqiqətən deyilən adı çəkilən o AMT «robotu» özünü «pis apardı», ipə sapa yatmadı. Nə qədər «apqreyd» etdilər, düz-əməlli işləmədi, vəssəlam. Məhz buna görə istefaya göndərildi. Yeni Lada Vesta modellərində işləyən yeni nəsilli Jatco variatorunun həmən transmissiya ilə heç bir əlaqəsi yoxdur. Bəs hardan gəldi bu sürətlər qutusu?

Əvvəla xatırladım ki, hazırda AvtoVAZ Renault-Nissan alyansının tərkib hissəsidir. Yeni Lada Vesta modelində tətbiq olunan asqı Renault-dan, mühərrik və sürətlər qutusu isə Nissan-dan köçürülüb. Transmissiyanın tam adı Jatco JF015E-dir, Nissan mütəxəssisləri onu məhz belə adlandırırlar. Ümumiyyətlə, Jatco kompaniyası qlobal dünya lideridir. Belə ki, dünya üzrə bü tipli transmissiyaların yarısını istehsal edir. Bu model isə mühərrik həcmi 1.8 l-ə qədər olan kompakt avtomobllərdə 180 Nm fırlanma anını ötürmək üçün nəzərdə tutulub. Bu gün dünyada populyar olan Nissan Juke, Nissan Qashqai modellərində bu transmissiyaya rast gəlmək olar. Suzuki və Mitsubishi də öz qabaq ötürücülü modellərində məhz bu transmisiyaya üstünlük verir.

Bu Jatco-nun özəlliyi ondadır ki, variator onun sadəcə bir hissəsidir. Konstruksiyaya hidrotransformator və iki pilləli planetar reduktor da daxildir. Adətən ənənəvi «avtomat»larda tətbiq olunan bu düyünlərin sayəsində mühənsidlər sürətlər qutusunun ölçüsünü kiçiltməyə, iş diapazonunu isə artırmağa nail olublar. Daha bir konstruktiv özəllik - geriyə hərəkət üçün selektorun dəstəyini R mövqeyinə gətirirsiz, lakin şkivlərin fırlanma istiqaməti dəyişməz qalır. Nəzərə alsaq ki, dar parkinqlərdə çoxlu sayda qabağa-geriyə manevlər etməyə məcburuq, bu xüsusiyyət şübhəsiz transmissiyanın ömrünü uzadacaq.

Ümimiyyətlə istehlakçını konstruktiv xüsusiyyətlər, sxemlər yox, konkret suallar maraqlandırır: sürətlər qutusunun resursu nə qədərdir və yağ neçə min km yürüşdən sonra dəyişdirməlidir və ya dəyişdirilməlidirmi?

Şimali Qafqaz dağlarında AvtoVaz tərəfindən təşkil olunmuş press-testlər zamanı mən bu sualları Lada Vesta layihəsinin rəhbəri Aleksey Lixaçeva ünvanlamışdım. Cavabı belə oldu ki, transmissiyanın konstruktiv olaraq mürəkkəbləşdirilməsi onun etibarlığını azaltmayıb, əksinə, 120 min km-ə qədər heç bir texniki xidmət, yaxud yağdəyişməyə ehtiyyac yoxdur. 120 mində isə sadəcə rəsmi servis mərkəzində diaqnostika keçməlidir. Araşdırmalar göstərir ki, analoji transmisiya başqa avtomobillərdə 250, hətta 300 min km problemsiz xidmət edir.

Şübhəsiz, sürücünün drayv tərzindən çox şey asılıdır. Soyuq transmissiya ilə «kik-daun» edərsən, içinə metal «strujkalar» tökülər. Hərçənd bu metal qırıntılarını ram etmək üçün xüsusi maqnitlər də qurulub, amma insaf da yaxşı şeydir. Svetofordan idman avtomobili kimi irəli atılıb kimə və nəyi sübut edirsən? Avtomat transmissiyalar yumşaq hərəkəti sevir, bunu hamı bilir. Lada Vesta yaraşıqlı, kompakt və funksional ailə avtomobilidir. Nə qədər yumşaq davranarsan, ailəni də o qədər çox gəzdirər. Özü də artıq xərcsiz-filansız. Aşağıda avtomobilin bəzi göstəricilərini cədvəl şəkilində təqdim edirəm. Sürət və dinamika barədə - gələn məqalədə. Test-drayv davam edir.