Səyahət sevincli emosiyadır, istər işgüzar ezamiyyət olsun, istər məzuniyyət və yaxud hansısa səbəbdən əcnəbi ölkəyə səfər. Səfərə hazırlaşarkən geyim əşyaları, gərəkli predmetləri seçərək çantanı toplama mərhələsi başlayır. Səfər üçün ən rahat çanta – çamadandır.

✽ Bu məqaləyə də baxın – Çamadanı yığcam toplama üsulu ➤

Bəzən, qənaət məqsədi ilə çox ucuz olanını alıb, elə ilk səfərdə problem yaşayaraq əsəbləşirsən. Çamadan nəqliyyatda (xüsusi ilə hava nəqliyyatı) daşıma zamanı yüksək təzyiqlərə məruz qalır, baqaj anbarılarında və transferlərdə daşınma zamanı hətta qırıla (yırtıla) bilər. Buna səbəb isə qənaət, xəsislik yaxud da məlumatsızlıq səbəbindən əldə olunan keyfiyyətsinz çamadan seçimidir. 

Çamadanın xarici görünüşü, rəngi ilə yanaşı onun daha vacib digər xüsusiyyətləri mövcuddur. 

Çamadan seçərkən aşağıdakı faktorlara diqqət yetirmək lazımdır:
• İstehsalçının markası (brend)
• İstehsal olunduğu material
• Furnitura
• Ölçüsü
• Çəkisi

İlk maddə ona görə vacibdir ki, istehsalçının adı (markası, brendi) keyfiyyət haqqında çox şey deyir. Tanınmadığınız markadan olan yaxud saxta (feyk) “brend” çamadanı seçərkən keyfiyyətə heç bir zəmanət verilmir. Çox zaman alıcı qənaət etdiyini düşünür, lakin müdriklər deyib ki, xəsis iki dəfə ödəyir. Qısa müddət ərizndə xarab olanın əvəzinə yenisini almaq məcburiyyətindəsiniz. Bu isə baha başa gəlir. 

Hər bir əşyanın dəyəri necə hesablanır:
Qiymət/İstifadə sayı = 1 dəfə istifadə üçün dəyər

Əgər öz avtomobilinzlə səfərə çıxırsanızsa, onda çox baha çamadan almaq şərt deyil. Lakin, tez-tez hava nəqliyyatı vasitəsi ilə səfərlər edərkən, daha keyfiyyətli çamadana ehtiyac olacaq. Keyfiyyətin zəmanəti də – İstehsalçının adıdır (brendi). Etibar edilən istehsalçılara üstünlük vermək məqsədəuyğundur. Bu markanın mütləq premium sinif olması deyil. Hətta, rəsmi və keyfiyyəti ilə imic qazanmış Çin markalarına da diqqət yetirmək olar. Çünki, bu şirkətlər öz imicinə dəyər verir, ona görə də müştəriyə dürüst yanaşırlar.

Çamadan üçün materiallar

Çamadanın istehsal olunduğu material onun dözümlülüyünə və qiymətinə təsir edir. 

ABS plastik – yüksək dözümlülüyü və zərbəyə davamlılığı ilə fərqlənir. Bundan əlavə, digər plastik materiallarla müqayisədə çox ucuzdur. Materialın mənfi xüsusiyyəti – sərtliyidir. İstifadə zamanı elastikliyinin az olması səbəbindən və təzyiqlərdən qırışlar meydana gələ bilər. Bunun qarşısını almaq üçün çamadanı maksimal şəkildə doldurmaq lazımdır ki, təzyiqə məruz qaldıqda onu əyilmədən qorusun.

Polipropilen – orta qiymət seqmentindədir. Bu materialdan çamadan deformasiya və çatlamağa qarşı yüksək müqavimətə malikdir. Bundan əlavə, nəmə və istiyə yaxşı dözür. Bu keyfiyyətlər korpusun etibarlılığını və dözümlülüyünü təmin edir. Belə çamadanların əsas çatışmamazlığı – ağır çəkisidir. Çəki xüsusilə böyük ölçülü çamadanlarda yüksək olur.

Polikarbonat – çamadan üçün ən yaxşı və dözümlü materialdır. O, yüksək dayanıqlılıq və elastikliyi özündə birləşdirir, zərbələrə və təzyiqə davamlıdır. Polikarbonatın səthi aşınmaya qarşı dayanıqlıdır. Material nəmə, aqressiv maddələrə, yüksək temperaturlara, şaxtaya yaxşı dözür. Əlavə olaraq, polikarbonatın çəkisi də azdır. Bu göstəricilər çamadanı çox etibarlı və dözümlü edir, onun görünüşünu uzun müddət saz saxlayır və istifadəni rahat edir. Lakin, bu materialdan hazırlanmış çamadanların qiyməti ABS və polipropilendən dəfələrlə yüksəkdir. 

Tekstil çemodanlar da mövcuddur. Onların istehsalında neylon və polyesterdən istifadə olunur. Seçim edərkən parçanın sıxlığına diqqət yetirmək lazımdır (yüksək sıxlıqlı olduqca dözümlü olacaq). Sıxlıq «D faktor» olaraq etiketdə göstərilir. D300 ən aşağı keyfiyyətdir. Keyfiyyətli çamadanda bu göstərici D800-dən yüksək olmaldır. Poliyester ucuz, neylon isə bahalı çamadanlarda tətbiq edilir. Qiyməti azaltmaq üçün polyester və neylon qarışığından istifadə olunur.

Parça çamadanın üstünlüyü zərbəyə qarşı dözümlülüyü (plastik qırıla və çatlaya bilər), yüngül çəkisi, üzərində ciblərin olması və daha ucuz qiymətidir. Çatışmamazlığı isə nəmişliyə qarşı zəiflik, daxilindəki əşyaların qorunmasının aşağı səviyyədə olmasıdır.

Alüminium çamadanlar polikarbonat və ya tekstil çamadanlardan daha davamlıdır, lakin onlar cızılmaya və əyilməyə meyllidirlər. Digər tərəfdən onlar daha təhlükəsizdir, çünki alüminium çamadanlar ümumiyyətlə zəncirbəndlə deyil, kilidlərlə bağlanır. Alüminium çamadan aviaşirkətin müəyyən etdiyi ölçülərə uyğundursa, əl baqajı kimi istifadə edilə bilər.

Dəri – ən bahalı və premium səviyyəli təkərli çemodanlar üçün istifadə edilir. Həqiqi dəridən olan çamadanlar adətən S model ölçüsündə olur və kabinə götürülmək üçün nəzərdə tutulur. Belə çamadanlar yüksək dəyəri və keyfiyyəti ilə fərqlənən premium markalar tərəfindən təklif olunur. Onları baqaja vermək qəbul olunmayıb, kabin çantası şəkilində istifafə olunur. Çünki dəri nə qədər dözümlü olsa da, anbarda daşınma zamanı yırtılma, cızılma və korlanma riski yüksəkdir. Əlbəttə ki, dəri çamadanları premium brendlərdən almaq məsləhətdir. Axı, belə çanta onillərlə istifadə olunur.

Çamadan təkərləri

Çamadanlar iki, dörd və səkkiz təkərli olur. İki təkərli (öndə təkər əvəzinə dayaqlar olur) eniş və yoxuşda daşımaq üçün rahatdır, minimum əşya götürənlərə uyğundur. Belə çamadanların təkərləri gövdəyə bərkilidikləri üçün sınma riski daha azdır. Bununla yanaşı, qola düşən ağırlıq daha yüksəkdir, çünki bu çamadanı əyilmiş şəkildə daşımaq lazım gəlir. 

Dörd təkərli çamadanları daşımaq daha asandır (həm əyilmiş, həm də dik vəziyyətdə aparıla bilər), lakin təkərlər gövdədən kənara çıxır, ona görə də onların daha tez-tez sınma şansı var. Ən yaxşı seçim arxada iki böyüdülmüş, öndə isə iki kiçik təkəri olan çamadanlardır. Səkkiz təkərli modellər ağır yüklər üçün uyğundur. 

Təkərlərin 360 dərəcə fırlanması vacibdir, çünki istənilən istiqamətdə manevri daha asan edir. Təkərlərin keyfiyyəti eyni dərəcədə zəruridir. Daha ucuz modellər aşdıqda, zərbələrə və ya maneəyə rast gəldikdə daha tez sıradan çıxan kiçik plastik təkərlərlə təhciz olunur. Metal bağlayıcıları olan silikon təkərlər davamlıdır, yaxşı dığırlanır və demək olar ki, səs-küy yaratmır. Plastik və yarı plastik variantlar daha populyardır, çünki daha ucuzdurlaar, lakin daha tez sınırlar. Təkərlərin dəyişdirilməsi çətindir, ona görə sərt rezin təkərlər üzərində çamadana üstünlük vermək məqsədəuyğundur.

Çamadan furniturları

Çamadanın teleskopik qulpunun keyfiyyəti də əhəmiyyətlidir. Ən davamlı olanlar alüminiumdan hazırlanır. Çamadanı seçən zaman qolun rəvan hərəkət etdiyinə əmin olun. Qol tamamilə bağlandıqda avtomatik olaraq kilidlənməlidir. Çamadanı daşımağın rahat olması üçün kifayət qədər uzun qola sahib olmalıdır. Korpusun üst hissəsi və yan tərəfində tutacaqların (qulp) olması çamadandan istifadəsini rahat edir.

Zəncirbənd geniş, rezinləşdirilmiş, metal dişli olmalıdır. Çamadanı genişlətmək üçün əlavə zəncirbəndi onun ölçüsünü və tutumunu artırmağa imkan verir.   

Kilidlər kod yaxud qıfılla olur. Kod kilidlər arasında TSA (Travel Sentry Approved) üstünlük verilir. Gömrük Xidməti tərəfindən baqajı yoxlayarkən çamadanın mexanizmini pozmadan xüsusi açarla aça bilirlər, bu da kilidə zərər yetirmir. Bəzən yoxlama zamanı qıfılı açma mümkün omadıqda gömrük nəzarətçiləri tərəfindən sındırıla bilər. Aviaşirkət bunun qarşılığında heç bir cavabdehlik daşımır və kompensasiya vermir.

Çamadanın ölçüləri

Ölçü olaraq çamadanların müəyyən standartları var. Standart təsnifat üzrə səyahət çamadanları ölçüsünə görə 4 kateqoriyaya bölünür (Bu kateqoriyaların hər biri istehsalçılar tərəfindən düymlərlə göstərilir): S, M, L və XL ölçüdə olur.

S ölçüsü - əl/kabin baqaj (19-21 düym)

S ölçülü çamadan 3 günə qədər qısa səfərlər üçün uyğundur. Şəxsən Mən 5 günə qədər səfər edərkən, bel çantası da əlavə olmaqla, S çamadanı götürürəm. Belə ölçüdə baqaj əksər aviaşirkətlər tərəfindən kabinə buraxılır. Beləliklə, S ölçüsü əl yükünə aiddir. İcazə verilən ölçülər aviaşirkətdən asılı olaraq dəyişir və təxminən 55x40x20 santimetrdir. Bu çemodanı istifadə edərkən, baqajl təhvil verib, geri almağa zaman itkisi olmur.

M ölçüsü - kiçik baqaj (23-25 düym)

M ölçülü çamadan qeydiyyata götürülən kiçik ölçülü baqaja aiddir. Belə ölçülü çamadanlar təyyarə ilə səyahət edərkən qeydiyyat zamanı təhvil verilməlidir. Təxminən 1 həftəlik səyahət üçün M ölçüsü tövsiyə olunur. Çox az baqaj tələb edən səyahətlər üçün (məsələn, yay tətili) nəzərdə tutulub. Belə çamadan 2 həftəyə qədər səyahətlər üçün də uyğundur.

L ölçüsü - böyük baqaj (26-28 düym)

L ölçülü çamadan da təyyarə ilə səyahət edərkən qeydiyyat zamanı təhvil verilməlidir. Təxminən 2 həftə davam edən səyahətlər üçün uygundur. Səyahət növündən asılı olaraq, bu ölçü də 3 həftəyə və ya daha uzun müddətə asanlıqla səyahət etməyə imkan verir.

XL ölçüsü - çox böyük baqaj (29-32 düym)

XL çamadanın ölçüsü 2-3 həftə davam edən uzun səfərlər üçün uyğundur. Bununla yanaşı, XL ölçüsü hava nəqliyyatı ilə səfərlər üçün yalnız məhdud dərəcədə uyğun gəlir. Əksər aviaşirkətlər üçün belə ölçü çox böyükdür və qeydiyyat zamanı qəbuldan imtina ola bilər. Ən yaxşı halda isə, böyük ölçülü baqaj üçün əlavə ödəniş tələb oluna bilər.

158 santimetr (62 düym) aviadaşımada çamadanın icazə verilən maksimum ölçüsüdür. Göstərilən 158 santimetrlik məcmu ölçülər – genişlik, hündürlük və dərinlik nisbətindən hesablanır.

62 düymlük baqaj necə hesablanır:
Genişlik + Hündürlük + Dərinlik = 158 cm (62 düym)

Çamadanın boş çəkisi

Çəki məsələsi də əsas faktorlardandır. İstifadə olunan materialdan və ölçüdən asılı olaraq çamadanın çəkisi dəyişir. Çamadanın öz çəkisi artdıqca ona toplanacaq əşyaların çəkisi azalır, çünki aviaşirkətlər biletin sinifindən asılı olaraq çəki üzrə məhdudiyyət tətbiq edirlər. Bu səbədən də çamadanın boş çəkisinin az olması onun üstünlüyüdür. 

Çamadan istehsalçıları

Tanınmış çamadan istehsalçıları – Samsonite, American Tourister, Rimowa, Delsey, Roncato, Ricardo, Heys, Dielle, Piquadro, Francesco Molinary, Wenger, Louis Vuitton, Victorinox, Titan, Tumi, Hartmann, Xiaomi markalardır. Ekonom sinifində isə Alezar, Mr.Bag, Grott, L`case, iFly çamadanlarına diqqət yetirmək olar.

Satış qiymətinə gəldikdə isə, hətta premium markaların çamadanını əlverişli qiymətə əldə etmək mümkündür. Bunun üçün autlet mağaza yaxud onlayn autletlərdə axtarış etmək məsləhətdir. Keçən illərin kolleksiyasından olan çamadanları böyük endirimlərlə əldə etmək mümkündür. İstehsalçılar hər il yeni modellər satışa çıxarırlar, eyni zamanda, anbarda qalmış keçən ilki modelləri “əritmək” üçün çox ucuz qiymətlər tətbiq edirlər. 

Səfərə çıxarkən həzz almaq lazımdır, ona görə çamadan kimi məsələlərin əhval ruhiyyənizi pozmasına imkan verməyin.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.