İstirahət yaxud işgüzar səfərə hazırlaşarkən əşyaları toplayıb, çamadana yerləşdirmək əksəriyyət insanlar üçün problemə çevrilir, çünki səfərə daha çox əşya götürmək istəyi yaranır, lakin onların hamısını çamadana yerləşdirmək olmur. Ancaq, əşyalar düzgün və yığcam üsul ilə səliqəli şəkildə yerləşdirilərsə, hətta boş yer də qala bilər.
Son 25 ildə fəaliyyətimlə əlaqədar çoxlu səfərlərim olduğu üçün, bu qaydaları öyrənib, uzun illərdir ki, tətbiq edirəm. Avtomobil testləri zamanı xarici səfərlər qısa müddətli (bir neçə günlük) olur. Bununla yanaşı, proqramda müxtəlif təbdrilərin olması, bütün əşyaları tək kabin çamadanına, bel (back pack) yaxud əl çantasına (duffle bag) yerləşdirmək məcburiyyətində qaldığım üçün, aşağıdakı qaydaları dəfələrlə sınaqdan keçirmişəm.
✽ Bu məqaləyə baxın – Лучший сувенир – воспоминания ➤
2015-ci ildə 4 Avropa ölkəsinə Porsche Travel Club ilə sayahət zamanı bu təcrübə köməyimə gəlmişdi. Proqramda, bir həftə ərzində, hər gün 2-3 növ müxtəlif dress kod olan tədbirlərdə iştirak nəzərdə tutulmuşdu.
Yola geyinəcəyiniz əşyaları ayırıb, kənara qoyun, sonra digər geyim və əşyaları toplamağa başlayın.
Səfərə hazırlaşmaq üçün aşağıdakı qaydalara riayyət etmək lazım gələcək:
Əvvəlki məqaləmdə göstərdiyim kimi, səfərə çıxarkən kapsul qarderob üsulundan istifadə etmək məsləhətdir. Bu üsul bir-birinə uyğunlaşa bilən müxtəlif obrazlar yaratmağa imkan verən az sayda geyim predmetlərini özündə cəmləşdirir. Səfərə qırışmayan geyimləri götürmək məqsədəuyğundur.
✽ Bu məqaləyə də baxın – Səyahət üçün qırışmayan kostyum ➤
Əşyaları bir neçə gün əvvəl toplamağa başlayın ki, yaddan çıxan heç nə olmasın. Əşyaları yığarkən həmişə səfərin məqsədinə uyğun seçim edin:
- Yay tətili üçün az sayda isti geyim götürmək;
- Xizək kurortunda çox vaxt axşam libasına ehtiyac olmur;
- İşgüzar səfərdə köynək və kostyuma üstünlük vermək;
- Aktiv istirahətdə isə, idman tərzində geyim və ayaqqabılar lazımdır.
Geyimləri və əşyaları mövsüm, getdiyiniz yerdəki hava şəraitini öyrəndikdən sonra seçin.
Toplanmış əşyaları yatağa, divana yaxud döşəməyə düzərək vizual baxış keçirin. Onları siyahıya alıb, vacib olan predemtlərə və əlavə əşyalara bölün. Sonra ikinci hissədən çox vacib olmayanları çıxarın. Daha həcmli və ağır əşyaları daha yığcam və yüngüllərinə dəyişin.
Paltarları seçdikdən sonra onları geyinərək ölçü və vəziyyətini yoxlayın. Bəlkə uzun müddət geyinmədiyiniz əşya sizə böyük yaxud kiçikdir. Həmçinin, onların xarici görünüşünü ləkə və çirkə qarşı yoxlayın ki, səfər zamanı sürprizlə qarşılaşmayasınız.
Yaşayacağınız otel yaxud evdə saç üçün fen, dəsmallar və hamam ləvazimatlarının olmasını araşdırın. Əgər onlar təqdim olunacaqsa, siyahıdan çıxarıb çəkini yüngüllərmək və əlavə yer əldə etmək olar.
Şampun, krem, duş geli, təraş üçün gel və kremləri, ülgüc və sairləri kosmetik çantaya yığın. Onları kabin çamadanında yaxud bel çantasında apardıqda həcmləri 100 millilirtdən çox olmamalıdır. Mayeləri kiçik flakonlara yetəcək qədər süzüb, yola götürmək də olar. Kəsici əşyalar baqaja veriləcək çamadana qoyulmalıdır, əks təqdirdə o, aeroportun təhlükəsizlik əməkdaşları tərəfindən müsadirə olunacaq.
Çamadanı toplamazdan öncə əşyaların toplam çəkisini yoxlamaq lazımdır ki, aeroportda problem yaranmasın və əlavə xərc olmasın. Əgər çəki çoxdursa, müəyyən əşyaları evdə saxlamaq lazım olacaq. Siyahıya göz gəzdirərək, vacib olmayanları çıxararaq, çəkini optimallaşdırın.
Uçuşa neçə çanta götürmək olar?
- Loukost uçuş - 1 yer əl çantası, çəkisi 10 kiloqramdan çox olmayan və ümumi ölçüləri 55 santimetrdən çox olmayan çamadan yaxud bel və ya əl çantası;
- Ekonom sinif – 1 və ya 2 yerlik baqaj (tarifdən asılı olaraq), Çəkisi 23 kiloqramdan çox olmayan və ümumi ölçüləri 158 santimetr olan;
- Biznes sinif – hər biri 32 kiloqramdan çox olmayan, ölçüləri 203 santimetrən çox olmayan baqaj;
Ekstra olaraq əlavə bagaj yeri almaq mümkündür, amma bu çox baha başa gəldiyi üçün sərf etməyə bilər. Müxtəlif aviaşirkətlər və tariflərlərdən asılı olaraq tələblər dəyişə bilər. Aviabilet əldə edərkən, pulsuz baqaj sayı və çəkisi haqqında məlumatı yoxlayın.
Səfər zamanı şoppinq nəzərdə tutulubsa, yeni əşyaların təqribi həcmi və çəkisini də nəzərə almaq gərəkir. Axı onlar geri dönəndə çamadana yerləşməlidir.
Çamadanı toplayarkən, qayıdarkən alacağınız əşyalar üçün boş yerlər saxlayaraq, onları yüngül çəkili qablama kağızlarından istifadə etməklə doldurun ki, çamadan kip olsun. Onları sonradan ataraq, yeni alacaqlarınızla əvəz etmək olar. Getdiyiniz ölkədəki tanışlarınıza hədiyyələri boş yerlərə dolduraraq, geri qayıdanda yeni əşyalarla əvəz etmək də çıxış yoludur.
Ayaqqabıları dəstində olan (premium marka ayaqqabıların qutusunda olur) parça torbalara yığın. Əgər belə torbalar yoxdursa, onları almaq olar. Ən qənaətcil çıxış yolu: hamının evində olan polietilen torbalardan istifadə etməkdir. Hər ayaqqabı üçün ayrı torba istifadə etmək daha yaxşıdır. Ayaqqabının içini isə corablarla (yaxud alt paltar) doldurmaq olar ki, həm yerə qənaət olsun, həm də ayaqqabıları əzilməkdən qorusun.
Rulon şəkilində geyimlər az yer tutur, əzilmə və qırışmanın qarşını alır.
İndi isə çamadanı toplamağa başlayaq.
Daha çox əşya yerləşdirmək üçün onları rulon şəklinə salmaq lazımdır. Belə halda əşya daha kompakt olacaq, həm də əzilmə riskini azalacaq.
Ağır əşyaları (məsələn, ayaqqabıları) çamadanın kənarlarına, yumşaqları isə orataya yığmaq yaxşıdır. Dabanlı və ağır ayaqqabılar çamadının aşağı hissəsinə, düz altlığı və yüngül olanları isə yuxarı hissəyə yerləşdirin. Hündür dabanlı qadın ayaqqabılarının dabanını çamadının iç səmtinə yönəldin. Ayaqqabıların arasını yığcam, əzilməyən geyimlərlə və yumşaq aksessuarlarla doldurun.
Geyim əşyaları əzilməməsi və az həcmdə olması üçün rulon şəkilində yuvarlamaq lazımdır.
Kostyum, don, cins, sviter və köynəkləriniz qırışmayacaq və minimum yer tutacaq. Onları qatlamazdan öncə, tikişlər boyunca səliqə ilə düzəldin.
Əgər səfərdə işgüzar görüşlər planlanlaşdırılıbsa, kostyum götürmək lazım gələcək. Belə hallar üçün əzilməyən və qırışmayan kostyumlara üstünlük vermək lazımdır. Bu haqda əvvəlki məqaləmdə yazmışdım. Kostyumu da rulon şəkilində toplamaq qırışmadan qoruyacaq.
✽ Bu məqalə maraqlı ola bilər – Səyahət üçün qırışmayan kostyum ➤
Kostyumu necə toplamaq olar:
- Pencəyin düymələrini və yaxasını açın.
- Bir çiyini çevirin (qolu çevirməyin, sadəcə yan tikiş boyunca içəriyə düzəldin).
- İkinci çiyin tikişlərini birləşdirərək birincinin içərisinə yerləşdirin.
- Onun kənarlarını səliqəli şəkildə bir-birinə paralel düzəldin və pencəyi yarı qatlayın.
- Şalvarı oxlarına görə yerləşdirin, sonra onu rulon şəkilinə yuvarlayın.
- Rulon şalvarı pencəyin yuxarı hissəsinə yerləşdirərək, pencəyi də yuvarlayaq rulon şəkilinə salın.
Gödəkcə, palto, plaş və kardiqanı da eyni şəkildə qatlamaq mümküdür.
Qadın ətək, don və trikotaj əşyalarını da rahatca rulon şəklində yuvarlamaq olar. Hətta bir neçə nazik əşyanı üst-üstə yerləşdirib, birlikdə yuvarlayanda onların ümumi həcmi azalır.
Kostyum və köynəyin digər daşınma yolu – xüsusi kostyum çexolunda aparmaqdır.
Kəzual köynəkləri rulon şəkilində toplamaq olursa, formal köynəkləri mağazadakı kimi qatlamaq daha məqsədəuyğundur:
- Ütülənmiş köynəyi düz bir səthə yerləşdirin.
- Onun sağ tərəfini qolla birlikdə arxa tərəfə çevirin ki, qol arxa diaqonal boyunca yerləşsin.
- Qolun bir hissəsini yan tikişin yanına yerləşdirin, manjet köynəyin alt kənarı ilə bərabər olsun.
- Eynilə, sol tərəfi qatlayın.
- Köynəyin alt kənarından başlayaraq üç dəfə qatlayın.
- Formanın qalması üçün onun içinə karton (yeni köynəklərdə olanı istifadə etmək) qoya bilərsiniz.
Eyni şəkildə qadın bluzlarını da qatlamaq mümkündür. Köynək və bluzları çamadanın qapaq tərəfində bağlı hissəyə yerləşdirmək onun əzilməsinin qarşını alır.
Alt paltarı həmçinin rulon şəkilinə salıb, boş yerlərə dürtmək olar. Hamam ləvazimatlarını da kosmetika üçün çantaya toplayın.
Çamadanda kifayət qədər yer yoxdursa, vakkum torbalarından istifadə etmək olar. Klapan olmayan çeşidi seçərək, sadəcə əşyaları onun içərisinə qatlayın və sonra artıq havanı buraxaraq rulon şəkilində bükün. Nəticədə - əşya minimum yer tutacaq.
Çamadanda üst hissəyə ilk lazımlı və dərhal ehtiyacınız ola biləcək əşyaları yerləşdirmək tövsiyə olunur.
Səfərin sonunda çirkli paltarın yığılacağı məntiqlidir. Onu təmiz əşyalarla bir şöbəyə yerləşdirməyə dəyməz. Bu məqsədlər üçün xüsusi torba götürmək məsləhətdir.
Çamadanı toplamağın və daşımağın digər vacib hissəsi – onun keyfiyyətli və yüngül olmasıdır. Çamadanın öz çəkisi az olduqca, ona yerləşdirəcək əşyaların çəkisi çox ola bilər. Ona görə çamadan alarkən dayanıqlı materialdan və az çəkili olması vacibdir. Təkərlərinin keyfiyyəti də yolda sınmayacağına zəmanətdir, çünki sınmış təkərlə çamadanı daşımaq çox əziyyətlidir və səfərin bütün kefini pozacaq.
Çamadanlar müxtəlif materiallardan hazırlanır. Ən uyğun çamadan 28 düym ölçüsü olanıdır. Dörd növ material (ABS plastik, Polipropilen, Polikarbonat, Parça) istifadə olunur. Əlçatan qiymətə çamadanlar parça və ABS plastikdən istehsal olunur. Polikarbonat yüksək keyfiyyət və dayanaqlılığı ilə fərqlənir, lakin bahadır. Polipropilendən çamadanlar isə orta seqmentdədir.
✽ Bu məqaləyə də baxın – Çamadan haqqında bilmədikləriniz ➤
Seçim yenə də alıcıya və onun büdcəsinə bağlıdır. Seçim edərkən çamadanın neçə müddət və aralıqla istifadə edəcəyinizə görə qərar verin. Əgər mütəmadi səfərlər edirsinizə, polokarbanat və polipropilen çamadana üstünlük verin.
Artıq Səfərə hazırsınız. Sizə yaxşı yol!
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.