Citroen hetçbek və krossoverlərə alternativ kimi mövqeləndirilən C4 X kross-fastbəkini təqdim edib. Yeni kross-fastbək Citroen markasının model xəttində C4 və C5 X modellərinin arasında yerləşəcək və tam elektrik versiyasında təklif ediləcəkdir. C4 X kross-fastbəki C5 X flaqman modelindən yeni My Citroën Drive Plus multimedia sistemini, poliuretan içlikli Advanced Comfort oturacaqlarını və Highway Driver Assist magistral “avtopilotunu” alacaqdır.

Yeni Citroen C4 X modeli CMP platformasına əsaslanır və C4 hetçbeki ilə unifikasiya edilib. Hər iki model eyni təkər bazasına (2670 millimetr) malikdir, lakin kross-fastbək adi C4 və C5 X modellərinin arasında yer alacaqdır. Avtomobil “hetçbeklərə və krossoverlərə unikal alternativ kimi” mövqeləndirilir və bazardan asılı olaraq müxtəlif güc qurğuları ilə təklif olunacaqdır.

“Yaşıl” avtomobillərin populyar olduğu ölkələrdə kross-fastbək ë-C4 X elektrik versiyasında da təklif ediləcəkdir. Fastbək 100 kilovatlıq elektrik mühərriki (136 at qüvvəsi, 260 Nm) və WLTP dövrünə əsasən 360 kilometrə qədər yürüşü təmin edən 50 kilovat-saat tutumlu 400 voltluq batareya ilə təchiz ediləcəkdir.. Sport rejimində elektromobil 100 km/saat həddini 9,5 saniyəyə toplayacaq və maksimal 150 km/saata qədər sürətlənəcəkdir.

Bundan başqa, modifikasiya çeşidində 110 və 130 at qüvvəli 1,2-litrlik PureTech benzin “turboüçlükləri” ilə (start-stop sistemi olan və olmayan) təchiz edilmiş versiyalar da olacaqlar. 110 at qüvvəli mühərrik altı pilləli mexaniki ötürmələr qutusu, 130 at qüvvəli mühərrik isə, səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Bundan əlavə, C4 X modelinin EAT8 avtomatik transmissiyası ilə tandemdə çalışan BlueHDi 130 dizel mühərriki ilə təchiz edilmiş versiyası da olacaqdır.

Kross-fastbək 10-düymlük ekrana malik yeni My Citroën Drive Plus multimedia kompleksi ilə təchiz ediləcəkdir. O, 20 dildə səs əmrlərini tanıya bilir, səkkizə qədər istifadəçi profilini yadda saxlayır və naviqasiya xəritələrini “hava” üzərindən yeniləyir.

Fastbək üçün, ilk dəfə C5 Aircross krossoverində nümayiş etdirilmiş və “uçan xalça” adlandırılmış, hidravlik gediş məhdudlaşdırıcıları olan Progressive Hydraulic Cushions asqısı və forma yaddaşı (qatın qalınlığı 15 millimetr artıb) olan poliuretan köpüyündən hazırlanmış Advanced Comfort oturacaqları da bəyan edilib.

Bundan əlavə, C4 X modelinin təchizatına iki zonalı klimat-kontrol, bütün oturacaqların, ön şüşə və sükan qızdırılması daxildir. Sürüşərək açılan panoram lyuk, kontur işıqlandırması, simsiz enerji doldurma, planşeti bərkitmək üçün Smart Pad Support kronşteyni və iyirmiyə yaxın elektron köməkçi, o cümlədən Highway Driver Assist magistral “avtopilotu” da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni ë-C4 X və C4 X modelləri Stellantis konserninin İspaniyadakı zavodunda buraxılacaqlar. Satışların başlaması 2022-ci ilin avqust ayına planlaşdırılıb. Citroen markası Azərbaycanda təmsil olunmayıb, odur ki, bu markanın avtomobilləri bizim bazarda satılmırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.