24 iyun. Bu tarixi yaxşıca yadda saxlayın. Məlum olduğu kimi, aprel ayının ikinci yarıcında Ferrari şirkəti V12 mühərriki ilə hərəkətə gələn ekstremal 812 Competizione superkarını təqdim etmişdi. İndi isə, italyan istehsalçısı silindrlərinin sayı iki dəfə az olan yeni superkarı təqdim etməyə hazırlaşır. Artıq anladığınız kimi, yeni superkarın debütü yuxarıda qeyd etdiyim tarixdə baş tutacaqdır.

Ferrari Dino 246 GT

Hələlik isə, Ferrari şirkəti maraqlı bir videotizeri dərc edib və bu tizerdə yeni superkar haqqında bir məlumat belə yoxdur. Yeganə məlum olan, gələn həftə işıq üzü görəcək avtomobilin “inqilabi” xarakter daşıyacağıdır.

Bu sözün işlədilməsi başqa cinsdən olan Ferrari avtomobilini görəcəyimizə ümid verir. Digər tərəfdən FerrariChat forumunun iştirakçıları V6 mühərriki ilə təchiz edilmiş əlçatan Ferrari avtomobilinin təqdim ediləcəyindən əmindirlər.  Dərhal yada Ferrari Dino modeli düşür...

Ferrari Dino 246 GT

Ferrari SF90 Stradale modeli kimi, yeni sportkarın da hibrid güc qurğusuna sahib olacağı deyilir. Əlbəttə ki, yeni superkarın Maserati MC20 modelindən tanış olan 3,0-litrlik V6 Nettuno mühərrikini alacağını da söyləyənlər var. Əgər ehtimallar doğrudursa, 3,0-litrlik mühərrik elektrik aqreqatı ilə tandemdə çalışmalıdır.

Dolaşan şayiələrə görə, F171 kod adlı superkar 700 at qüvvəsinin üzərində gücə sahib olacaqdır. Bu yeni superkara McLaren Artura modeli ilə rəqabət aparmağa imkan verəcəkdir. Xatırladaq ki, ingilis superkarı ümumi gücü 671 at qüvvəsi olan hibdir güc qurğusu ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt

 Çox güman ki, müasir Dino sportkarı SF90 Stradale superkarından alınmış batareya ilə təchiz ediləcəkdir. Bu isə, ona elektrik ötürməsi ilə müəyyən məsafəni qət etməyə imkan verməlidir. Qısa olsa da... Digər tərəfdən, Ferrari sahibinin fikirləşəcəyi son məsələ məhz elektrik ötürməsi ilə qət edilən məsafədir.

Xəbərə əlavə olunan videoçarxda isə, FDA Esports pilotu və F1 Pro Series seriyasının dünya çempionu Dəvid Tonizza simulyatorda virtual sportkarı idarə edir. Bir müddətdən sonra, kamera diqqəti əsl avtomobilin sükan çarxına yönəldir. Göründüyü kimi, sükan çarxında yeni Ferrari avtomobillərində olduğu kimi, sensorlu idarəetmə yoxdur və bu bir çoxlarının xoşuna gəlməlidir.

Ümid edirik ki, 24 iyunda bizə virtual deyil, əsl superkar nümayiş etdiriləcəkdir. (c) Autograph.az