GAC Trumpchi GS8 krossoverinin nəsil dəyişdirəcəyi barədə artıq məlumat vermişik. Krossoverin ikinci nəsli bir ay bundan əvvəl anons edilsə də, yeni avtomobilin “canlı” təqdimatı yalnız bu günlərdə baş tutub.

 Qeyd etmək gərəkdir ki, təqdimat zamanı nümayiş etdirilən krossoverin qapıları bağlı, şüşələri isə tamamilə tündləşdirilmiş olub. Odur ki, GS8 modelinin interyer dizaynı hələ də sirr olaraq qalır. Bununla belə,  krossoverin ikinci nəsli barədə yeni məlumatlar dərc edilib. 

Beləliklə, bizim bazarda GAC Trumpchi GS8 kimi tanınan krossover brutal dizayn üslubunu qoruyub saxlasa da, sələfindən daha böyük olub. Krossoverin uzunluğu 4980 millimetr, eni - 1950 millimetr, hündürlüyü isə 1780 millimetrdir. Təkər bazasının ölçüsü 2920 millimetr təşkil edir.

Bu isə, yeni krossoverin sələfindən 44 millimetr uzun, 40 millimetr enli və 10 millimetr hündür olduğunu bildirir. Təkər bazası da əvvəlki ilə müqayisədə 120 millimetr artıb. Halbuki, əvvəl çinlilər ölçü artımının ciddi olacağını bəyan etmişdilər.

İkinci nəsil GS8 modeli GPMA (GAC Global Platform Modular Architecture) modul platformasında inşa edilib. Bu platforma iki bundan öncə yığcam GAC Trumpchi GS4 krossoveri ilə birlikdə debüt edib. Yeni platforma köndələn yerləşən mühərrikə, əsas ön ötürməyə, öndə McPherson dayaqlarına, arxa da isə çoxqollu asıqıya malikdir.

Yeni GS8 modeli iki versiyada debüt edib. Baza variant 252 at qüvvəli benzin turbomühərriki ilə təklif olunur. Bu mühərrikin fırlanma anı 390-dan 400 Nm-ə qədər artırılıb. Altı pilləli “avtomatı” səkkiz pilləli variant əvəzləyib.

İkinci versiya hibriddir. Belə modifikasiyanı ön tərəfin aqressiv dizaynı sayəsində tanımaq olar: “dişli” radiator barmaqlığı kapotdan ön bamperin aşağı ucuna qədər uzanır. Hibrid krossover də 2,0-litrlik turbomühərrik ilə təchiz edilir, lakin ötürmələr qutusu Toyota və Lexus avtomobillərindən tanış olan THS (Toyota Hybrid System) elektromexaniki variatorudur.  

GAC və Toyota uzunmüddətli əməkdaşlıq tarixinə malikdirlər və Çin bazarında satılan avtomobilləri istehsal edən müştərək müəssisəyə sahibdirlər. Bu səbəbdən hibrid komponentlərin istifadəsi tamamilə qanunidir. Bununla belə, GAC Motors hibrid krossoverin xarakteristikalarını açıqlamayıb.

Çin istehsalçısı krossoverin altı və ya yeddi yerlik salonda təklif ediləcəyini açıqlayıb. Bu isə, ikinci nəsil GS8 krossoverinin standart olaraq üçüncü oturacaq cərgəsi ilə təchiz edildiyindən xəbər verir.

Yeni krossoverin təchizatına zolaqda saxlama və avtomatik yerdəyişmə funksiyası olan adaptiv kriuz-kontrol, və keçilmiş son bir neçə metri yadda saxlayaraq avtomobili geriya apara bilən avtoparklayıcı daxildir. Kamera sistemi “540 dərəcəlik” müşahidə bucağına malikdir: standart kameralara panoram görünüşü imitasiya edən perimetr üzrə yerləşdirilmiş kamerlar əlavə edilib.  

GAC Trumpchi GS8 modelinin ikinci nəslinin daxili bazardakı satışlarına bu ilin payızında başlanmalıdır. Buna baxmayaraq, modelin birinci nəslinin istehsalına son verilməyəcəkdir və yeni krossover ilə paralel buraxılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.