Bir zamanlar Kia şirkəti bizim bazarda Mohave adlı iri ofrouderi təklif edirdi. Amerikada Borrego adı ilə satılan ofrouder hazırda digər bazarlarda təklif edilməsə də, hələlik öz vətənində və Çində satılmağa davam edir. Hətta, Kia Telluride modelinin debüt etməsi Mohave ofrouderinin sonu demək deyil.

Bu gün Seulda işinə başlamış avtosalonda Kia şirkəti Mohave modelinin ikinci nəslinin carçısı olan Mohave Masterpiece adlı konsepti təqdim edib.  Konseptin adından da göründüyü kimi, Kia bu konsepti özünün “Şah əsəri” kimi səciyyələndirir.  İri, güclü və möhkəm ofrouder təsiri bağışlayan konsept “pələng burnu” firma radiator barmaqlığının yeni tərtibatı, “buz kubu” formasında olan dördnöqtəli LED fənərlərinin əhatəsində maraqlı bir kompozisiya təşkil edir.

Konseptin arxa spoylerində quraşdırılmış iri formalı üçüncü stop-siqnal və maraqlı tərtibata malik olan arxa LED fənərlər dərhal diqqəti çəkir. Səsboğucu sistemin dörd çıxış borusu konseptin kapotunun altında güclü mühərrikin yerləşdiyindən xəbər verir.

Kia Mohave Masterpiece konseptinə  diqqətlə baxarkən, nə isə bir qəribəlik hiss etmədinizmi? Diqqət yetirsəniz avtomobilin üzərində “Kia” emblemlərinin olmadığını görə bilərsiziniz.  Məsələn, avtomobilə arxa tərəfdən baxdıqda, baqaj qapısının üzərindəki işıqlanan “Mohave” yazısını görəcəksiziniz. Ön tərəfdə də, emblemin içində “Mohave” yazısını görmək olar.

Image alt Image alt Image alt Image alt

Konseptin  qara rəngli şüşələrlə təchiz edilməsi, Kia şirkətinin interyeri açıqlamağa hazır olmadığından xəbər verir. Kia şirkəti avtomobilin nə zaman seriyaya gedəcəyini də bildirməyib. Çox güman ki, yaxın zamanlarda koreyalılar bu barədə məlumatı açıqlayarlar.