Kia Seltos modeli 2019-cu ilin iyun ayında debüt edib. Elə həmin ilin noyabr ayında yeni yığcam krossover Şimali Amerikada, Los Ancelesdə keçirilən avtosalonda geniş kütlə qarşısında nümayiş etdirilib. Modelin satışlarına isə 2020-ci ilin birinci rübündə başlanılıb. Beləliklə, debütündən üç il sonra Kia Seltos plan üzrə yenilənməyə məruz qalıb. Yenilənmələr həm eksteryerdə, həm də inetryerdə baş verib, özü də, salonda baş vermiş dəyişikliklər daha əhəmiyyətlidir.

Yenilənmiş Kia Seltos modeli yeni gündüz hərəkət işıqları olan yenidən işlənilmiş ön fənərlərə və şaquli duman əleyhinə işıqlara sahib olub. Bundan başqa, avtomobil ölçüləri böyüdülmüş və tərtibatı dəyişdirilmiş radiatoir barmaqlığını və başqa ön bamperi alıb. Ön bamperdəki gümüşü lövhə yeni formaya malikdir, ölçüləri böyüdülmüş barmaqlıq isə torşəkillidir.  Model həmçinin yeni dizaynlı 18-düymlük təkər disklərini də əldə edib.

Arxa tərəfdə də dəyişiklər var – ölçüləri nazikləşmiş arxa fənərlər sona dəbə uyğun olaraq işıqlanan zolaqla birləşdiriliblər. Bu, avtomobili vizual olaraq enli göstərməldir. Arxa bamper də yenilənib - əvvəl arxa qanadda yerləşən qırmızı rəngli reflektorlar bamperə köçülüb, yalançı çıxış boruları isə, yoxa çıxıblar.

Salondakı dəyişikliklər daha ciddi xarakter daşıyır. İlk nəzərə çarpan yenilik cihazlar panelinin və multimedia sisteminin 10,25-düymlük displeylərini birləşdirən vahid paneldir. Klimat-kontrol da yeni idarəetmə panelinə sahib olub. Ön panelin dizaynı da dəyişdirilib, bundan başqa, transmissiyanın mərkəzi konsoldakı ənənəvi dəstəyini şayba formalı selektor əvəzləyib. Əlavə olaraq, istehsalçı interyerin yeni tərtibat variantlarını vəd edib.

Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Kia şirkəti yenilənmiş modelin texniki xüsusiyyətlərini barədə heç bir məlumat verməyib. Xatırladaq ki, bizim bazarda satılan cari Kia Seltos modeli 149 at qüvvəli 2,0-litrlik mühərrik, 6-pillləli mexnaiki və ya avtomatik ötürmələr qutusu, habelə 7-pillləli “robot” ilə təklif edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.