Lamborghini Huracan ailəsinin yeniləməsinə bir il bundan öncə, superkarın Evo indeksinə sahib olan tamötürməli versiyası ilə başlanmışdı. Bu müddət ərzində yenilənməyə məruz qalan digər superkar yalnız Spyder modeli olmuşdu. İndi isə, növbə arxaçəkişli baza superkarına çatıb. Mürəkkəb indekslər də keçmişdə qalıb - yenilənmiş kupe Lamborghini Huracan Evo RWD (Rear Wheel Drive) adlanır.

Tamötürməli Huracan Evo (solda) və Huracan Evo RWD (sağda)

Arxaçəkişli Huracan Evo yenilənmədən əvvəlki tamötürməli Huracan modelinin təchiz edildiyi 5.2-litrlik V10 mühərrikinin eyni versiyasını əldə edib. Bu mühərrik əvvəlki  580 at qüvvəsi və 540 Nm əvəzinə 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir. Yeddi pilləli ikimuftalı "robot" dəyişməyib, tam idarəolunan şassi isə RWD üçün ümumiyyətlə təklif olunmur. Digər tərəfdən, idarələnən şassi tamötürməli Evo modelinin standart təchizatına daxildir. Əvvəllər olduğu kimi, sürücü üç idarəetmə rejimindən seçim etmək şansına malikdir: Strada (yol), Sport (idman) və Corsa (yarış). Qeyd etmək gərəkdir ki, "orta" Sport rejimində elektronika sürüşmələrə “göz” yuma bilər.

Evo RWD versiyasının xüsusiyyətlərindən biri də hava girişlərinin yeni konfiqurasiyasına malik olan orijinal ön hava yönləndiricisidir. Bundan başqa, arxaçəkişli model fərqli arxa diffuzora malikdir. Bütün Evo modellərinin yenilənmiş interyeri də eynidır - mərkəzi konsolda 8.4-düymlük sensor ekran yerləşir. Bu ekrandan havalandırma sistemini, oturacaqların tənizmləmələrini, telemetriyanı və avtomobilin digər ikinci dərəcəli funksiyalarını idarə etmək olar.

Yenilənmədən sonra arxaçəkişli Huracan Evo modelinin çəkisi dəyişməyib - 1389 kq. Bu, tamötürməli Evo modelində olduğundan 33 kq azdır. Lakin, güc xarakteristikalarının artması sayəsində kupenin dinamik göstəriciləri yaxşılaşıb: kupe 100 km/saat həddinə 3,3 saniyəyə (- 0,1 saniyə), 200 km/saat a isə 9,3 saniyəyə (- 0,8 saniyə) sürətlənir. Kupenin maksimal sürəti 5 km/saat artaraq  325 km/saata bərabər olub.  Huracan Evo moldelinin 100 km/saat həddindən tam dayanmasına 31.9 metr tələb olunur.

Lamborghini Huracan Evo RWD kupesinin satışlarına baharda başlanacaqdır. Lamborghini Huracan Evo mühərrik çeşidində ən əlçatan superkar olacaqdır. Huracan Evo RWD modeli 159 min avrodab başlayan qiymətlərlə təklif ediləcəkdir. Xatırladaq ki, tamötürməli versiya üçün ən azı 184 min avro tələb olunur. Lakin, italyan markasının marketoloqları Huracan Evo RWD modelini "giriş bileti" kimi deyil, ən mahir sürücülərə ünvanlanan əsl drayver avtomobili kimi səciyyələndirirlər.