Aston Martin rəhbərliyi şirkətin bir hissəsini F1 pilotu Lance Strolun atası və Formula 1 çempionatındakı SportPesa Racing Point komandasının həmsahibi olan kanadalı iş adamı Lourens Strola satmağa razılıq verib. Strolun rəhbərlik etdiyi konsorsium səhmlərin 16,7 faizi üçün 182 milyon funt sterlinq ödəyəcək, əlavə qiymətli kağızların buraxılışı isə daha 318 milyon funt sterlinq cəlb edəcəkdir.

Aston Martin rəhbərliyi bəyənatında satış qərarının "2019-cu ilin məyusedici maliyyə nəticələrindən" sonra verildiyini etiraf edib. Əlavə vəsait cəlb edilməsi "likvidliyi yaxşılaşdıracaq və borcu azaldacaqdır». Konsorsium tərəfindən ayrılan pullar Aston Martin DBX krossoverinin kütləvi istehsalına başlamağa yardım edəcəkdir.

Hazırda Aston Martin şirkətinin ən böyük səhmdarları İtaliyanın Investind industrial Advisors Ltd. investisiya fondu (38,8 %), küveytli iş adamı Najib Əl-Humaidhi (10,7 %) və amerikanInvesco Advisers, Inc.(9,18%) şirkətidir. Aston Martin şirkətini mühərriklər ilə təmin edən Daimler konserni səhmlərin dörd faizindən bir qədər çoxuna sahibdir. Aston Martin şirkətində iştirak payına iddia edənlər arasında Çinin Geely konserni də var idi. Lakin, mediada yayılan məlumatlara görə, çin şirkəti bu niyyətindən vaz keçib.

Səhm alqı-satqısı əməliyyatı başa çatdıqdan sonra Lourens Stroll Aston Martin Lagondanın idarə heyətinə icraçı sədr qismində qoşulacaqdır. Racing Point komandasının adı Aston Martin olacaqdır. Aston Martin şirkətinin Red Bull Racing komandası ilə bağlanmış müqaviləsinə isə xitam veriləcəkdir.