Bu ayın sonunda Porsche şirkətinin Ştutqartdakı muzeyi 10 illik yubileyini qeyd edəcəkdir. Bu münasibətlə Mercedes-Benz şirkəti Porsche şirkətinin əməkdaşları üçün öz muzeyinə girişi ödənişsiz edib.
31 yanvardan 10 fevral tarixinə qədər Mercedes-Benz muzeyinə daxil olmaq üçün, Porsche əməkdaşlarına sadəcə bu şirkətdə çalışdıqlarını təsdiq edən sənədi göstərmək kifayətdir. Üstəlik, muzeyə baş çəkmək üçün o qədər də uzağa getməyə ehtiyac yoxdur – məlumdur ki, hər iki markanın muzeyi Ştutqartda yerləşir.
Mercedes-Benz və Porsche şirkətləri uzun müddətdir ki əməkdaşlıq edirlər. Məsələn, hər iki şirkət 2016-cı ildən başlayaraq birlikdə güzəşt aksiyaları və xüsusi təkliflər ilə çıxış edirlər. Bu əməkdaşlığın son nümunəsi kimi, Porsche 550 Spyder modelinin Mercedes-Benz muzeyində “gümüş oxların” əhatəsində nümayiş etdirilməsini göstərmək olar.