Əksər insanlar cəlbedici xarici görünüşə malik olmaq istəyir. Bunun üçün geyimin və onun rənglərinin doğru seçilməsi vacibdir. Çünki, rənglər və geyim tərzi insan haqqında çox şey deyir. Bu həm kişilərə, həm də qadınlara aiddir.

Ölkəmizdə ən çox istifadə olunan rəng qaradır. Əksəriyyət qara geyimi universal sayır. Qara rəngin çirki və artıq çəkini gizlətdiyini hesab edilir. Bir sözlə, onlar qaranın arxasında gizlənmək məqsədini güdürlər. Bunlar instiktiv olaraq baş verir, çünki insanın həyatı və bütün davranışları məhz şüuraltı ilə idarə olunur.

Təbiət bizə çox gözəl rənglər bəxş edib. Bu rəngləri istifadə edərək, füsunkar və maraqlı geyim dəstləri yaratmaq mümkündür. Rənglər özünü ifadə etməyin ən yaxşı üsuludur. 

Danışacağım 5 rəng vasitəsilə çox gözəl obrazlar yaratmaq olar.

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Sürməyi

Sürməyi yaxud tünd göy nəcib rəngdir. Onun çalarları eleqant görünüş yaratmaq üçün idealdır. Boş yerə bu rəng xalq arasında “milyoner rəngi” adını almayıb. 

O, üzün çizgilərini vurğulayaraq, bədən quruluşunu daha  yaxşı göstərir. Dərinin rəngini solğun göstərməməsi üçün, daha parlaq çalarlarına üstünlük vermək məsləhətdir. 

Sürməyini səma, boz, ağ və qara rəngli geyimlərlə cütləşdirmək olar. Hətta, geyimdə yalnız bir predmetin sürməyi rəng olması obraza dəbdəbə və eleqantlıq gətirir. Onu parlaq rənglərlə birləşdirdikdə belə, görünüşü təmkinli edir.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün 33 qayda ➤

Sumağı

Sumağı yaxud Şərab rəngli (bordo, burqundi) geyimlər obraza eleqantlıq və dəbdəbə gətirir. Amma nəzərə almaq lazımdır ki, o dərinliyi və dolğunluğu səbəbindən hər bir rənglə uyğunlaşmır. Çəhrayı, mavi, açıq bənövşəyi və boz rənglərin pastel tonları ilə mükəmməl kompozisiya yaradır.

Sumağı qara ilə birlikdə gözəl obraz yaratmağa imkan verir. Bunun üçün obrazda bir predmetin (ayaqqabı, vodolazka, palto yaxud hər hansı bir aksessuar) bu rəngdə olması yetərlidir.

Bu rəngin çalarlarının ağ və süd rəngləri ilə birləşimi dəbli və bahalı görünüş yaradır. Sumağını biznes və kəjual obrazlarda istifadə etmək mümkündür.

✽ Bu məqalə maraqlı ola bilər – Günəş eynəyi haqqında bilmədikləriniz ➤

Tünd yaşıl

Tünd yaşıl sadə yaşıldan daha zəngin və zərif görünür. Qarderobda tünd yaşıl rəngli əşyaların istifadəsi baza rənglərilə möhtəşəm və parlaq bir kontrast yaratmağa kömək edir. Ağ, boz, qara, qəhvəyi, tünd qırmızı və bej rəngləri ilə cütləşmə idealdır. Onu digər yaşıl çalarlarla dəst etmək olar, lakin bu halda çox al-əlvan görünüş yaranır.

İşgüzar stil üçün bu rəngdən istifadə etmək məsləhət deyil. Obraza tünd yaşıl üst geyimi əlavə olunduqda görünüşə təravət gətirir.

✽ Bu məqalə maraqlı ola bilər – Yayın kətan modası ➤

Oxra

Oxra – qızılı sarıdan qəhvəyiyə yaxın olan tünd sarıya qədər çalarları əhatə edən rəngdir. Oxra rəngli predmetləri baza qarderobuna əlavə edərək, cəlbedici və əhvalınızı yüksəldəcək nəcib bir görünüş yaratmaq mümkündür. Bu rəngin əsas üstünlüyü onun neytrallığıdır. Onu mavi, qara, ağ, boz, bənövşəyi, qəhvəyi, narıncı, fil sümüyü, krem, sarı, qırmızı, yaşılın təbii çalarları ilə uyğunlaşdırmaq gözəl nəticə verir.

Oxra o qədər dərin və sanballı rəngdir ki, heç bir digər rəngi əlavə etmədən möhtəşəm monoxrom obraz yaratmaq olur. Məsələn, tünd oxra rəngli palto ilə açıq qəhvəyi kostyumun birləşməsindən gözəl dəst alınır.

✽ Bu məqalə maraqlı ola bilər – Qalstukun rəngi nə deyir? ➤

Qəhvəyi

Qəhvəyi rəng yumşaq və sabit olduğuna görə daha sakit görünüş yaratmaq üçün istifadə edilir. Bundan əlavə, qəhvəyi çalarlar boz və bej palitrasından daha cəlbedici görünür. Qəhvəyi predmetli geyim dəstləri eleqant obraz yaradır.

Qəhvəyi universal rəngdir, istənilən rənglə uyğunlaşır. Məsələn, açıq qəhvəyi bej və mavi rəngləri, tünd qəhvəyi rənglər isə mavi, qara və ya tünd qırmızı rəngləri mükəmməl şəkildə tamamlayır. Obraz yaradarkən qəhvəyi və sakit rənglərin birləşməsi görünüşə status verir, əlvan və parlaq rənglərlə isə, görünüşü ucuzlaşdırır.

Qəhvəyi və onun çalarlarında olan dəri və zamşa ayaqqabılar universaldır, hər rəng geyimlə uyğundur. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.