Tesla şirkəti Model S və Model X modelləri üçün nəzərə tutulmuş proqram təminatını yeniləyib. Yenilənmə modellərin baza variantları üçün nəzərdə tutulub. Avtomobilləri daha yeyin edən yeniliyin onların “mexaniki” hissəsinə hansı yolla təsir edəcəyi açıqlanmayıb. Bu barədə xəbəri Electrek saytı yayıb.

Belə ki, arxadan çəkişli Tesla Model S 75 və onun iki mühərrikli və tam çəkişli Model S 75D variantı 60 mil/saat (96 km/saat) həddinə bir saniyə daha tez sürətlənir. Arxaçəkişli modifikasiya bu işə 5,5 saniyə əvəzinə 4,3 saniyə, ikinci modifikasiya isə 5,2 saniyə əvəzinə 4,2 saniyə sərf edir.

Model 100D modifikasiyası 60 mil/saat həddinə sürətlənməyə 4,1 saniyə sərf edir ki, bu da əvvəlki göstəricidən bir saniyə yeyindir. Model X krossoverinə gəldikdə isə, avtomobilin 75D və 100D modifikasiyaları müvafiq olaraq ilk “yüzlüyə” sürətlənməyə 4,9 və 4,7 saniyə sərf edirlər. Əvvəllər bu rəqəmlər 6,0 və 5,2 saniyə təşkil edirdi.

Şirkətdən bu yeniliklərin konveyerdən çıxan yeni avtomobillər üçün nəzərdə tutulduğunu və yeniliyin artıq buraxılmış avtomobillərə şamil edilmədiyini də bildiriblər.  Tesla Model S və Model X modellərinin top variantları bu sürətlənməyə müvafiq olaraq 2,5 və 2,9 saniyə sərf edirlər. Yeniliyin onlara da aidiyyatı yoxdur.