Las-Vegasda işinə başlamış istehlak elektronikası sərgisində Toyota şirkəti e-Palette pilotsuz platforma-xidmətini təqdim edib. Toyota e-Palette yapon markasının işgüzar tərəfdaşları üçün nəzərdə tutulan, proqram və aparat həllərindən ibarət olan mobil ekosistemin tərkib hissəsidir.
Yeni nəqliyyat vasitəsinin yaradılmasında Amazon, DiDi sərnişindaşıma xidməti, Mazda, Pizza Hut və Uber iştirak ediblər. E-Palette vasitəsini dörd metrdən yeddi metrə qədər olan üç uzunluqda buraxmaq planlaşdırılır. Mühəndislərin fikrincə, bu şirkətlərə miqyaslanan platformalarin imkanlarından daha səmərəli istifadə etmək şansı verəcəkdir. Qarşıya qoyulan məqsəddən asılı olaraq pilotsuz nəqliyyat vasitəsi yük və ya sərnişin modulu rolunu oynaya bilər. Bununla belə, istehsalçı e-Palette modulunun istifadə ssenarilərini də nəzərdən keçirir – bunlar raydşərinqdən tutmuş mobil mağazalar, çatdırma furqonları və ya mehmanxanalar ola bilərlər. Toyota tərəfindən e-Palette üçün hazırlanmış proqram təminatı hər bir şirkətə özünün avtopilot və nəzarət sistemini quraşdırmaq, həmçinin pilotsuz nəqliyyat vasitələri parkını idarə etmək imkanı verəcəkdir.
Proqram təminatının yenilənməsi mobil şəbəkələr vasitəsi ilə həyata keçiriləcəkdir. Platformanın sınaqları 2020-ci ildə başlanacaqdır.