Peugeot şirkəti yeni 508 sedanını təqdim edib

Peugeot şirkəti 508 modelinin yeni nəslini təqdim edib. Model «beşqapılı fastbekə» çevrilib və seqmentdə ilk dəfə olaraq gecə görüntü sisteminə, aktiv asqıya və səkkiz pilləli avtomatik transmissiyaya sahib olub. Yeni modelin istehsalı Fransanın Myuluz şəhərində təşkil ediləcəkdir. Sedanın mühərriklərinin yığılması Temeri və Duvrendəki zavodlarda aparılacaqdır. Avtomobilin satışları sentyabr ayında başlanacaqdır.

Peugeot 508 modeli EMP2 modul platformasında inşa edilib ki, bu da avtomobilin çəkisini 70 kiloqram azaltmağa imkan verib. Fastbekin uzunluğu 4750 millimetr, eni 1828 millimetr, hündürlüyü isə 1400 millimetr olub. Beləliklə, yeni model sələfindən 80 millimetr qısa, 12 millimetr enli və 56 millimetr alçaq olub. Avtomobilin təkər bazası da əvvəlkinə nisbətən 24 millimetr qısalaraq 2790 millimetrə bərabər olub.

Yeni modelin mühərrik çeşidinə iki benzin və dörd dizel güc aqreqatı daxildir.

Benzin mühərriklər 180 və 225 at qüvvəli 1,6-litrlik turbomühərrik, dizel aqreqatlarını isə, 130 at qüvvəli 1,5-litrlik, 160 və 180 at qüvvəli 2,0-litrlik BlueHDi mühərrikləri təmsil edir. Peugeot 508 modelinin hibrid variantı gələn ilin yazında debüt edəcəkdir.

Avtomobilin əsas xüsusiyyətlərindən biri çərçivəsiz qapılar, kapotun üzərində modelin emblemi, şaquli formalı gündüz hərəkət işıqları və yığcam sükan çarxı, 10-düymlük sensorlu displeyi və 12,3-düymlük rəqəmsal cihazlar paneli olan i-Cockpit salon arxitekturası olacaqdır. Peugeot 508 AGR (Aktion Gesunder Rücken) təşkilatı tərəfindən sertifikatlaşdırılmış oturacaqlara sahib olub. Bu oturacaqlar səkkiz istiqamətdə elektrik tənzimlənməsi, dörd mövqeli bel dəstəyi, yaddaş və beş rejimli massaj funksiyası ilə təchiz edilirlər.

Peugeot 508 modelinin təchizatına panoram tavan, Focal səs sistemi, dəri, alkantara və ağacla tərtib edilən salon, genişləndirilmiş elektron yardımcılar daxil edilib. Bu avadanlıqlar arasında insan və iri heyvanları 200-250 metrdən aşkarlayan gecə görüntü sistemi, adaptiv kruiz-kontrol, yol nişanlarının tanınması sistemi və piyadanı 140 km/saat sürətində «görən» aktiv əyləcləmə sistemi də vardır. Bundan başqa, Peugeot 508 modeli avtomatik parklanma, induksiyon doldurma və dairəvi görüntü sistemləri ilə də təchiz edilir.

ДРУГИЕ СТАТЬИ