Audi şirkəti mart ayında işinə başlayacaq 87-ci Beynəlxalq cenevrə avtosalonunda bərkgedən Q8 RS Concept krossoverini nümayiş etdirməyi planlaşdırır.

Prototipin 600 at qüvvəli mühərriklə təchiz ediləcəyi və onun seriya variantının Mercedes-AMG GLS 63 S 4Matic və BMW X6 M modlləri ilə rəqabət aparacağı söylənilir. Bu barədə məlumatı Audi Sport idman bölməsinin rəsmilərinə istinadən nüfuzlu «Autocar» dərgisi vermişdir. «Bərkgedən» Audi Q8 RS Concept prototipinin Audi S8 plus bayraqdar sedanından alınmış 4,0-litrlik turbomühərriklə təchiz ediləcəyi bildirilmişdir. 600 at qüvvəli mühərrik avtomatik ötürmələr qutusu və fırlanma anının vektorlaşması olan quattro tam çəkiş sistemi ilə birlikdə çalışacaqdır.

Bundan başqa, Audi Q8 RS Concept prototipi daha aqressiv aerodinamik kuzov dəstinə, klirensi azaldılmış asmaya, iri təkər disklərinə və daha güclü əyləc mexanizmlərinə sahib olacaqdır. Ehtimallara görə «qaynar» krossover 100 km/saat həddini beş saniyədən az müddətə toplayacaqdır. Dərginin bildirdiyinə görə, Audi Q8 RS Concept, bu ilin əvvəlində Detroyt avtosalonunda təqdim edilmiş Q8 Concept modelinin idman variantıdır. Xatırladaq ki, Detroytda təqdim edilmiş konsept 449 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilmişdi. Krossoverin seriya variantı 2018-ci ildə işıq üzü görməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt