Bildiyimiz kimi, sabah Bakı vaxtı ilə saat 23:15-də Audi şirkəti İnqolştatdakı Forumda Audi A5 kupesinin yeni nəslini təqdim edəcəkdir. Alman istehsalçısı artıq bir müddətditr ki, yeni kupe haqqında məlumatı, atalar demişkən, «qaşıq-qaşıq» milyonlarla Audi markasının həvəskarlarına ötürməklə məşğuldur. Bu gün İnqolştatlı istehsalçı yeni kupenin salonunun bir hissəsinin şəklini dərc etmişdir. Təsvirdən də göründüyü kimi, Audi A5 modelinin yeni nəslinin interyeri keçən il təqdim edilmiş Audi A4 modeli ilə bənzərlik daşıyır.

Yüksək ehtimalla, Audi A5 modelinin interyeri elə A4 modelinin interyerini təkrar edəcəkdir. Yeganə fərq arxa qapıların yoxluğu olacaqdır. Əslində, A5 modelinin əvvəlki nəsli də A4 modeli ilə eyni bazaya və aqreqatlara malik idi. Göx güman ki, yeni nəslin hazırlanmasında da bu prinsipdən istifadə ediləcəkdir.  Dərc edilmiş tizerlərdən göründüyü kimi, Audi A5 kupesi Virtual Cockpit adını almış 12,3-düymlük rəqəmsal ekranı olan virtual cihazlar paneli ilə təchiz ediləcəkdir.

Mühərriklər çeşidinə gəldikdə isə, yeni kupe Audi A4 ailəsinin təchiz edildiyi 2,0-litrlik benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Kupenin güclü variantları 3,0-litrlik altısılindirli dizel mühərriki ilə təchiz ediləcəckdir. Xatırladaq ki, bu dizel aqreqatı iki güc variantında - 218 və 272 at qüvvəsili variantlarda təklif edilir. Kupenin qaynar variantı olan S5 modeli isə gücü 354 at qüvvəsi olan 3,0-litrlik  turbomühərriklə hərəkətə gələcəkdir.

Audi A5 və S5 kupesinin kütləvi nümayişi payızda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır. Sonradan kupenin «bərkgedən» varianı olan 450 at qüvvəli RS5 modifikasiyası işıq üzü görəcəkdir.