Əfsanəvi Bugatti Veyron modelinin xələfi olan Chiron hiperkarına yerindən 250 mil/saat (402,3 km/saat) həddinə qədər sürətlənərək tam dayanmağına bir dəqiqədən az müddət gərəkdir. Bu barədə məlumatı, Bugatti şirkətinin rəhbəri Volfqanq Dürheymerlə müsahibə almış Den Prosser Twitter sosial şəbəkəsində səhifəsində dərc etmişdir.

Nüfuzlu “Evo” nəşrinin əməkdaşı olan Den Prosser Volfqanq Dürheymerlə şam edərkən, Bugatti şirkətinin başçısı Chiron modelinin dinamik xarakteristikaları haqqında məlumatı ona açıqlamışdır. Bununla belə, şirkət başçısı bu “çalışma” üçün gərək olan dəqiq vaxtı səsləndirməmişdir. Bu səbəbdən də Bugatti Chiron hiperkarının göstəricilərinin rekorda yaxınlaşdığını söyləmək mümkün deyildir. Misal üçün, Koenigsegg şirkətinin bildirdiyinə görə, 1500 at qüvvəli Regera hiperkarına 400 km/saat sürətini yığmağa 20 saniyə vaxt tələb olunur. Lakin, onun tam dayanması üçün nə qədər vaxtın gərək olduğu  məlum deyildir.

Bugatti Chiron hiperkarı keçən il təqdim edilmişdir. Avtomobil 1500 at qüvvəli səkkiz litrlik W16 mühərrikinə, 7-pilləli “robota” və tam çəkiş sisteminə malikdir. Yerindən 100 km/saat həddinə kupe 2,5 saniyəyə sürətlənir. 200 km/saat sürətini toplamağa 6,5 saniyə, 300 km/saat sürətini toplamağa isə 13,6 saniyə tələb olunur.