40 yaşdan sonra həm kişilərdə, həm də qadınlarda orta yaş böhranı başlayır. Bu böhran kişilər və qadınlarda fərqli olur. Kişilər nəyə nail olduqlarını təhlil edirlər. “40 yaş” qorxusu yoxa çıxır, çünki kişilər hələ də cavan olduqlarını hiss edir və həyatlarını dəyişmək istəyirlər. Onlar sağlam həyat tərzi, idman, dieta və geyim, bir sözlə xarici görünüşünə daha çox diqqət yetirməyə başlayırlar.

Yaşı qəbul etmək əvəzinə, onunla mübarizə aparırlar, uşaqlıq və gənclikdə aldıqları psixoloji travmalar üzə çıxır, uzun illər arzuladıqlarını reallaşdırmaq istəyirlər. Lakin, çox səhvlərə yol verirlər. İlk növdəbə psixoloji sağlamlığını yaxşılaşdrımaq üçün psixoloqa müracitə etməsi daha yaxşı nəticələr verə bilər.

Bəzi kişilər gənc görünmək üçün 20-25 yaşlı oğlanlar kimi geyinməyə başlayırlar ki, gənc qadınların diqqətini cəlb etsinlər, həm də öz yaşı ilə mübarizə aparsınlar. Yırtılmış cins, ked, al-əlvan yazılarla t-şört, köynək və həddən ziyadə diqqət çəkən gödəkcə… Bunun səbəbi isə, kişilərin əksəriyyətinin öz tərzini yaratma biliyinin və qadın zövqü haqqında anlayışının olmamasıdır. 

Lakin, bu çox yanlış seçimdir, çünki hər bir yaşın öz gözəlliyi var və buna qarşı getmək deyil, onu qəbul edərək həyatı daha da maraqlı etmək lazımdır. 

40+ yaş kişi üçün yeni imkanlar açır. Artıq təcrübəlidir, müəyyən uğura nail olub və həyatını dəyişmək istəyir. Amma, onun qadınların əksəriyyətinin zövqlü geyinmiş kişiyə diqqət yetirdikləri haqqında xəbəri yoxdur.

İdmanla məşğul olmaq vacibdir, amma burada da səhvlər olur. Daxilən  özünü nə qədər gənc hiss etsənizsə də, ağır idman növünü deyil, zədəsiz növləri seçmək lazımdır. Məsələn, üzgüçülük və velosiped sürmək ən yaxşı növlərdən biridir. Mütləq gündəlik 2 litr təmiz, mineral su içmək də bu şərtlərdən biridir. Çanki, su orqanizmdən toksinləri yuyub çıxarır. Fit bədən, sağlam görünüş orta yaş üçün ən başlıca amildir.

Geyimə gəldikdə isə, öz yaşına uyğun, lakin eleqant geyinmək ən yaxşı seçimdir. Bu yaşda artıq geyimin üzərində printlər, brendlər olmamalıdır. Geyimin materialı təbii parçalardan, qarderob isə baza rənglərindən ibarət olmalıdır. Minimalizm ən yaxşı seçimdir. Sadə baza rənglərdən seçim etmək daha yaxşıdır. Amma, bu o demək deyil ki, parlaq rənglərdən imtina etmək lazımdır. Əlvan rəngləri akksessuarlara tətbiq etmək olar. 

✽ Bu məqalə maraqlıdır – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Bir “sirri” açım: klassik tərz hər zaman dəbdədir. Klassik tərz deyərkən, buna yalnız formal və biznes deyil, həmçinin smart kəjual və kəjual stilləri də daxildir.

Mükəmməl görünüş yaratmaq üçün aşağıdakılara diqqət yetirməniz məsləhətdir:

Ayaqqabıların həqiqi dəridən (həmçinin zamşa) olması şərtdir. Dəri ayaqqabı hər zaman yaraşıqlı görünür. Amma, bir məsələ də var ki, onun qara deyil, qəhvəyi rəngin çalarlarında (şokolad, qəhvəyi, açıq qəhvəyi, kürən) derbi, oksford, broq, loferlərin olması obrazı daha yaraşıqlı edir. Gəzinti üçün yayda mokasin, fəşn snikerlər, qışda isə yarımboğaz çəkmələr (dəri yaxud zamşa çukka, çelsi və derbi) seçilir. Çəkmə gündəlik geyimə hərbçilərdən gəldiyi üçün kişilik simvolu kimi qəbul edilir.

Qara corablardan imtina etmək lazım gələcək (onları yalnız qara rəng kostyum və smokinqlə yaxud qara şalvarla istifadə etmək olar), çünki corablar şalvarın rənginə uyğun olmalıdırlar. Rəngli corabları geyinmək daha uğurlu seçimdir. Belə corablar qəhvəyi rəngli ayaqqabılarla çox gözəl uyğunlaşır. Sniker ilə yay aylarında görünməyən corablar geyinilir. Ağ şalvarla ya görünməyən, yaxud köynəyin, yaxud hər hansı aksessuarın rəngində olan corabları geyinmək daha çox işə yarayır.

Hər bir 40+ yaşında kişinin qarderobunda ən az iki kostyum olmalıdır. Əlbəttə, bu kostyumların materialının təbii parçalardan, ən yaxşısı isə, yundan olması məsləhətdir. Kostyum etibar hissi yaradır və sahibini daha yaraşıqlı edir, həm də onun bədən quruluşundakı çatışmamazlıqları (məsələn, qarın) gizlədir.

✽ Bu məqaləyə baxın – Səyahət üçün qırışmayan kostyum ➤

Smart kəjual obrazı da 40+ üçün ən ideal seçimdir. Belə obrazlar idman pencəyi və bleyzerin üzərində qurulur. Pencək, köynək, polo və yaxud t-şörtü cins, çinos şalvar ilə dəstləşdirmək gözəl nəticə verəcək. Payız və yaz aylarında dəstə yüngül pambıq-kətan şərfləri də əlavə etmək olar.

Cins ilə kəjual obrazlar yaratmaq üçün pencək yaxud kardiqan uyğundur. Cinslə yanaşı qarderobda çinos şalvarların olması vacibdir. Çünki, çinos cins ilə formal şalvarın arasında yerləşir, dəbli və yaraşıqlı obrazlar yaratmağa imkan verir. Qara cins və şalvarları yaddan çıxarın. Qaranın əvəzinə boz rəngin çalarlarını seçmək məsləhətdir.

Köynək universal geyim növüdür. Kostyumla geyinmək üçün ağ, mavi (səma rəngi), yayda isə açıq rəng kostyumla tünd göy rəng uyğundur. T-şört çox rahat olsa da, hər bir bədən quruluşuna uyğun gəlmir. Onu polo köynəklə əvəz etmək ən yaxşı çıxış yoludur. T-şörtü isə kəjual köynəklə kombinasiya edərək çoxlaylı qəşəng obrazlar yaratmaq, yaxud gödəkcələrlə geyinmək olar. T-şörtlər də öz növbəsində mono rəng (ağ, boz, sürməyi, qara), printsiz və naxışsız olmalıdır.

Üst geyimlərin smart kəjual obrazını yaratmaq üçün hal-hazırda dəbdə olan aşağıdakı növ gödəkcələr mövcuddur:

  • chore jacket (fəhlə pencəyi)
  • denim gödəkcə
  • dəri gödəkcə
  • safari gödəkcə

Gödəkcələri cins, çinos, t-şört, köynək, sviter, derbi, broq ayaqqabı və hər bir növ çəkmələrlə geyinmək olar.

Soyuq fəsillər üçün üst geyimi olaraq aşağıdakıları seçin:

  • trençkot (cüt yaxalı və kəmərli plaş)
  • buşlat (cüt yaxalı yarımpalto)
  • palto (dizə qədər olan)

Rəng olaraq trençkotu klassik bej yaxud xaki rəngdə, buşlatın - sürməyi (tünd göy), kömür boz, boz, qəhvəyi rənglərdə, paltonun isə bej, boz, qəhvəyi və sürməyi rənglərdə olması məsləhətdir.

Paltolar kişiyə xüsusi yaraşıq verir. Cins, karqo şalvar və çəkmə ilə buşlat, kostyum və ayaqqabılarla dizə qədər olan palto və trençkot geyinilir. 

Aksessuardan şərf və papaqları düzgün seçmək lazımdır. Satılan şərflərin əksəriyyəti süni materiallardandır. Lakin, baza rənglərindən və təbii materiallar - yun, kəşmir, kətan, pambıq olanlardan seçim edin. Çünki, 40+ yaşlı kişi yalnız təbii materiallara üstünlük verir.

✽ Bu məqalə maraqlıdır – Qışda isti geyinməyin sirri ➤

Pambıq, yun, zamşadan olan kepka, beysbol kepkası, bini (beanie, idman papağı) başı isti saxlayacaq. Əlcəklər dəri, yaxud yun və kəşmirdən olarsa əlləri soyuqdan daha yaxşı qoruyacaqlar.

Orta yaş kişinin saatı da ona uyğun olmalıdır. Saxta saatlar taxmaq kişiyə yaraşmaz. Orta yaşlı kişinin saatı da onun haqqında fikir yaradır. Son illər smart saatlar həyatımıza sürətlə daxil olduğu üçün onlardan istifafə müasirlik haqqında xəbər verəcək. Lakin, bu saatların silikon kəmərlərini keyfiyyətli həqiqi dəri yaxud polad bilərsizlərə dəyişmək yaddan çıxmasın.

✽ Yeni saatlar haqqında oxumaq üçün Saat rubrikasını izləyin ➤

Tineycer kimi geyinmək deyil, zərif və sadə geyinərək daha doğru stil yaradıb, qadınların diqqətini üzərinizə çəkə bilərsiniz. Çünki, 40 yaşdan sonra kişilərin əks cinsin diqqətinə daha çox ehtiyacı var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.