Soyuq fəsillərdə isti geyinərək evdən çıxmaq xəstəliklərin qarşısını alır. Bakının küləyi müsbət temperaturlarda da şaxtanı hiss etməyə vadar edir. Soyuqdan qorunmağın ən rahat yolu – isti corab ilə çəkmə, papaq, şərf və əlcəklərdir. Bunlar həqiqətən insan bədəninin isti qalmasına yardım edir. Yuxarıda göstərilənləri nəzərə almadan isti palto, şalvar və sviter geyinsəniz belə yenə də bədən istisini tez itirəcək.

Üst geyimləri çoxlaylı geyinmək bədənin istisini qorumağa yardım edir. Altdan iplikdən t-şört (futbolka), üstündən köynək və sviter (yaxud kardiqan), onun üstündən isə gödəkcə yaxud palto. Çox qatın olması bədənin istisini daha effektli saxlayır. Digər çıxış yolu – termo alt geyimdir. 

✽ Bu məqalə maraqlı ola bilər – Kişi üçün palto seçimləri ➤

İlk növbədə ayaqdan başlamaq lazımdır. İsti corab, dəri yaxud zamşa çəkmə ayaqları donmaqdan qoruyur, soyuqlamanın qarşısını alır. Corabların materialı yundan (azı 80%) olarsa ayaqları daha isti saxlayacaq. 

Ayaqqabının seçimi ilə bağlı daha əvvəl yazmışdım. Azərbaycanda qarın və şaxtanın az olmasını nəzərə alsaq, içi xəzli uzunboğazlı çəkmələrə ehtiyac qalmır, yetər ki, corab düzgün seçilsin. Əsl dəridən və zamşadan olan botlar daha isti olur, həm də ilin yarısı istifadəsi mümkündür. Nazik iplik corablarla olanları yaz və payız aylarında da geyinmək olar. Yağışlı mövsüm üçün su keçirməyən (waterproof, water resistance) çəkmələr məqsədəuyğundur, yaxud onu xüsusi maddələrlə suyadavamlı edəndən sonra geyinmək olar ki, ayaqlar yaş olmasın. Ayaqların yaş olması xəstəliyə atılan ilk addım olacaq.

✽ Bu məqaləyə baxın – Ayaqqabını necə seçmək lazımdır ➤

Soyuq mövsümlər üçün iplə bağlamalı, kombat, çelsi, çukka çəkmələr və uzunboğaz snikerlər daha məqsədəuyğundur - onlar həm ayağı isti saxlayır, həm də boğazı hündür olduğu üçün ayağa su keçməsinin qarşısını alır. 

Ayaqların isti qalması üçün qoyun yunundan hazırlanmış qış corablarından istifadə etmək lazımdır. Corabda az faizdə sintetik materilların (spandex, neylon və sairənin 20%-dən çox olmaması şərti ilə) olması yaxşıdır. Onlar yuyulduqdan sonra formasını itirmir, daha dözümlü olurlar. 

Başın dərialtı piy qatının incə olması onun daha tez soyumasına və donmasına səbəb olur. Qısacası bədənin istisi baş vasitəsilə itirilir. Həm də açıq havada baş donur, binaya daxil olduqda isə istidən qızır. Bu temperatur dəyişmələri saçların kökünə neqativ təsir edərək onların tökülməsinə yaxud kəpəyin əmələ gəlməsinə səbəb ola bilər. Ona görə papaqdan istifadə həm bədənin isitisini saxlayır, həm də başın dərisini və saçları qoruyur. 

Boyunu və boğazı qorumaq üçün şərf, əllər üçün isə əlcəkləri taxmaq digər vacib şərtlərdəndir. Azərbaycanda kişilər əlcəklərdən az istifadə edir, onu daha çox qadın aksessuarı sayırlar. Halbuki kişilər qədim zamanlardan əlcəklərdən və şərfdən istifadə edirdilər. Şaxta əlin dərisini qurutmaqla yanaşı, həm də sağlamlığa neqativ təsir edir. Əllərin donması ürək xəstəliklərinə, hətta insulta səbəb ola bilər.

Yuxarıda qeyd olunanlar – corab, çəkmə, şərf, papaq və əlcəklərin istifadəsinin sağlamlığın qorumasında böyük rol oynadığını göstərir. Eyni zamanda, bu geyim predmetləri həm də gözəl və dəbli görünüş yaradır, kişiləri daha yaraşıqlı edir. Ona görə onların doğru seçilməsi vacibdir. 

Papaqlar və onların materialları, həmçinin onların qiyməti müxtəlifdir. Ən çox istifadə olunan papaqlar Beysbol kepkası (Baseball cap) və toxunma idman papaqlardır. 

Son illərdə 8-hissəli kepkalar – Newsboy Cap (qəzet satan uşaqlar geyindiyi üçün bu adı alıb) dəbdədir. “Peaky Blinders” serialının populyarlığı bu kepkalara böyük diqqət cəlb etdi və satışlarına güclü təkan verdi. Serialın baş qəhrəmanı Tommi Şelbi və onun həmkarları serial üçün yaradılmış dəbli geyimdə və kepkada təqdim olunurlar. 

✽ Bu məqaləni oxumaq məsləhətdir – Cins haqqında maraqlı faktlar ➤

İngiltərə əsilli olan bu klassik kepka boz tvid (tweed, yun material) parçadan tikilir. Tvid yun olduğu üçün həm başı isti saxlayır, həm də papağın daxilində hava dövriyyəsini təmin edərək başın tərləməsinə imkan vermir. Kepkaların ucuz başa gəlməsi üçün, bəzi istehsalçılar onlara sintetik materiallar əlavə edirlər. O, palto, plaş, gödəkcə, pencəklə və kostyumla cəlbedici obraz yaradır. Tvid pencək yaxud palto ilə daha həmahəng görünür. Stilistlər üst geyimin eyni naxışa və rəngə malik olan papaq ilə kombinə etməyi məsləhət görmürlər.

Devid Bekhemin kepkalara olan sevgisini nəzərə alaraq, onlara “Beckham style Cap” də deyirlər. Serialda Bekhem və "Kent & Curwen” markasının kollobrasiyası ilə yaradılmış kepkalar yer alır.

Newsboy Cap

Kepkaların digər növü – Driver (Flat) Cap-dir. Şlyapada maşına oturub-düşmək çətin olduğu üçün, kepkalar belə bir problem yaşatmırlar. Belə papaqlar sürücülər arasında populyarlıq qazandığına görə Driver Cap (Sürücü kepkası) adını alıblar. Bu kepka da müxtəlif parçalardan tikilir. Yun və iplik parça ilə yanaşı velvet materialdan olanı daha müasir görünür. Rəng və naxış seçimi geniş olduğu üçün hər kəs zövqünə uyğun seçə bilir.

Driver Cap

İkinci ən populyar baş geyimi Beane adlanan toxunma papaqlardır. Onlara xalq arasında idman, xizəkçi papağı deyilir, amma müasir adı Beane (ing. lobya) kimi səslənir. Forma olaraq lobyaya oxşadığı üçün bu adı alıb. Üstünlüyü – həm başı, həm də qulaqları soyuqdan qorumasıdır. Ən isti material – kaşemir, yun, yaxud onların qarışığıdır, yaxud iplikdən (pambıq) də olur. Lakin, satışda olan ucuz papaqlar əsasən sintetik materiallardan (polyester, poliamid) olduğu üçün onların başı isti saxlamağı sual altındadır. Çünki, sintetik materiallar istini saxlaya bilmir və tez soyuyur. Papağın uzun illər istifadəsini nəzərə alsaq, keyfiyyətlisini almaq daha məqsədəuyğundur. Onu daha çox kəjual geyimlə geyinmək qəbul olunub.

Beane

Üçüncü yerdə isə Beyzbol Kepkası dayanır. Bu kepka növü dünyada ən populyar papaqdır. Amerikan beyzbol oyunçuları tərəfindən istifadə edilən kepka həmin oyunun adını alıb. Hər bir üz formasına uyğun olduğu üçün, ondan hamı istifadə edə bilər. Onu təklif edən çoxsaylı istehsalçılar olduğu üçün geniş seçim imkanı var. Əksər hallarda onlar hədiyyə (brendləşdrilmiş) kimi təqdim edilirlər. Daha çox pambıq materialdan təklif olunsa da, bu kepkaların tvid və yun materiallardan, həmçinin qulaq qoruyucusu ilə olanları da mövcuddur.

Baseball Cap

Keçən əsrin ortalarında Şlyapalar trend aksessuar idi. Amerika və Avropada, hətta SSRİ-də kişilərin istifadə etdiyi ən populyar papaq növü idi. Müəyyən müddət dəbdə olmasa da, son illərin trendlərindədir. Lakin, Azərbaycanda daha çox yaşlı nəsil arasında istifadə olunur deyə kişilərin çoxu onu arxaizm hesab edərək, geyinməyə utanırlar. Çox dəbli növləri var və ona geyimi uyğunlaşdıraraq, diqqətcəkici və qeyri-adi obraz yaratmaq olar.

Fedora Panama Hats

Daha çox ABŞ-da popular olan Commando Beret (Hərbi Beretlər) də kişilər tərəfindən sevilir. Amma Azərbaycanda fəşn aksessuar olaraq çox az istifadə olunur. Onlar yun və iplikdən hazırlanır. Qiymətlərinin baha olmaması və hərbi obrazların son illərdə dəbə minməsi stilist və modelyerlərdə beretə marağı artırıb. Beret xüsusi təyinatlılar tərəfindən istifadə edildiyinə görə, kişiyə hərbçi obrazı verir. Müxtəlif (qara, bordo, göy, mavi, xaki, boz) rənglər onların hansı hərbçilərə məxsus olmasını göstərir. Arxasındakı iki lent beretin xüsusi təyinatlı hərbçilərə məxsus olduğunu göstərir. Fransız beretindən fərqli olaraq formasını saxlaması üçün kənarları dəri zolaqla işlənir və mərkəzində “quyruq” olmur. O, military (hərbi stil) yaxud kəjual geyimlə diqqətəlayiq obraz yaradır.

Bereti məhşur inqilabçı Çe Qevara daşıdığına görə, azadlıq mübarizlərinin simvoluna çevrilib. Kral Çarlz, məhşur aktyor Samuel L. Cəkson, basketbolçu və aktyor Maykl Cordan da bereti öz geyimlərində çox istifadə edirlər.

Commando Beret

Şərfə gəldikdə isə, onun yun və kaşmirdən olması isti saxlayacağına zəmanətdir. Lakin mağazalarda şərflər daha çox sintetik yaxud qarışıq (kaşmir, yun, pambıq və süni materialların qarışığı) materiallardan təklif olunur. Sintetik materiallar gözəl görünsə də, isti saxlamır. Odur ki, sonuncular daha çox küləkdən qoruma və gözəl görünmək üçün istifadə oluna bilər. Amma, əksər alıcılar materiala deyil, xarici görünüşünə və qiymətə diqqət yetirdiklərinə görə belə özəlliklərə fikir vermirlər. 

Kişilər üçün şərfin eni (təxmini) 30 sm, uzunluğu isə 170-200 sm olur. Şərfin uzunluğu 170 sm-dən az olarsa, onu boyun ətrafında dolayarkən qısa olacaq. 

✽ Bunu oxumaq məsləhətdir – Kişilər üçün hərbi stil ➤

Şərfin ən asan və popular bağlama növü – Paris stilidir. Onu ortadan bölərək, böyuna taxır və hər iki ucunu yaranmış halqaya keçirirlər. Digər dəbli üslublar da mövcuddur, istək və zövqə bağlıdır. 

Əlcək materialı olaraq dəriyə daha çox üstünlük verilir, lakin qiyməti ucuz olduğu üçün toxunma əlcəklər daha çox satılır. Həqiqi dəri daha məqsədəuyğundur, onun daxili yun və kaşmir materialdandırsa, əlcəklər barmaqları və əli soyuqdan qoruyacaqdır. Yenə də süni parçalardan olanlar soyuq hiss etdirəcək. Hörülmüş növlərdə kaşmir yaxud yun, və ya onların qarışığından olanlara üstünlük vermək daha yaxşıdır. Kaşmir və yun əlcəklər baha olduğuna görə almaq istəmirsinizsə, mövsüm sonrası endirimlərdə çox ucuz qiymətə əldə etmək mümkündür.

Smartfonların həyatımıza sürətli və geridönməz girişi əlcək dizaynına da öz təsirini göstərdi. Belə ki, yeni əlcəkləri çıxarmadan telefonun ekranına toxunaraq istifadə etmək olur. Əgər istifadə etdiyiniz əlcəklərlə smartfon idarə etmək istəyiniz olsa, barmaq hissəsinə metal saplarla kiçik naxışlar salaraq touch screen edə bilərsiniz. 

Image alt Image alt Image alt

Xəstələnmək istəmirsinizsə bu sadə qaydalara riayyət etmək lazımdır. Uşaqlıqda analar övladlarını bu aksessuarları geyinməyə məcbur edir, lakin məcburi olan heç bir əşya sevilmir. Ona görə də uşaqları məcbur etməkdənsə, onların yararlarını anlatmaq lazımdır, hətta xoşladığı və seçdiyi aksessuarları alaraq sevdirmək lazımdır. Axı uşaqların məntiqi böyüklərdən daha güclüdür, həm də uşaqlıq təəssüratları ömürboyu onları izləyəcəkdir.

Özünüzü soyuqdan qoruyun!

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.