Qalstukun rənglərinin mənası haqqında öncəki məqaləmdə yazmışdım. Rəng və naxışlarla yanaşı qalstukun eni də vacib amildir. Son illər enli qalstuklar trendə minib. Bunun səbəbi geniş yaxalı idman və kostyum pencəklərınin dəbdə olmasıdır.

✽ Bu məqaləni oxumaq məsləhətdir – Qalstukun rəngi sahibi haqqında nə deyir? ➤

Stil haqqında hər kəsin xəbəri olmaya bilər. Lakin, bunu öyrənib, dəyişmək daha doğru yoldur. Gənclər nazik (6 cm) qalstuku sevirlər. 40+ kişilər isə orta və genişlərə üstünlük verir.

15 il öncə modaya minən slim kostyum və qalstukları ABŞ-da populyar olan Mad Men serialı trendə gətirdi. 60-ci illərin reklam agentliyi haqqında danışan serialda məhşur modelyerlər xüsusi olaraq həmin illərin modasını müasirləşdirərək təqdim etmişdirlər. Tamaşaçılar həvəslənərək bu stili tətbiq etməyə başladılar. Geyim markaları da buna dəstək verərək, müxtəlif kolleksiyalar təqdim etdilər.

Müasir kişinin hansı tərzdə olmasını görmək istəyənlər məhşur Suits serialına baxa bilər. Serialın baş qəhrəmanı, Nyu York hüquq bürosunda çalışan uğurlu vəkil Harvi Spektrın geyimlərindən nümunə götürmək olar. Bu serial üçün geyimlərin (həm kişi, həm qadın) yaradılmasında məhşur brendlər – Tom Ford, Canali, Brioni, Ralph Lauren, Armani, Hermes, Brunello Cucinelli, Alexander Wang, A.Teston çalışıblar. Məhz bu markalar dünyada trendləri yaradırlar. Onları da orta və mass-market markalar təkrar etməyə başlayır.

Lakin son illərdə trendə enli, tək və cüt yaxalı pencəklər qayıdıb. Fəşnda qalstukun eninin pencəyin yaxasına uyğun olması qəbul edilib. Geniş yaxanın üstünlüklərindən biri çiyinləri vizual olaraq daha enli göstərməsidir. Bu da kişinin bədən quruluşuna görə seçilməlidir. 

Əvvəlki məqaləmdə yazdığım kimi cüt yaxalı pencək vizual olaraq bədəni enli edir, boyu qısaldır. Ona görə bəstəboy və kök kişilərə cüt yaxa pencək geyinmək məsləhət deyil. 

Ümumilikdə qalstukların eni 6-10 santimetr (2.25-4 düym) aralığında olur. 2023-cü ildə ənənəvi ölçü – 8-9 sm (3.25-3.5 düym) dəbdədir. 

Qalstukun eni pencəyin yaxasına, daha doğrusu onun eninə uyğun olmalıdır. Ensiz yaxa ilə nazik, enli yaxa ilə geniş qalstuk taxmaq qəbul olunub. Son illərdə pencəklərin əksəriyyətində geniş yaxanın dəbdə olması ilə əlaqədar, 9-10 sm enindəki qalstuklara tələb və təklif yüksəlib. 

Nazik qalstuk daha çox smart kəjual və kəjual tərzə uyğundur. Məsələn, smart kəjual tərzdə cins və slim pencəklə toxunmuş nazik qalstuk (6-7 sm) yaxşı dəst ola bilər. 

Klassikaya (3.25”/8 sm) gəldikdə isə, o hər zaman dəbdədir. Uzun müddət istifadə üçün bu tərz geyimlərə üstünlük verin.

Kostyumun (pencəyin) yaxasının (7-8.5 sm) klassik genişlikdə olması daha məqsədəuyğundur, çünki o hər zaman aktualdır, zamansızdır. Belə pencəklərlə 7-9 sm enində qalstuk bağlanılır. Ən uğurlu seçim – 8 sm (3.25 düym) enində olan qalstuklardır. Onu bağlayarkən sadə düyün (four-in-hand) yaxud italyan tərz – incə hissəsinin yan tərəfdən çıxararaq (şəkildə, sağda), assimetriya yaradıb daha enli göstərilməsidir. İtalyan modabazları hər zaman qəbul olunmuş qaydaları pozmağı sevirlər. Amma, çox zaman bunu bilməyən tanışlarıızın yaxşılıq etmək məqsədi ilə yaxınlaşaraq qalstukunuzu düzəltmək istəyi olacaq. 

Qalstukların uzunluğu da iki növ olur: standart (125-145 sm) və extra uzun (180 sm qədər). Ekstra uzun boyu 190 sm-dən çox olanlar üçündür. Qaltuk bağlanarkən onun ucu kəmərin toqqasına toxunmalıdır.

Qalstukla bərabər paşe yaylıqdan istifadə etsəniz, daha yaraşıqlı görünəcəksiniz. Paşenin qalstukla eyni naxışlı olması artıq keçmişdə qalıb. Əksinə, naxışları qalstukdan fərqli olarsa daha dəbli görünüş yaradır. Hətta, rəngləri də fərqli ola bilər, yetər ki, bir-birinə antoqonist rənglər olmasın. Belə hallarda baza rənglər (ağ, qara, boz, qəhvəyi, xaki, bej) köməyə gəlir, çünki onlar həm bir-biri, həm də digər rənglərlə asan ahənglik yarada bilir.

Bu xırda detallar lazımsız kimi görünə bilər. Lakin, məhz onların sayəsində doğru təəssürat yaranır. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.