Bu günlərdə Rezvani Motors şirkəti istehsal etdiyi modellərin sayının üçə çatdıracağı barədə məlumat yayılmışdır. Xatırladaq ki, şirkətin ilk avtomobili olan Beast rodsterinin dizaynı üzərində həmyerlimiz Samir Sadıxov çalışmışdır. Yeni modellərin hazırlanması barədə məlumatı Autoblog nəşrinə Rezvani Motors şirkətinin sahibi Ferris Rezvani vermişdir. Hal-hazırda amerikan şirkəti Beast rodsterinin 300 və 500 at qüvvəsi olan veriantlarını və 700 at qüvvəli mühərriklə təchiz edilmiş bərkgedən Beast X modelini alıcılara təklif edir. Bilindiyi kimi, rodster Ariel Atom avtomobilinin əsasında hazırlanmışdır.

Ferris Rezvaninin sözlərinə görə, kupe kuzovlu avtomobildən başqa, amerikan şirkətinin planlarında krossoverin də istehsal edilməsi vardır. Beast modelinin Ariel Atom modelinin bazasında yaradıldığını nəzərə alsaq, yeni krossoverin Nomad modelinin bazasında yaradılıcağı istisna edilmir. Şirkət sahibinin bildirdiyinə görə, kupe kuzovlu avtomobil 500 at qüvvəli 2,4-litrlik Honda turbomühərriki ilə təchiz ediləcəkdir. Kupe saatda 100 kilometr sürətini 2,7 saniyəyə toplayacaqdır.

Öz növbəsində biz Samir Sadıxovla əlaqə saxlayaraq, onun yeni layihələrdə iştirak edib-etməməsini dəqiqləşdirmək istədik. Samir yeni kupe və SUV layihəsi üzərində çalışdığını təsdiq etdi. O, həmçinin kupe avtomobilinin Beast modelinin sərt dam örtüyü ilə təchiz edilmiş variantının olacağını da bildirdi. Krossoverə gəldikdə isə, bu layihə üzərində işlərin aparıldığını, lakin öncə kupenin təqdim ediləcəyini, krossoverin isə bir müddət sonra nümayiş etdiriləcəyini söylədi.