Pagani şirkəti yeganə nüsxədə olan Huayra Pearl superkarının çəkildiyi yeni videoçarxı təqdim etmişdir. Ciddi qəzadan sonra möhkəm zədələnən avtomobil yenidən təmir edilmiş və yeni elementləri əldə etmişdir.

Qəzaya uğramış Huayra Pearl modelinin fotoşəkilləri keçən ilin yayında sosial şəbəkələrdə yayılmışdır. Avtomobil Parisdəki Four Seasons Hotel George V mehmanxanasının önündə idarəetməni itirərək park edilmiş Peugeot avtomobilinə çırpılmışdı. Qeyri-rəsmi məlumata görə, bu unikal avtomobil Səudiyyə Ərəbistanından olan müştəriyə aiddir.

Təmir olunmuş avtomobilin əks etdirildiyi çarxda, Pagani şirkətinin yaradıcısı və rəhbəri Horasio Paqani superkarın yaradılması və xüsusiyyətləri barədə şəxsən məlumat verir. O, təmir zamanı superkarın yeni aerodinamik elementlərlə təchiz edildiyini bildirmişdir.

Pagani Huayra Pearl 2016-cı ilin yazında təqdim edilmişdi.

Avtomobil aerodinamik dəst, tavandakı iri hava girişi və Zonda S superkarının üslubunda haçalanmış antiqanadı olan xüsusi kuzov elementlərinə sahibdir.