Son illərdə dəbdədbəli tədbirlərin sayının artması, Azərbaycanda Black Tie dress-kodunu gündəmə gətirib. Vaxtaşırı belə tədbirlərdə iştirak edən kişinin qarderobunda ən azı 5 kostyum olmalıdır. 5-ci asılqanda Smokinqin olması şərtdir.

Dress-kodun tərkibləri haqqında bir müddət öncə məqalə yazmışdım.

Smokinq - Dəbdəbəli mərasim yaxud Diplomatik qəbul üçün nəzərdə tutulmuş qara kostyum. Ağ köynək, qara kəpənək qalstuk və laklanmış ayaqqabı ilə geyinilir. Amerikada Tuxedo, İngiltərədə Dinner Suit adlanır.

Dəvətnamədə dress-kod “Black Tie” göstərilibsə, o zaman 5-ci asılqandakı smokinq dəstini çıxarıb, geyinmək, “kəpənək” qalstukunu bağlamaq lazımdır. Bu tərzə riayyət etmək həm kişini yaraşıqlı görstərir, həm də tədbirə xüsusi rəng qatır.

Millionaire Concept Gecəsi. Foto: Zeynal Məmmədli

Artıq toy şənliklərində də, dress-kod olaraq "Black Tie" təyin olunur. Bu, zamanla dəbə minəcək. Təsəvvür edin ki, bütün zalda kişilər qara smokinq, qadınlar isə axşam geyimindədir. Çox gözəl alınan toy ola bilər, hələ şəkil və videonu demirəm. Yetər ki, bunu etməkdən utanıb, çəkinməyələr. Axı belə hadisələr həyatda bir dəfə baş verir… bəzən isə, bir neçə dəfə.

Smokinq klassika olaraq hər zaman aktual qalır. Onu bir dəfə alaraq uzun illər geyinmək olar. Ayda-ildə bir neçə dəfə istifadə olunduğunu nəzərə alsaq, belə dəstin ömrü ən azı 10-15 ildir. Odur ki, xəsislik etmək lazım deyil. 

Smokinq Mario Russo (made-to measure), köynək Ventum (bespoke)

Pencək

Zamanımızda hər şey dəyişdiyi kimi, Smokinq tərzi də müasirləşib. Artıq şal deyil, geniş və iti uclu yaxalıqlar dəbdədir. Bu yaxalığın üstünlüyü, çiyinləri vizual olaraq daha enli göstərməsidir. Yaxa, pencəyin materialından fərqli olaraq ipək yaxud atlasla örtülür. Eyni parça pencəyin ciblərinin kənarına kant kimi və düymələrin üzərinə əlavə olunur. İpək daha dəbdəbəli görünür.

Smokinq pencəyı həm Tək Sinəli (Single Breasted), həm də Cüt Sinəli (Double Breasted) ola bilər. Tək sinəli pencək bir düymə ilə bağlanır. Oturarkən pencəyin yaxasını açmaq, ayaq üstə olarkən bağlı saxlamaq gərəkdir. Cüt sinəli pencəyin yaxasını oturarkən açılmağa ehtiyac yoxdur. Bu qaydalar bütün pencəklər üçün keçərlidir.

Pencəyin materialının təbii parçadan, yun və tiftiyin (mohair, мохер) qarışığından olması məsləhətdir ki, işıqda parıldasın. Klassik smokinq qara olur, amma tünd göy rəng də seçmək olar. Məhz Ceyms Bondun smokinqi tünd göy rəngdir. Özünüzü Bond kimi hiss etmək istəyirsinizsə, onda bu rəngi seçin. Son “Agent 007” filmlərində Dəniyel Kreyq Tom Ford smokinqini geyinir.

Tom Ford. Kostyum, Köynək, Qalstuk, Ayyaqabı - 8.500 manat

Şalvar

Şalvar pencəyin parçasından hazırlanır. Onun özəlliyi yaxalığın materialından tikilən lampasdır. Şalvarın yan ciblərini lampasa uyğunladıraraq görünməz etmək daha yaxşıdır. Arxa ciblərin kənarları da lapmasın parçası ilə işlənir.

Əgər Smokinq sifarişlə tikilibsə, deməli onun bel hissəsi sahibinə uyğunlaşdırılıb. Bu halda kəmərə və onun üçün ilgəklərə ehtiyac qalmır. Bu isə, kostyumun fərdi sifarişlə tikildiyinin əlamətidir. Şalvarı sifariş edərkən, belin yan tərəflərinə tənzimləyicilərin əlavə olunması şərtdir. Bu da şalvarın belinin tənzimləməsini rahat edir.

Əlavə olaraq, şalvarı Çiyinbağı (подтяжка, suspenders) ilə təhciz etmək olar ki, onun aşağı düşməsinin qarşısı alınsın. Smokinqlər üçün xüsusi çiyinbağıları internet üzərindən sifariş etmək olar. Onlar şalvara düymələr vasitəsi ilə bərkidilir. Ona görə də, çiyinbağını kostyumu sifariş etməzdən öncə almaq lazımdır ki, dərzi onu şalvara uyğunlaşdıra bilsin.

Smokinq, Mario Russo. Fərdi sifarişlə tikilən şalvarda kəmərə və ilgəklərə ehtiyac yoxdur

Köynək

Smokinq üçün Köynək də xüsusi olmalıdır. Əlbəttə ki, sadə ağ köynək geyinmək olar, lakin smokinq üçün özəl köynəyin olması məsləhətdir. 

Çox zaman kişilər kəpənək yaxalı və plisse edilmiş köynək geyinir. Bu daha çox frak üçündür. Smokinq üçün, müasir dəbə görə, düymələri görünməyən, Klassik yaxud "Kent" yaxalı köynəklərə üstünlük verilir. Köynəyin qollarında Fransız manjetinin olması şərtdir. Onlar Qol düymələri (запонки, cufflinks) ilə bağlanır, çünki fransız manjeti və qol düymələri tərzə dəblilik və təmtəraq gətirir. Pencəyin qolu köynəyin manjetindən 1.5-2 sm qısa olmalıdır. Köynəyin qolu baş barmağın əsasında bitməlidir.

Köynəyi də, həmçinin atelyelərdə sifariş etmək olar. Qiymət ortalama 150-250 manat arasında dəyişir. Mənim üçün köynək Sartoria Ventum Baku atelyesində fərdi sifariş (Bespoke) ilə hazırlanıb.

Image alt Image alt Image alt Image alt

Ayaqqabı

Smokinq ilə qara rəngli, laklanmış oksford Ayaqqabı geyinmək qəbul olunub. Əgər qənaət etmək istəyirsinizsə, digər kostyumlarla istifadəsi mümkün ola biləcək hamar yaxud xrom emallı dəridən hazırlanmış qara oksfordu seçmək olar. 

Yerli mağazalarda ayaqqabı seçimi böyükdür və 120 manatdan başlayan qiymətlərlə təklif olunur. Əgər böyük endirimlə və brend ayaqqabı almaq niyyətindəsinizsə, Amazon yaxud Amerikadakı onlayn mağazalara baş vurun. Çox geniş çeşid, qiymət və ölçüdə seçim var. Hətta, yarım ölçülü ayaqlar üçün amerikan vebsaytında ayaqqabılar tapa bilərsiniz. Ayaqqabını həmçinin fərdi sifariş etmək olar. Qiyməti 150-300 manat ola bilər.

Smokinqlə geyinilən Corab kostyumun rənginə uyğun seçilməlidir. Onlar ipək, kəşmir, pambıq yaxud modal materialdan ola bilər. Modal süni material olsa da, təbiilərdən daha dözümlü və hiqroskopikdir.

Smokinqə uyğun laklanmış oksford ayaqqabı, Greggo Flat

Aksessuarlar

Kəpənək qalstuk (Bow Tie) Smokinqin ən başlıca aksessuarıdır. Qalstukun Smokinqin yaxasının parçasından olması məsləhətdir, amma şərt deyil. 

Mağazalarda hazır bağlanmış, ilgəkli (pre-tied Bow Tie) “baboçkalar” satılır. Amma, bağlamaq üçün (self-tie Bow Tie) qalstuk daha məsləhətdir, çünki mərasimin sonunda onu açaraq, boynunuzdan asılı şəkildə saxlaya bilərsiniz. Bu həm “cool” görsənir, həm də sahibinin dəbli olduğuna işarə edir. Belə qalstuk Bakıda çətin tapılan aksessuar olduğu üçün, onu onlayn mağazalardan sifariş etmək olar. Bakıda, əl işi olan qalstukları Ellties Baku Instagram səhifəsindən sifariş edə bilərsiniz. İpək qalstuk üçün qiymətlər onlayn mağazalarda 30 manatdan başlayır. Məhşur modelyerlərin kəpənəklərinin qiyməti 300 ABŞ dollarına qədər yüksələ bilər.

Müşahidəmə görə, kişilərin çox hissəsi sadə qalstuk bağlaya bilmir, o ki qaldı “baboçka”nı. Amma qalstuk bağlamağı öyrənmək o qədər də çətin deyil. Mən YouTube-da videoya baxaraq və bir neçə saat məşq edərək öyrənmişəm. Yetər ki, bağlama məntiqini və addımlarını anlayasan. Bu videoda fəşn-bloger bağlama fəndini çox gözəl və aydın şəkildə nümayiş etdirir.

Digər vacib aksessuar pencəyin doş cibinə yerləşdrilən ağ ipək Yaylıqdır. Onu səliqəli şəkildə bükərək, yaxud ortadan toplayaraq cibə yerləşdirin. Əlçatan qiymət, həmçinin geniş yaylıq və kəpənək qalstuk seçimləri üçün Ties.com-a baxa bilərsiniz. Yaylığın qatlama qaydalarını bu videoda izləyərək öyrənə bilərsiniz.

Klassik Black Tie tərzində Qurşaq olsa da, artıq o, dəbdə deyil. Yalnız pencək şal yaxalı olduqda geyinmək məsləhətdir. Yuxarıda göstərilən iti uclu yaxalığı olan pencək ilə Jilet geyinilə bilər. 

Image alt Image alt Image alt Image alt Image alt

Haradan almalı

Ən yaxşı variant sifariş etməkdir. Bu halda, kostyum sizin bədəninizə və tərzinizə uyğun tikiləcək. Belə halda, o bədən quruluşunun çatışımamazlığını gizlədir və daha mükəmməl xarici görünüş verir. 

Mənim üçün Smokinqi Mario Russo atelyesi "made-to-measure" tikib. Bakıda artıq bir çox atelyelər mövcuddur. Əgər yaxşı dərziniz varsa, ona da sifariş edə bilərsiniz, yetər ki, təcrübəsi olsun. 

Smokinqi yerli atelyelərdə və dərzilərdə sifariş etdikdə, qiymətlər 500-2.000 manat arasında olacaq. Qiymət parçanın keyfiyyətindən, dəstin özəlliyindən, atelyenin markasından asılıdır.

Digər bir variant - hazır şəkildə butik və mağazalardan almaqdır. Əlbəttə ki, məhşur və tanınmış markaların Smokinq dəsti həm keyfiyyətli parçadan hazırlanır, həm də bahalıdır.

Hugo Boss. Kostyum, Köynək, Qalstuk, Ayyaqabı - 2.500 manat

Smokinq və aksessuarları ucuz qiymətə mövsüm endirimləri zamanı da almaq olar. Bu kostyumlar fabirkdə hazırlandığı üçün, çox sayda bədən quruluşuna uyğun tikilir. Ona görə də, dərziyə müraciət edərək, onu uyğunlaşdırmağa ehtiyac duyulur. 

Armani. Kostyum, Köynək, Qalstuk, Ayyaqabı - 6.000 manat

Ucuz qiymətə Smokinq dəstini Zara mağazalarında ayrı-ayrı satılan şalvar (₼149), bleyzer (₼239), köynək (₼89), ayaqqabı (₼119) və qalstukdan (₼39) toplaya bilərsiniz. Toplam qiymət ₼635 olacaq. Daha kefiyyətli dəst Massimo Dutti mağazasında ₼1.374 başa gələcək. Bu markalar eyni qrupun üzvü olsalar da, fərq parçalarındadır. Zara daha çox süni materiallara üstünlük verir, Massimo Dutti isə təbii parçalardan istifadə edir. Bu təbii materiallar əlbəttə ki, premium deyil və daha əlçatan qiymətədirlər. 

Zara. Pençək, Şalvar, Jilet, Köynək, Qalstuk - 600 manat

Türk markalarının mağazalarda təxmini qiymət tam smokinq dəstini ₼600-700, köynəyi - ₼120-150, lak ayyaqabını - ₼150-250, bağlı bant-qalstuku - ₼50-70, bağlamaq üçün qalstuku isə ₼150 əldə etmək olar. Ortalama qiymət ₼1.500 ətrafında olacaqdır.

Smokinq ziyafət geyimi olduğu üçün ondan az istifadə etsəniz də, onun dolabınızda olması məsləhətdir. Eyni zamanda, smokinqi toy mərasimlərində populyarladırmaq yerinə düşərdi.

Tədbir, mərasim və lifestyle gecələrinin dress-koduna riayyət etmək şərtdir. Bu həm özünüzə, həm də təşkilatçıya hörmətin əlamətidir.