Volvo şirkətinə məxsus olan Polestar subbrendi Cenevrə avtosalonunda Precept adlı konsept avtomobilini nümayiş etdirəcəyini bildirib. Konsept haqqında yeganə məlum olan onun adıdır. Polestar şirkətinin mətbuat xidməti tərəfindən dərc edilmiş tizer, bizə müəyyən mülahizələri yürütməyə imkan verir.

İlk növbədə qeyd etmək lazımdır ki, konsept tamamilə LED texnologiyasından hazırlanmış işıq texnikasına sahib olacaqdır.Qeyd etmək gərəkdir ki, konseptin ön fənərlərinin dizaynı markanın firma dizayn ülubundadır. Arxa fənərlər isə işıqlanan zolaqla “birləşdiriliblər”. Tizerdəki avtomobil yuxarıdan çəkildiyi üçün onun kuzov tipini müəyyənləşdirmək mümkün deyil. Çox güman ki, Compact Modular Architecture (CMA) platformasında inşa edilmiş konsept krossover olacaqdır. Polestar markasının model xəttində krossoverin olmaması bu ehtimalı yüksək edir.

Mühərriklər barədə rəsmi məlumat yoxdur, ancaq “Autocar” nəşri Precept konseptinin 78 kilovat-saatlıq  batareyadan qidalanan və ümumi gücü təxminən 400 at qüvvəsi olan iki elektrik mühərrikindən ibarət olan güc qurğusunu alacağını güman edir. Bir il bundan öncə, bənzər güc aqreqatı Cenevrədə debüt edən Polestar 2 elektrokarında quraşdırılmışdı.

Polestar 2 modeli dolu batareya ilə 480 kilometr məsafə qət edir, onun əsas rəqibi isə Tesla Model 3 elektrokarıdır. Elektrokar 100 km/saat həddinə beş saniyədən az müddətə sürətlənir.