Etiraf edim ki, ekvatorun uzunluğunu unutmuşdum. Sən demə, 40 min km-dən azacıq çox imiş. Deyirəm, bəlkə yer kürəsi ətrafında avtomobil ilə bir dövrə vuraq? Çoxdankı arzumdur. Ən azı üç ildir bu layihə barədə düşünürəm: görəsən hansı avtomobil olmalıdır? Marşrut haradan keçsin? Yolda texniki xidmət necə olacaq?..

Etiraf edim ki, gecikdim. Ötən həftə Şakir İmanov planetin başına 25 dövrə vurdu, özü də Kia avtomobilində. Doğrudur o, 1.000.000 km yürüşü ekvator boyunca yox, Bakı-Şirvan-Bakı marşrutunda taksi xidməti göstərərək, topladı. Bax buna deyərəm sensasiya!

İkinci sensasiya dərhal bu xəbərin ardınca gəldi. «Kia Motors Azerbaijan» rekordçu avtomobili müştərisindən geri alıb, əvəzində yep-yeni Kia Rio bəxş etməyi qərara aldı. «Wow»! Bizim dildə desək, «əhsən»! 

Etiraf edim ki, ilk arzum «əhsən» demək oldu. Əhsən o avtomobil sahibinə ki, 8 il əvvəl aldığı avtomobili hər 15 gündən bir xidmət üçün texniki servisə gətirir, özü də yalnız rəsmi servisə. O, hər gün ən azı 500 km yürüş edir və hər 7500 km-dən sonra motor yağını, filtrləri dəyişdirir, hərəkət hissəsini müayinə etdirir, bütün sistemləri diaqnostikadan keçirir. Bir sözlə ailəvi nəqliyyat və çörək ağaçı kimi, maşına yaxşı baxır… 

Etiraf edim ki, etibarlı və dözümlü avtomobilinə, həm də sadiq müştərisinə dəyər verib, ən başlıcası isə belə fürsəti qaçırmayaraq, yerli marketinq dahilərinin ağlına gəlməyən uğurlu PR-aksiyasını gerçəkləşdirdiyinə görə kompaniyaya da əhsən demək istəyirəm. Doğrudur, dünya praktikasında ötən əsrin sonlarında belə hadisələr baş verib və premium seqmentə aid avtomobil istehsalçıları reklam fəndi olaraq, «əski» maşını yenisi ilə əvəzləyiblər. Olub. Çoxdan olub. Azərbaycanda isə ilk dəfə baş verdi! Bu artıq tarixdir…      

Etiraf edim ki, Kia nümayəndəliyinin bu məsələni KİV-lərdə işıqlandırılmasını Autograph komandasına həvalə etmək arzusuna sevindim. Əvvəla bilirdim ki, media aləmində fırtına qoparmaq üçün potensialımız yetərincədir. İkincisi, bu sayaq, parlaq aksiyalar üçün darıxmışdım. Bir anlıq təsəvvür etdim ki, radio, TV, sosial şəbəkələr, ümumiyyətlə bütün resurslarımızda bu layihəni dəstəkləyən vətəndaşlarımızın sayı hesabsız olacaq. Uşaqlıqda nənəm  deyərdi ki, bizim millətdən səxavətlisi dünya-aləmdə yoxdur…

Etiraf edim ki, ən azı 100-cü dəfə nənəmin (Allah rəhmət eləsin) sözlərinə inanmadım. Deyin, hər kimsəyə təzə avtomobil bağışalanması barədə xəbəri necə qarşılayardınız? Sosial şəbəkələrdə yazılmış kütləvi çıxışlardan sitatlar gətirmək istərdim: «ola bilməz ki, maşın bu qədər sürülsün», «yalan deyirlər, odometri irəli (!) fırlayıblar», «necə olur ki, mən 200 min km sürmüşəm, motor yağ yeyir?», «bu maşın Azərbaycanda sürülməyib», «bundan sonra mən də bir milyon sürsəm, təzə maşın verəcəklərmi?» və s. və i.a…

Etiraf edim ki, mənə ən «ləzzət» edən «Kia ucuz qiymətə bahalı reklam qazandı» statusu oldu. Şəxsən mən bu «postun» müəllifinə söyləmək istərdim: «Bəli, kompaniya son dərəcə uğurlu marketinq gedişi etdi, bəs sənin qarnın nədən belə ağrıyır?»

Etiraf edim ki, belə paxıllıqdan uzaqlara getmək istədim. Özü də Şirvana yox. Yerin təbii peykinə qədər olan məsafə cəmi 384 400 km-dir. Belə çıxır ki, rekorda imza atmış Kia Rio ən azından oralara gedib, qayıdıb, və bir də bu kosmik yolun sonundadır… Vallah istədim ki, rahatca əyləşim belə taksiyə və deyim: Qaqa, sür Aya. Geri qayıtmaq istəmirəm…  

Image alt Image alt Image alt Image alt Image alt