Konseptual C_Two hiperkarının təqdimatından üç il keçdikdən sonra, Xorvatiyanın Rimac şirkəti konseptin seriya variantını təqdim edib. Elektrik hiperkarı təkmilləşdirilmiş aerodinamikaya və dördmühərrikli elektrik güc qurğusuna sahib olub və Aralıq dənizində əsən küləyin şərəfinə Nevera adlandırılıb.
Arada olan üç il ərzində Rimac mühəndisləri hiperkarın konstruksiyasını xeyli yaxşılaşdırıblar. Kupe, ilk baxışdan diqqəti çəkməyən, lakin konseptlə müqayisədə onun aerodinamik səmərəliliyini 34% artırmış dəyişikliklərə məruz qalıb. Aşağı sürətlərdə əyləc və transmissiyanın soyudulması 30%, yüksək sürətlərdə isə 7% yaxşılaşdırılıb. Çəkinin oxlar arasında bölünməsi ideala yaxındır - 48:52.
Bundan başqa, Nevera hiperkarı iki rejimi ("Aşağı müqavimət" və "Yüksək yerəbasma gücü") olan aktiv aerodinamik elementlər ilə təchiz edilir. Birinci halda, müqavimət əmsalı 0,3-ə endirilir, ikincidə isə yerəbasma gücü 300 faizdən çox artır.
Rimac Nevera modeli 1914 at qüvvəsi və 2360 Nm fırlanma anı hasil edən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Bu güc 2.150 kiloqramlıq iki nəfərlik hiperkarı 100 km/saat həddinə 1,97 saniyəyə, 300 km/saata isə 9.3 saniyəyə sürətləndirmək üçün kifayətdir.Hiperkara 402 metrlik dreq məsafəsini qət etməyə 8,3 saniyə gərəkdir. Hiperkarın maksimal sürəti 412 km/saatdır.
Mühərriklər 120 kilovat-saatlıq tutumu olan iri batareyadan qidalanırlar. İstehsalçının bildirdiyinə görə, dolu batareya ilə Rimac Nevera hiperkarı WLTP dövrünə əsasən 550 kilometrə qədər məsafə qət edə bilər. Batareyanın 0-dan 80 faizə qədər doldurulmasına 22 dəqiqə gərəkdir: kupe 500 kilovat gücündə yüksək sürətli yükləməni dəstəkləyir.
Rimac Nevera kupesinin təchizatına 390 millimetrlik altı porşenli supportları olan karbon-saxsı əyləclər və hiperkarın maksimum dərəcədə istifadə etdiyi rekuperativ əyləc sistemi daxildir: batareyanın temperaturu ən son həddə çatdıqda, kinetik enerji friksion əyləclər vasitəsilə səpələnir. Sonuncunun isinməsi halında sistem avtomatik olaraq işə düşür.
Rimac Nevera hiperkarının tirajı 150 nüsxə ilə məhdudlaşdırılıb. Hiperkarın qiyməti iki milyon avrodur. Bütün avtomobillər şəxsən şirkətin icraçı direktoru Mate Rimatz tərəfindən imzalanacaqdır. Eyni zamanda, Rimatz iki eyni avtomobilin olmayacağını da vəd edib: müştərilərə seçim üçün üç hazır variant və geniş fərdiləşdirmə imkanları təklif ediləcəkdir.